Gəncə hadisələri bir il sonra: ortaya çıxanlar nə oldu?

Elmar Vəliyev Fotonun müəllifi APA
Image caption Ötən il iyulun 3-də Gəncənin icra hakimiyyəti başçısı Elmar Vəliyev silahlı hücum nəticəsində ağır yaralanmışdl

Bir il öncə, iyulun 3-də maraq dolu gözlər Gəncəyə dikilmişdi.

Şəhərin icra hakimiyyəti başçısı Elmar Vəliyevin güllələnməsi haqda təsdiqlənməyən xəbər bir göz qırpında yayılmışdı. Rəsmilər isə açıqlama verməyə tələsmirdilər.

Hadisənin şəxsi zəmində, "sosial ədalətsizliyə", icra başçısının idarəçiliyinə qarşı olduğunu iddia edənlər az deyildi. Bir həftə sonra isə şəhəri iğtişaş bürüdü. Yüksək rütbəli iqtidar nümayəndələri hadisələri "terror" təşkilatlanmasının bir hissəsi olduğunu bəyan etdilər...

Bir ailənin hekayəti - "Şou göstərməkdən ötrü bizim bədbəxt ailələri seçdilər"

"Dünyaya şou göstərməkdən ötrü bizim bədbəxt ailələri seçdilər. Aktyorları seçdilər, rejissoru da özləri oldular. Mənim ailəmi bu dövlət məhv etdi. Balalarımı yetim, məni ərsiz qoydu", - ötən il baş vermiş Gəncə hadisələrinə görə həbs edilən, hadisələrin ildönümündə vəfat edən Aydın Qurbanovun həyat yoldaşı Məhbubə Məmmədova BBC News Azərbaycancaya deyir. O, həyat yoldaşının günahsız olduğunu iddia edir, onu "təsadüfi seçilmiş qurban" sayır.

Aydın Qurbanov ötən il iyulun 10-da Gəncədə iki polis zabitinin öldürülməsi, birinin yaralanması ilə nəticələnmiş iğtişaşdan sonra saxlananlardan biridir.

"52 yaşında ev sahibi, ağlı başında, siqareti, narkotiki, içkisi yox, dindar da deyil, normal həyat yaşayan, 2 uşaq oxudan bir insan... Hansı "terror"dan danışır bu dövlət? Bir insan kiməsə güllə atıbsa, onun cəzasını versin qanunla... Mənim yoldaşım günahsızdır, o, kiminsə güdazına getdi, təsadüfən seçildi, bilmirəm. İki aydan çoxdur kirayələrdəyəm, evim getdi, 4-cü kursda oxuyan uşağım təhsilindən qaldı", - Məhbubə Məmmədova göz yaşını saxlaya bilmir.

Həmin günün axşamı prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ilk dəfə BBC News Azərbaycancaya "narahatlığa əsas yoxdur. Elmar Vəliyevin vəziyyəti yaxşıdır. Mühafizəçisi xəsarət alıb. Söhbət adi kriminal hadisədən gedir" deyə qısa açıqlama vermişdi.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin sabahısı günü yaydığı birgə bəyanatında hadisəyə görə Yunis Səfərov adlı şəxsin saxlanıldığı, ondan 3 ədəd giliz götürüldüyü, "iki və daha artıq şəxsi öldürməyə cəhd" və "qanunsuz olaraq odlu silah gəzdirmə" maddəsi ilə cinayət işi başlanıldığı deyilirdi.

Fotonun müəllifi GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİ
Image caption Prezident köməkçisi Əli Həsənov Gəncənin icra hakimiyyəti başçısı Elmar Vəliyevin vurulması ilə bağlı BBC-yə yanlış məlumat verdiyini etiraf etmişdi

Ancaq cəmi bir neçə gün sonra, yəni iyulun 10-da Gəncədə baş verənlərdən sonra hüquq-mühafizə orqanları iyulun 3-də olanları terror hadisəsi kimi təqdim etdi. Rusiya vətəndaş olduğu və Azərbaycan tərəfindən sanksiyalaşdırılmayan döyüş əməliyyatlarında iştirak etdiyi deyilən Yunis Səfərovun məqsədinin Azərbaycanda şəriət qanunları ilə idarə edilən İslam dövləti qurmaq olduğunu bildirdilər.

