Rusiyaya buraxılmayan məhsul: Azərbaycana "rəsmi məlumat" verilməyib

Tərəvəz Fotonun müəllifi ANNA-ROSE GASSOT/AFP/Getty

Azərbaycandan Rusiyaya ixrac olunan 118 tondan çox ərzaq məhsulu sərhəddən geri qaytarılıb.

Azərbaycan tərəfi bu barədə rəsmi məlumat almadığını bildirir.

Hadisə Rusiya-Azərbaycan sərhədinin Dağıstan hissəsindəki "Yaraq-Kazmalyar" keçid məntəqəsində, iyul ayının əvvəlində baş verib.

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Rosselxoznadzor Xidmətinin məlumatında göstərilir ki, Rusiyaya aparılan 32,3 ton pomidor, 53,4 ton şirin gilas, 19,92 ton quru noxud, və 13 ton çiyələk xəstəliyə yoluxmuş olduğundan ölkəyə buraxılmayıb.

Məlumata əsasən, Dağıstan Respublikasındakı Rosselxoznadzor-un mütəxəssisləri "yükdə karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edilib".

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, məsələ barədə xəbərdardırlar və bu işlə Qida Təhlükəsizliyi Agentliyi məşğul olur.

Qida Təhlükəsizliyi Agentliyi geri qaytarılan məhsullarla bağlı rəsmi məlumat almadığını bildirib.

"Fitosanitar tədbirlər üzrə 13 nömrəli Beynəlxalq Standartın tələbinə əsasən uyğunsuzluq aşkar edildiyi təqdirdə idxalçı ölkə ixracatçı ölkəyə dərhal rəsmi bildiriş verir. Sözügedən məsələ ilə bağlı heç bir rəsmi məlumat Agentliyə daxil olmayıb", - Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən deyilib.

Rusiya rəsmlərinin məlumatına görə, geri qaytarılan məhsullar arasında İrana məxsus 16,37 ton təzə bibər, 9,05 ton kahı və Gürcüstan mənşəli 8 ton nektarin olub.

Agentlikdən İnformasiya təminatı və innovativ həllər şöbəsinin məlumatında bildirilib ki, "ümumiyyətlə, idxal-ixrac proseslərində bu cür halların baş verməsi mümkündür, lakin beynəlxalq qaydalara uyğun olaraq yükdə karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə, yük zərərsizləşdirilərək yenidən müxtəlif istiqamətlərdə ixracı həyata keçirilə bilər".

Dövlət Gömrük Komitəsi ilə əlaqə saxlamaq mümkün olmayıb.

Bu barədə daha geniş