Goranboy: silahlı insidentdə yaralanmış Təbriz Əmrahov vəfat edib

Baş Prokurorluq Fotonun müəllifi APA

Baş Prokurorluqdan verilən məlumata əsasən, Goranboyda baş vermiş silahlı insident zamanı xəsarət almış Təbriz Əmrahov vəfat edib.

Təbriz Əmrahov güllə yarası ilə Gəncə şəhər mərkəzi Xəstəxanasına yerləşdirilmişdi.

Səhiyyə Nazirliyinin məlumatına görə, 20 yaşlı Təbriz Əmrahov iyulun 12-də gecə saatlarında ağır vəziyyətdə xəstəxanaya daxil olub.

"Yaralı xəstəxanaya sol göz yuvasından daxil olub təpə nahiyəsindən keçən odlu silah yaralanması diaqnozu ilə daxil olub, vəziyyəti kritikdir", - məlumatda bildirilmişdi.

Goranboyda baş vermiş hadisə ilə bağlı şənbə günü DİN və Baş Prokurorluğun birgə yaydıqları məlumatda isə qeyd olunub ki, "iyulun 12-də gecə saat 23 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində xidmət aparan rayon polis şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimov avtomobilin yolun kənarındakı maneəyə çırpılması ilə əlaqədar bir qrup şəxsin yol kənarında toplaşdıqlarını görüb səbəbini müəyyənləşdirmək məqsədi ilə onlara yaxınlaşıb“.

Məlumatda deyilir ki, bu zaman həmin şəxslərlə polis əməkdaşı arasında mübahisə yaranıb və onlardan biri - “Qarapirimli kənd sakini Lətif Əmrahov polis əməkdaşına qəfil zərbə endirərək onu yerə yıxıb. Asayiş keçikçisi üzərində olan xidməti silahdan havaya xəbərdarlıq atəşi açarkən güllə L.Əmrahovun əmisi oğlu Təbriz Əmrahova dəyib. Bundan sonra Təbrizin qardaşı Pərviz Əmrahov silahı polis əməkdaşının əlindən alaraq küpü ilə onun baş nahiyəsindən çoxsaylı zərbələr endirərək ağır xəsarət yetirib".

Məlumatda daha sonra bildirilib ki, xəsarət almış polis əməkdaşı və T.Əmrahov Gəncə şəhər mərkəzi xəstəxanasına yerləşdiriliblər.

"Faktla bağlı Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, polis və prokurorluq əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb", - DİN və Baş Prokurorluğun birgə məlumatında bildirilib.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun məsul əməkdaşları Goranboy rayonuna ezam olunublar. Cinayət işi üzrə istintaq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb, sənəddə qeyd olunub

Bu barədə daha geniş