İyulun 11-də Əli Həsənov icra başçısına qarşı törədilən hadisənin "kriminal hadisə, silahlı basqın" yox, "terror hadisəsi" olduğunu dedi. Onun sözlərinə görə, iyulun 3-də sözügedən hadisələrlə bağlı BBC News Azərbaycancanın suallarını cavablandırarkən ilkin məlumatlardan çıxış edib. Prezidentin köməkçisi açıqlama verməsini dövlətin hadisəni nəzarətə götürdüyü haqqında cəmiyyəti məlumatlandırmaq istədiyi ilə əlaqələndirib.

"İşgəncə şəkilləri", naməlum mesajlar

Məsələ bundadır ki, Elmar Vəliyevin güllələnməsi ictimaiyyətdə birmənalı qarşılanmamış, hadisədən az sonra Yunis Səfərovun üzərində xəsarət izləri olan şəkilləri sosial mediada yayılmış və bu, ictimaiyyətdə qəzəb doğurmuşdu.

Sonradan hüquq-mühafizə orqanları bəyanat yayaraq Yunis Səfərovun bu xəsarətləri "işgəncə nəticəsində almadığını", saxlanarkən baş verdiyini bildirdi.

Elə bu ərəfədə - iyulun 10-da Yunus Səfərovu "meydanda tək qoymamaq" üçün mitinqə çağırışlarla bağlı sosial mediada mesajlar yayılmağa başladı.

Baxmayaraq ki, Azərbaycanda fəaliyyət göstərən bütün siyasi qüvvələr, o cümlədən, Gəncənin tanınmış ictimai fəalları bu mesajların təxribat oduğunu bəyan edərək Gəncə camaatını ayıq-sayıq olmağa çağırmışdı, iyulun 10-da şəhər meydanında onlarla adam toplaşmış və qəfildən bir nəfər polis zabitlərinə sarı yüyürərək ikisini öldürməyə, birini isə yaralamağa macal tapmışdı.

Bu hadisədən sonra hüquq-mühafizə orqanları 77 nəfərə cinayət işinin açıldığını, 11 nəfərin axtarışa verildiyini, 5 nəfərin öldürüldüyünü açıqlayıb. Rəsmi məlumata görə, bəzi şəxslər, o cümlədən polis əməkdaşlarını öldürən Rəşad Böyükkişiyev silahlı müqavimət göstərərkən öldürülüblər. Ancaq öldürülənlərin yaxınları onlarda silah olmadığını iddia edirlər.

Baş Prokurorluq Gəncə işi ilə bağlı ümumilikdə altı qrupun - 51 nəfərin işinin məhkəməyə göndərildiyini bildririr. Onlar zorakılıqların, talanların törədilməsində, odlu silahdan, partlayıcı maddələrdən istifadədə, hakimiyyət nümayəndəsinə silahlı müqavimət ilə müşayiət olunan kütləvi iğtişaşlarda suçlanır.

Mühakimə edilənlər 5 ildən 9 ilə qədər həbs cəzası alıblar. Onların çoxu özünü günahsız sayır. Eyni zamanda məhkəmədə istintaq zamanı alçaldıcı işgəncələrə məruz qaldıqlarını bildirirlər.

Məhkumların işgəncə iddiaları

Məsələn, Bəkrəm Əliyev məhkəmədə işgəncə haqda danışarkən deyib: "Çeçelə barmağıma nəsə bağlayıb, tok verdilər. Qışqırmaqdan səsim batmışdı. Barmaqlarımın ikisinin əti parçalanmışdı. Orada biri vardı, saçımı yolub qabağıma tökürdü".

Vüqar Xudiyevin söylədikləri: "Əl-ayaqlarımı bağladılar, sonra özümü də stula bağladılar. Məni stul qarışıq divara, yerə, hara gəldi, çırpırdılar..."

