İran-ABŞ böhranı Azərbaycanı narahat etməlidirmi?

Sədrəddin Soltan Fotonun müəllifi Rəşad Tuncay
Image caption Siyasi şərhçi Sədrəddin Soltan deyir ki, ABŞ İrana hücum edərsə, qonşu dövlətdə müharibənin olması Azərbaycanı çox ciddi şəkildə narahat edər.

Azərbaycanın cənub qonşusu İran və dünya gücü ABŞ arasında münasibətlərin gərginləşməsi regionda yeni münaqişə ocağının yaranacağı kimi narahatlığa əsas verir.

İrana nüvə silahı əldə etməyə imkan verməyəcəyini deyən ABŞ prezidenti Donald Trump tez-tez hədə dolu açıqlamalar verir.

İran, ABŞ-ın İran körfəzində əlavə hərbi gəmi və təyyarələr yerləşdirməsinə baxmayaraq, regionda onunla qarşıdurmaya girə biləcək qüvvənin olmadığı mesajını verir.

ABŞ və İran liderləri hələlik müharibə istəmədiklərini də bildirsələr də, iyun ayında cənab Trump İranın üç ərazisinə hücum əmri verib, lakin "150 insanın öləcəyini" öyrənməsi ilə hücumdan cəmi 10 dəqiqə əvvəl qərarını dəyişib.

İki ölkə arasında gərginlik ötən il, ABŞ-ın prezident Trump-ın "qüsurlu" adlandırdığı 2015-ci ildə İranın nüvə proqramına dair bağlanmış beynəlxalq sazişdən çıxmasından sonra başlayıb. Bundan sonra İran iqtisadiyyatına təsir göstərən sərt sanksiyalar yenidən tətbiq olunub.

Buna cavab olaraq İran iyul ayında müqavilə çərçivəsində öz öhdəliklərini dayandıraraq uranın zənginləşdirilməsinə dair məhdudiyyəti pozub.

Lakin Avropa rəsmiləri iyulun 16-da bu müqavilənin bərpası üçün ümidlərin olduğunu açıqlayıb.

İrana qarşı sərt sanksiyaların tətbiq edildiyi dövrdə 2015-ci ildə 6 ölkə, yəni ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, Çin, Almaniya tərəfindən imzalanan müqavilə İranın nüvə proqramına maneə törətmək məqsədi daşıyırdı.

Bəs bu vəziyyətin daha da gərginləşməsi İranla sərhəddə yerləşən Azərbaycana necə təsir edə bilər? Bu barədə BBC News Azərbaycancanın suallarını siyasi şərhçi Sədrəddin Soltan cavablandırıb.

BBC News Azərbaycanca: İran-ABŞ böhranı Azərbaycanı narahat etməlidirmi?

Sədrəddin Soltan: Qonşu dövlət kimi ABŞ-İran münasibətləri Azərbaycanı bir neçə baxımdan narahat edir. Birincisi, İranda 30 milyondan çox Azərbaycan türkü var. İranın rifah halının aşağı düşməsi, İrana qarşı istənilən halda təzyiqlər, hətta savaşa qədər gəlib çıxması, savaşın baş verməsi həmin 30 milyon Azərbaycan türkünün həyatına da mənfi təsir göstərəcək. Bu baxımdan Azərbaycan dünyada bütün azərbaycanlıların dövləti olaraq həmin güneydəki, İrandakı Azərbaycan türklərinin gələcək həyatından rahatsız olmaya bilməz.

İkincisi, vətəndaş olaraq Azərbaycan türklərinin İranda çoxlu sayda qohumları var. Bu qohumluq əlaqələrindən, öz qohumlarını itirməsi, güzəranının aşağı düşməsindən, ictimai baxımdan narahatlıq var.

Üçüncüsü isə qonşu dövlət ərazisində müharibənin getməsi, yaxud qonşu dövlətə qarşı təzyiqlərin artması nəticəsində qonşu dövlətdə iqtisadi sosial vəziyyətin ağırlaşması, Azərbaycanın iqtisadiyyatına Azərbaycanın sosial həyatına mənfi təir göstərə bilər.

BBC News Azərbaycanca: ABŞ İrana hücum edərsə, Azərbaycana hansı təsirləri olacaq?

Sədrəddin Soltan: Qonşu dövlətdə müharibənin olması Azərbaycanı çox ciddi şəkildə narahat edər. Hər halda o ölkənin ərazisindən Azərbaycana qaçqınların gəlməsinin ehtimalı az deyil. Düzdür, İraq-İran müharibəsində və sonrakı hadisələr zamanı İran vətəndaşları Azərbaycana, yaxud keçmiş sovetlər ölkələrinə pənah aparmadı, amma 1979-cu il inqilabından sonra göründü ki, keçmiş SSRİ ərazisinə İrandan qaçqınlar gəldi.

Bu baxımdan kütləvi olmasa belə İrandan Azərbaycana qaçqınların gəlməsi ehtimalı var. İkinci tərəfdən, İran Azərbaycan vətəndaşları üçün ən yaxın və ən optimal bazardır. Azərbaycan vətəndaşları bu bazarı itirə bilərlər. Üstəlik, Azərbaycan və İran arasında bir sıra sahələrdə iqtisadi əlaqələr var. Ehtimal olunan savaş Azərbaycanın iqtisadiyyatına mənfi təsir göstərə bilər.

Bölgədə bütövlükdə vəziyyətin qarışması Azərbaycanın milli, dövlət təhlükəsizliyinə təsir göstərə bilər.

BBC News Azərbaycanca: Yüzminlərlə qaçqın Azərbaycana gəlsə, bu, Azərbaycan xalqına necə təsir edər?

