Gürcüstan XİN: David Qarecidə baş vermiş hadisə "təəssüf doğuran insident"dir

Keşikçidağ məbədi, David Qareci
Image caption Azərbaycan Xarici İşlər Nazirliyi bu hadisəni "iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat" kimi qiymətləndirib.

Gürcüstanın Xarici İşlər Nazirliyi Azərbaycanla Gürcüstan sərhəd xəttində yerləşən David Qarecidə baş vermiş hadisəni "təəssüf doğuran insident" adlandırıb.

"Bu cür hadisələr ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinə uyğun deyil. Məhz buna görə də hesab edirik ki, delimitasiya üzrə komissiyanın və ekspert qruplarının iclasları davam etdirilməlidir. Gürcüstan tərəfi bu görüşlərə tam hazırlığını ifadə edir", - Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Bazar günü Gürcüstan və Azərbaycan arasında mübahisə mövzusu olan David Gareci monastır kompleksi və ya Keşikçi dağ ərazisində insident baş verib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, yerli sakinlər azərbaycanlı əsgərlərə hücum ediblər və onları təhqir ediblər. Bəzi iddialara görə, buna səbəb, əsgərlərin ikonaları kilsədən çıxarması olub.

Gürcü saytlarından birində yayılmış videodan görünür ki, yerli sakinlər azərbaycanlı sərhədçinin əlindən silah olduğu güman edilən əşyanı alır.

Gürcüstanın Xarici İşlər Nazirliyi bəyanatında həmçinin cəmiyyəti "təxribatlardan qaçmaq üçün mümkün qədər təmkinli olmağa" çağırıb.

"Vətəndaş qruplarının delimitasiya üzrə komissiyanın işinin sülh və müvafiq şəraitdə həyata keçirilməsi iqtiqamətində səy göstərməsi komissiyanın işinin uğurla nəticələnməsinə zəmindir", məlumatda deyilir.

Bu hadisəni "iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat" kimi qiymətləndiririk, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

Qurum sözçüsü BBC News Azərbaycancaya deyib ki, "bu cür hərəkətlərə yol verilməsi Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin ruhuna tamamilə ziddir".

"Bazar günü Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq Azərbaycan ərazisində yerləşən "Keşikçidağ" mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum etməsi və onları nalayiq ifadələrlə təhqir etməsi ilə bağlı Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq məsələ ilə bağlı müvafiq izahat istənilib. Xarici İşlər Nazirliyi bu insidentin araşdırılaraq müvafiq tədbirlərin görülməsi və görülmüş işlərə dair XİN-in məlumatlandırılmasını qarşı tərəfdən tələb edib", Leyla Abdullayeva deyib.

Nə baş verib?

Bazar günü gürcü fəalları hücum edərək ərazidə keşik çəkən iki Azərbaycan əsgərinin silahını əlindən alıblar, sosial mediada yayılmış, hadisə şahidləri tərəfindən çəkilməsi ehtimal olunan görüntülərdən bəlli olur.

Video görüntülərdə azərbaycanlı əsgərin öz həmkarına "onlara de bizim avtomatı versin" deməsi eşidilir.

Görüntülərdə həmçinin bəzi gürcü fəalların Azərbaycan əsgərlərinin üzərinə yeriyib, onlara suallar verməsi də müşahidə olunur.

Videoda hadisə yerində Gürcüstana məxsus hərbi geyimdə olan şəxslər də görünür.

Azərbaycan Dövlət Sərhəd Xidməti isə gürcü fəalların bazar günü hücum edərək "Keçikçidağ"da keşik çəkən iki Azərbaycan əsgərinin silahını əlindən almasını "Azərbaycan sərhəd naryadına qarşı törədilmiş insident" adlandırıb.

Qurumun yaydığı məlumatda bildirilir ki, "DSX-nin Sərhəd Qoşunlarının "Şəmkir" sərhəd dəstəsinin "Keşikçidağ" sərhəd zasta­va­sının xidməti ərazisində törədilmiş hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qı­sa müddət ərzində aradan qaldırılıb.

"DSX-nın şəxsi heyəti tərə­findən ərazidə təhlükə­sizlik tədbirləri təmin edilib. Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilmiş, baş vermiş hadisə birgə araşdırılmış, gələcəkdə bu ki­mi hal­la­ra yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edil­ib", qurum bəyan edib.

Gürcüstan Sərhəd Polisinin sədr müavini Teymuraz Kupatadze hadisənin yerli medianın da yazdığı kimi "azərbaycanlı sərhədçilərin ikonaları kilsədənicazəsiz götürməsinə görə baş verdiyini təsdiqləyib və azərbaycanlı sərhədçilərin Keşikçidağ Məbəd-Kompleksindən ikonaları götürməsinin səbəbini açıqlayıb:

"Gürcüstan və Azərbaycan tərəfləri arasında keçirilən görüşdən sonra məlum oldu ki, azərbaycanlı sərhədçilər məbədin divarlarındakı ikonaları onları mühafizə etmək məqsədilə götürüb. Onlar bildirdilər ki, hava şəraiti pisləşdiyindən külək və yağış ikonalara zərər vura bilərdi. Buna görə də azərbaycanlı sərhədçilər ikonaları götürərək gürcü həmkarlarına təqdim ediblər", "Report"-un Gürcüstan bürosu xəbər verir.

Turan agentliyi xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyi hadisəni "kiçik insident" adlandıraraq, ölkə ictimaiyyətini, vətəndaş qruplarını "Gürcüstan və Azərbaycan arasında sərhəddin delimitasiyası üzrə komissiyanın sakit şəraitdə işini davam etdirməsinə imkan verilməsinə" çağırıb.

Gürcüstan DİN həmçinin "vəziyyətin vaxtında yoluna qoyulduğunu" və "hazırda hadisə yerində sakitliyin" olduğunu bildirib.

Regionun "ən çox dəyər verilən abidəsi" - "Keşikçidağ" məbədi

"Keşikçidağ" monastır kompleksi regionun ən məşhur və ən çox dəyər verilən mədəniyyət abidələrindən biridir.

Bu ilin may ayında bu məbəd üstündə mübahisə növbəti dəfə alovlanıb, gürcüstanlı fəallar razılaşdırılmamış sərhəddə etiraz aksiyası keçiriblər.

Gürcüstan və Azərbaycan arasında bölüşdürülmüş bu ərazi 20 ildən çoxdur ki, iki strateji partnyorun həll edə bilmədiyi münaqişə olaraq qalmaqdadır.

Gürcüstan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyasıyla bağlı birgə komissiya hələ 1996-cı ildə yaradılıb. Amma bu iki ölkə arasındakı sərhəd xəttinin üçdə biri, o cümlədən, kompleksin müəyyən hissəsinin yerləşdiyi ərazi razılaşdırılmamış qalır.

Bu barədə daha geniş