"Bir az keçmişdi ki, əl-ayağımı bağlayıb, məni yerə yıxdılar, başladılar o stul ayaqları ilə döyməyə. Prokurorluğun bir əməkdaşı vardı orada, Nihad, ayaqqabısını ağzıma soxurdu. Ayaqqabının dabanıyla qulağıma o qədər vurdu ki, qulağım parça-parça oldu. Bir il keçib, ancaq hələ də o zədənin izləri qalıb", - bu da Vaqif Əşrəfovun məhkəmə ifadəsindəndir.

Daxili İşlər Nazirliyi saxlanan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edib, onların məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə həqiqətə uyğun olmayan iddialarla çıxış etdiklərini bildirib.

"Gəncə işi"ni yaxından izləyən hüquq müdafiəçisi Oqtay Gülalıyev BBC News Azərbaycancaya deyir ki, sözügedən hadisələrlə bağlı ən çox yadda qalan kütləvi həbslərin aparılması, onun hesablamalarına görə 10 nəfərin qətlə yetirilməsi, saxlananların ağır işgəncələrə məruz qalması və ifrat maddələrlə ittiham olunmalarıdır. O, ötən ilin iyulunda kütləvi həbslər aparıldığını, mitinqi sadəcə kənardan izləyənlərin, eləcə də həmin gün Gəncədə, hətta Azərbaycanda olmayanların belə həbs edildiklərini vurğulayır.

"Hətta elə şəxslər həbs edilib və ya qətlə yetirilib ki, Gəncə hadisələri vaxtı Azərbaycandan qıraqda olublar. Məsələn, Sərxani Ağa. Onun nəşi bir ildir ailəsinə təhvil verilmir. Və ya Müşfiq Qurbanov Gəncə hadisələrindən 1 il 5 ay qabaq ölkəni tərk edib Moskvada yaşayırmış. Azərbaycan onu beynəlxalq axtarışa verib və hazırda Rusiyada həbsxanadadır, istintaqı getmir, Azərbayacana ekstradisiyasını gözləyir".

Fotonun müəllifi GANJA.AZ

Yunis Səfərovun keçmiş vəkili: "...istədikləri ifadəni ala bilmirdilər deyə..."

Gəncə hadisələri ilə bağlı artıq dörd qrupun məhkəməsi bitsə də, bu işdə "həlledici fiqur" kimi təqdim olunan Yunis Səfərovun məhkəməsi hələlik başlamayıb. Hüquq müdafiəçiləri Yunis Səfərovla bağlı ictimaiyyətlə məhdud məlumatlar verildiyini söyləyirlər.

Onun ailəsi ilk gündən işgəncə faktları haqqında danışıb, hətta anası oğlunun öldürüldüyünü iddia edərək, bu xəbərin gizli saxlanılması ilə bağlı narahatlığını KİV-lərlə bölüşüb. İndi ailə ilə əlaqə saxlamaq mümkün deyil.

Yunis Səfərovun hüquqlarını vəkil Elçin Sadıqov müdafiə etməli olsa da, az sonra - ötən ilin sentyabrında həmin işdən uzaqlaşdırıldığını bildirir. "Mənim iştirakımla təzyiq edib istədikləri ifadəni ala bilmirdilər deyə uzaqlaşdırdılar", vəkil BBC News Azərbaycancaya deyir.

O, hələlik istintaq bitmədiyindən bildiklərini bölüşə bilmir: "İstintaq sirri" bəhanəsiylə təzyiq edə bilərlər. Məhkəmələrdə təqsirləndirilən şəxslərin işgəncələrə məruz qalmaları barədə eşidirik. Yunis Səfərov da mənim iştirakımla sentyabrın 1-də işgəncəyə məruz qalmasıyla bağlı ifadə vermişdi". Vəkil bundan artıq heç nə söyləmir.

Yunis Səfərovun rəsmi ittihama münasibəti hələ də ictimaiyyətə bəlli deyil.

Hüquq müdafiəçiləri isə tək Yunis Səfərovun yox, Gəncə hadisələrinə görə həbs edilənlərin az qala hamısının müdafiəsiz qaldıqlarını deyirlər. Bu səbəbdən də məlumat almağın çətinliyini qeyd edirlər. Hüquq müdafiəçisi Rövşən Hacıbəylinin sözlərinə görə, müdafiəyə çıxan vəkillərin hamısı dövlət hesabına ayrılıb. O, həmin şəxslərin qəsdən müdafiəsiz buraxıldıqlarını iddia edir.

"Elçin Sadıqovun prosesə qoşulmasına imkan vermədilər. Müstəqil vəkillərin işə çıxmasında maraqlı deyillər. Onlar məhkəmə prosesində saysız vəsatətlər qaldıracaqdılar, ikincisi, mətbuata açıqlamalar verərək baş verənlərin üzə çıxmasında yardımçı olacaqdılar. Müstəqil vəkillər elə əvvəldən bu işin Avropa İnsan Haqları Məhkəməsinə çıxarılmasına çalışacaqdılar. Ona görə təyinatlı vəkilləri seçdilər ki, məlumat sızmasın. Dövlət təyinatlı vəkillər güclü vəkil deyillər. Bununla belə hətta onlar da prosesdə vəsatət qaldırdılar ki, məhkəmə araşdırma aparmayıb", Rövşən Hacıbəyli bildirir.

Hakim partiyanın üzvü, deputat Aydın Mirzəzadə təqsirləndirilən şəxslərin vəkil seçimi edə bilməməsi haqda iddialardan xəbərsiz olduğunu deyir və hesab edir ki, bununla bağlı məhkəməyə müraciət olunmalıdır.

Məhkəmə niyə Gəncədə yox, Bakıda keçirilir?

Beləliklə, günahsız olduqlarını, müdafiəsiz qaldıqlarını, işgəncə və basqılarla üzləşdiklərini iddia edən təqsirləndirilənlərdən əksəriyyətinin məhkəməsi başa çatsa da, hələ də "Gəncə işi" ilə bağlı müəmmalar, açıq suallar qalmaqdadır. O suallardan biri belədir: Niyə Gəncə hadisələri ilə bağlı məhkəmə prosesi Gəncədə yox, məhz Bakıda keçirilir?

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri məhkəmə prosesinə paytaxtın Sabunçu rayonunda çıxırlar.

Bunun rəsmi izahı verilməsə də, adının çəkilməsini istəməyən məhkəmə müxbirlərindən biri bu addımı hakimiyyətin təkrar iğtişaşlardan çəkinməsi ilə bağlayır: "Onlar həbs edilənlərin qohumlarının, yaxınlarının məhkəmə qarşısında toplanmasından, etirazlar səsləndirməsindən narahatdır. Gəncədən Bakıya ailədən bir, uzağı iki nəfər gələ bilər, Gəncənin özündə isə daha çox adamın toplanması mümkün olardı".

İşlə bağlı başqa suallar da var:

"Mitinqi kim təşkil etmişdi? Polis niyə silahsız idi?"

"Yunis Səfərov icra başçısını gülləylə vurandan sonra kimliyi bəlli olmayan qüvvələr iyulun 10-da Gəncə şəhər icra hakimiyyəti binası qarşısına mitinq təyin etdilər. Mitinqə çağırış həm sosial mediada, həm də müxtəlif vatsap qruplarda edilirdi. İndiyə qədər bu çağırışların arxasında kimin durduğu, mitinqi kimin təşkil etdiyi bilinmir və bu müəmmanı daha çox artırır", - hüquq müdafiəçisi Oqtay Gülalıyev deyir. "Belə məlum olur ki, bu qüvvələr ya olmayıb, ya da hakimiyyətin içərisində, hakimiyyətə yaxın dairələrdən idarə olunub".

O, daha bir ziddiyyətli məqama diqqət çəkir. Hüquq müdafiəçisi iyulun 10-da polislərdən silahların yığıldığını söyləyir : "Polislər Gəncə şəhər polis idarəsinə yığılıb, iğtşaş gözlənilmısi ilə bağlı təlimatlandırılıblar. Bunu məhkəmədə Gəncənin yüksək vəzifəli şəxsləri ifadələrində bidliriblər. Polislər təlimatlandırılsalar belə hadisə günü onlardan bütün silahlar yığılıb.

Belə bir situasiyada müxtəlif qruplar, şəxslər meydana buraxılıb. Qətlə yetirilən iki polis əməkdaşı Səməd Abbasovla İlqar Balakişiyev müdafiəsız qalıblar. Hadisənin əsas iştirakçısı olan və qətli törədən Rəşad Böyükkişiyev çox asanlıqla meydana girib, iki şəxsi öldürüb, üçüncü şəxsi yaralayıb və əlində xəncər çox asanlıqla hadisə yerindən uzaqlaşıb".

Hüquq müdafiəçisi iyulun 4-də "Gəncə işi" ilə bağlı hamının maraqla gözlədiyi - "ən möhtəbər sübutun" - hadisələrin video görüntülərinin məhkəmədə açıqlandığını bildirir.

"O görüntülər ki, hadisənin əsas iştirakçısı və törədicisi Rəşad Böyükişiyev əlində xəncərlə polislərə hücum edir. Bir daha görüntülərdən aydın oldu ki, Böyükişiyev polislərə tək başına hücum edib. Ona heç kim yaxından, uzaqdan kömək etməyib. Meydanda ondan savayı heç kimin əlində silah olmayıb. Təqsirləndirilən şəxslərdən heç kim polisə hücum etmir, daş atmır və heç kim polis hücum etdikdə polisə müqavimət göstərib Rəşadı mühafizə etmir".

Oqtay Gülalıyev həmin gün orda 100-150 nəfər polis olduğunu bildirir. "Sual olunur, bu qədər polisin arasından bir nəfər iki polisi qətlə yetirib və oranı tərk edə bilər?" Və ya necə olur ki, Rəşad Balakişiyev də daxil 8 şəxsin sağ ələ keçirilməsi üçün tədbir görülməyib, onlar əməliyyat zamanı qətlə yetiriliblər? Bu da qaranlıq məqamların olduğunu göstərir. Başqa bir ziddiyyətli məqam hadisə zamanı meydanda çarşablı qadınların olmasıdır. Məhz onların polislərə qab-qacaq atmasıyla qarşıdurma yaranması qeyd edilir. Bu günədək həmin çarşablı qadınların kimliyi müəyyənləşdirilməyib", - Oqtay Gülalıyev deyir.

Rövşən Hacıbəyli: "Təqsirləndirilən şəxslər tutulana qədər bir-birlərini tanımayıblar"

Hüquq müdafiəçisi Rövşən Hacıbəyli Gəncə hadisələri ilə bağlı məhkəmə proseslərini izləsə də, bu hadisələrin arxasında nə durduğunu söyləməkdə çətinlik çəkir.

"Mən iştirak etdiyim məhkəmə proseslərində prokurorluğun apardığı istintaq, məhkəmənin araşdırması nə baş verdiyini, bunun arxasında nə dayandığını üzə çıxara bilməyib. Görünən yalnız budur ki, adamlara kütləvi zorakılıq olub, kütləvi həbslər olub. Məhkəmə proseslərində məlum oldu ki, təqsirləndirilən şəxslər tutulana qədər bir-birlərini tanımayıblar. Məsələn, kiminsə telefonunda kimlərinsə nömrəsi olub, onları istintaqa cəb edərək saxlayıblar. Orda ciddi qanun pozuntuları var və məhkəmədə üzə çıxır".

Bu sadalananlardan sonra hüquq müdafiəçisi Oqtay Gülalıyevin gəldiyi qənaətə görə, "Gəncə işi siyasi işdir, siyasi motivlərlə həbs aparılıb".

Onun fikrincə, 3 iyulda icra başçısının güllələnməsindən sonra "böyük zərbə" alan hakimiyyət 10 iyul mitinqini "özü təşkil edib": "İnsanları təxribata çəkməklə, meydanlara çıxarıb şou göstərmək, müəyyən şəxsləri qurban verməklə daha çox adamı həbs etməklə, işgəncələr verməklə xofu gücləndirmək, Gəncə kimi şəhəri əzmək, insanları qorxu altında saxlamaq istəyiblər".

"Heç də dinc aksiyaya oxşamırdı"

Hakim Yeni Azərbacan Partiyasının üzvü, deputat Aydın Mirzəzadə BBC News Azərrbaycancaya danışan hüquq müdafiəçilərinin "siyasi yönümlü" olduğunu hesab edir. O, Gəncə hadisələrinin dövlətçiliyə təhdid olduğunu, əvvəlcədən hazırlandığını və ölkədə qarışıqlıq yaratmağa xidmət etdiyini deyir.

"Bir regionun icra başçısına qarşı terror hadisəsi həyata keçiriib və iki gündən sonra birdən-birə Gəncəyə aidiyyatı olmayan insanlar Gəncə İcra Hakimiyyəti binasının qarşısına toplanaraq aksiya keçirməyə hazırlaşıblar. Bu çağırışlar şübhə doğurur. Eyni zamanda ora gələnlərin bir qismi soyuq silah götürmüşdü. Bir nəfərin iki polis zabitini qəddarlıqla qətlə yetirməsi heç də dinc aksiyaya oxşamırdı", - deputat söyləyir.

O saxlanılanların "günahsız və təsadüfi qurbanlar" olması haqda söylənilənləri də qəbul etmir: "Belə hesab edirəm ki, "təsadüfi dinc sakinlər tutulub" deyənlər sadəcə həmin hadisəni təmizə çıxarmaq istəyənlərdir. Mən heç vaxt arzulamazdım ki, Azərbaycanda ya başqa yerdə belə hadidə baş versin. Belə hadisələr hakimiyyəti zəiflətmək, cəmiyyəti silkələmək, vətəndaş müharibəsi üçün bir başlanğıcdır".

Şəhərdə iğtişaşlar gözlənildiyi halda polisin silahsız olması sualına Aydın Mirzəzadə cavab olaraq deyir ki, polis çox zaman kütləvi aksiyalar zamanı insanları silahsız şəkildə qorumağa üstünlük verir.

"Onlar hesab ediblər ki, aksiyaya gələnlər yerli adamlardır, onları tanıyırlar və istənilən insidentin qarşısını almaq mümkün olacaq. Ancaq bunun bu qədər dərindən hazırlandığı və aksiyanı itaətsizliyə, zorakılığa çevirmək istəyəcəkləri sonradan məlum oldu".

Deputat mitinq təşkilatçılarının istiqntaqda və məhkəmədə üzə çıxmaması haqda iradlara belə cavab verir: "Məhkəmə gedir və bununla bağlı müvafiq faktlar ortaya qoyulacaq. Ancaq bununla belə Gəncəyə aidiyyatı olmayan bir nəfərin işini-gücünü buraxaraq aksiyada olmaq üçün respublikanın bir tərəfindən o biri tərəfinə getməsi, əlində də soyuq silah gətirməsi, bu artıq birmənalı şəkildə ciddi hazırlıqdan xəbər verir".

O ki qaldı həmin gün nəinki meydanda, Gəncədə və Azərbaycanda olmayanların təqsirləndirilməsinə, deputatın sözlərinə görə, "vacib deyil ki, mütləq orda iştirak etsin. Onun orda təşkilatçıları var, hazırlayanlar var və istintaq da onları ortaya çıxarır".

"Sosial partlayış" ya "dini radikalların törətdiyi terror"?

Aydın Mirzəzadə Gəncə hadisələrinin arxasında keçmiş icra başçısı Elmar Vəliyevin idarəçiliyinə etiraz dayanması haqda versiyaya belə münasibət bildirir: "İstənilən halda biz hüquqi dövlətdə yaşayırıq və hər şey hüquq çərçivəsində həll edilməlidir. Kiminsə fəlaiyyətindən narazılıq zorakı addımlar atmağa, qətllər törətməyə, itaətsizliyə əsas vermir".

Hadisələrdən sonra Gəncədə olan BBC News Azərbaycancanın müxbirinə yerli sakinlər məhz icra başçısının kobudluğundan, sıravi vətəndaşları onları incitməyindən şikayətlənmişdilər: "Başçı adamlarla kobud davranırdı. Mən taksi sürürəm. Hər ay departamentə pul ödəyirəm. İcazəm var taksi üçün ayırılan yerdə saxlamağa. Gəlirdi ki, niyə burda saxlayırsan? Deyirdim ki, axı "znak" var, deyirdi, bu dəqiqə o "znak"ı çıxartdıraram".

Eyni zamanda şəhər sakinləri də Gəncənin "dindar şəhər" olmadığını söyləmişdilər: "Gəncə müasir şəhərdir. Burda kimisə dini çağırışlarla kiməsə qarşı qaldırmaq olmaz".

O vaxt siyasi şərhçilərin çoxu Gəncədə baş verənlərin hakimiyyətə bir siqnal olduğunu düşünürdülər. "Turan"-ın redaktoru, siyasi şərhçi Şahin Hacıyev də BBC News Azərbaycancaya "Gəncədə olanlar sosial partlayış idi" deyir. "Müxtəlif səbəblər vardı. Onlardan biri də düzgün idarəçiliyin olmaması, şəhərin birinci şəxsinin vətəndaşlara münasibəti idi. Ağır sosial vəziyyət də bunu bir az gücləndirdi". Onun fikrincə, terror və dini radikalizm haqda deyilənlərin təsdiqi üzə çıxmadı.

Siyasi şərhçi bir il öncə hakimiyyətin oxşar hadisələrin təkrarlanmasından narahat odluğunu və buna görə icra başçısını dəyişdirdiyini qeyd edir, ancaq bundan artıq addım atılmamasına təəssüflənir.

"Məhkəmələr göstərdi ki, hakimiyyət tutulanları maksimum cəzalandırmağa çalışır. Halbuki gedişat göstərdi ki, tutulanların çoxu günahsızdı. Yəni hadisəni dini radikalların törətməsi haqda bəyanatı rəsmi qurumlar doğrultmağa çalışırlar".

Yunis Səfərovun bacısı Lalə Səfərova da yerli mətbuata açıqlamasında Elmar Vəliyevin "pis leksikondan" istifadə etdiyini bildirib. "Millətə qul kimi baxırdı, ona görə qardaşım bu ədalətsizliyə, kobudluğa dözmədi və bu hərəkəti etdi" - o deyib.

Hüquq müdafiəçisi Rövşən Hacıbəylinin sözlərinə görə, hakimiyyət təbliğat aparır ki, Azərbaycanda radikal dini qruplar var, hakimiyyəti devirmək istəyirlər.

"Amma məhkəməni izlədiyim qədər belə bir mütəşəkkil qrupun olduğunu görmədim. Orda dindar uşaqlar da var. Ancaq onların radikal olması təəssüratı yoxdur".

Prezidentin köməkçisi Əli Həsənovsa bir il əvvəlki açıqlamasını bugünlərdə təkrarlayıb: "İstintaq tədbirləri nəticəsində ortaya çıxan faktlar bir daha təsdiqlədi ki, Gəncə hadisələri bəzi dövlətlərin radikal klerikal dairələrinin, separatçıların və ölkə daxilində siyasi fəaliyyət pərdəsi altında şəxsi ambisiyalarını həyat keçirmək istəyən qrupların dövlət və milli maraqlarımıza qarşı birgə məkrli təxribatı idi".

Prezidentin özü isə hələ ötən hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda Gəncə şəhərində baş verən hadisələri sabitliyin pozulmasına yönələn terrorçuluq aktı olduğunu deyib və hücumla bağlı bir qrup insanın həbs edildiyini bildirib.

"Heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək... Azərbaycan dövləti, məhkəmə orqanları onların haqq, məhkəmə qarşısında cavab verməsini təmin edəcək", - İlham Əliyev deyib.

Aydın Qurbanovun aqibəti

Gəncə hadisələrinə görə təqsirləndirilən Aydın Qurbanov isə bu həftə - elə hadisələrin ildönümündə vəfat etdi. Onun cinayət işi başqalarının işindən ayrılmışdı və iyulun sonunda məhkəməsi olmalı idi.

"Biz ölüm xəbərini almaqdan qorxuruq", - onun xanımı həyat yoldaşının vəfatından öncə BBC News Azərbaycancaya demişdi.

Qurbanovun istintaq müddətində onkoloji xəstə olduğu aşkarlanıb. Ailəsi azadlığa buraxılmasını xahiş edib, ancaq ekspertiza onun həbsxana şəraitində, onkoloqun nəzarəti altında qala bilməsini mümkün sayıb.

Bu barədə daha geniş