Sədrəddin Soltan: İstənilən halda qaçqınların ölkə ərazisinə daxil olması, ölkənin onları qəbul etməsi o ölkənin sosial, iqtisadi, mədəni vəziyyətinə mənfi təsir göstərir. Məsələn, bir ölkənin elektrik enerjisi, qaz hasilatı və sair bu kimi məsələləri daxili bazara, 10 milyon insan üçün nəzərdə tutulubsa birdən-birə bu say arıtır.

İstər-istəməz bu hal bütün infrastruktura, bütün təchizat sisteminə mənfi təsir göstərir. Azərbaycan hələ müstəqil olmazdan qabaq və müstəqil olanda qaçqınların yaratdığı problemlərlə üzləşib.

Məsələn, Sovetlər dövründə qərbi Azərbaycandan (Ermənistan - red. )yarım milyona yaxın Azərbaycan türkünün Rusiya və ermənilər tərəfindən qovulması, Gürcüstandan, Borçalıdan qovulması, Özbəkistandan ahıska türklərinin qovulması, sonrakı mərhələdə Qarabağın işğalı zamanı qaçqınların dədə-baba yurdlarından qovulub gəlməsi məsələsini Azərbaycan ictimaiyyəti yaşayıb və bunun Azərbaycanın ictimai-siyasi həyatına necə mənfi təsir göstərdiyini bilir.

Bu baxımdan biz qaçqınlar problemini yaşamışıq, bu gün də yaşayırıq. Ölkə ərazisində 1 milyondan çox daxili qaçqın var, Qarabağ qaçqını. Buna görə də, ehtimal olunan İrandan gələn qaçqınların da Azərbaycanın ictimai, mədəni həyatına mənfi təsir göstərəcəyi ehtimalı az deyil.

Qarabağdan gələn qaçqın Azərbaycanın öz vətəndaşıdır, o bütün sahələrdə eyni mədəniyyətin, kültürün, psixologiyanın, sosial-iqtisadi və sair hadisələri yaşamış eyni insanlardır. Amma güneydən, İrandan gələcək insanlar isə bu tip məsələlərdə eyni deyillər, ayrı dövlətin kültürünün vətəndaşıdırlar. Fərqli yaşayış səviyyəsindən gəlmiş insanlardır, siyasi-ideoloji düşüncənin sahibi olan insanlardır. Onların bura gəlib uyğunlaşması təbii ki, çətin olacaq.

Əvvəllər Azərbaycana Çeçenistan, Orta Asiya, Əfqanıstandan da qaçqınlar gəlmişdi. Onların çox Azərbaycan mühitinə uyğunlaşa bilmədilər və ölkəni tərk etməyə məcbur oldular.

BBC News Azərbaycanca: Əgər ABŞ İrana hücum etsə, Azərbaycanın hansı addımlar atacağını proqnozlaşdırırsınız?

Sədrəddin Soltan: Azərbaycan bu tip münaqişəli məsələlərdə danışıqların tərəfdarıdır. Çünki Azərbaycan, ərazisi işğal edilmiş bir dövlətdir. Dünyada tək-tək dövlətlərdənik ki, müstəqilliymizi bərpa etdikdən sonra bütün problemlərlə, bütün məsələlərlə üzləşmişik.

Terrorla üzləşmişik, qaçqın məsələsilə üzləşmişik, müharibə ilə üzləşmişik və bu gün də ərazimizin bir hissəsi işğal altındadır. Azərbaycanın bu məsələdə tutacağı ən düzgün xətt dövlətlərarası münaqişənin dinc yolla tənzimlənməsinə yardım etməkdir.

Azərbaycan, ilk növbədə, dövlət olaraq öz təhlükəsizliyinin qayğısına qalmalıdır. Hesab edirəm ki, bu məsələdə Atatürkün "ölkədə sülh, cahanda sülh" prinsipi Azərbaycan üçün daha yerinə düşür. Çünki Azərbaycan indiki vəziyyətdə hansısa münaqişəli bölgədə hərbi əməliyyatlarda iştirak etmək imkanı yoxdur. Azərbaycan ancaq və ancaq öz dövlətinin və millətinin qayğısına qalacaq.

BBC News Azərbaycanca: ABŞ-ın Azərbaycandan tələbi nə ola bilər?

Sədrəddin Soltan: ABŞ-ın Azərbaycandan və ümumiyyətlə, bütün müttəfiqlərindən tələbi İranla ticarət əlaqələrini azaltmalarıdır. Donald Trupm-ın bəyanatında var ki "quldurlarla alver etməyin". Yəni ABŞ-ın tələbi də budur ki, İranla ticarət əlaqəsini minimum dərəcədə saxlayın, İrandan neft-qaz almayın və sairə. Çünki İrana təzyiqin ən əsas və ən güclü təsir forması iqtisadi sanksiyadır.

Bu iqtisadi sanksiya ölkənin bütün iqtisadiyyatını çökdürə bilir, məsələn ötən ay, İranda gündəlik neft hasilatı 2 milyon 280 min barrel olubdur, bu son 30 ildə ən az hasilatdır. Bu o deməkdir ki, tətbiq olunan sanksiyalar səmərəsini verir. Səmərəsini verirsə, monda boş yerə qan tökməyə və bölgədə əlavə müharibə ocağı, münaqişə ocağı yaratmağa nə ehtiyac var.

Hesab edirəm ki, ABŞ Azərbaycandan da, başqa dövlətlərdən də istəyir ki, tətbiq etdiyi sanksiyaya, İranın iqtisadiyyatının çökülməsinə qoşulsun. Azərbaycan da heç şübhəsiz, özünün siyasi, iqtisadi, təhlükəsizlik maraqları baxımından bu məsələlərdə həmişə iştirak edib.

ABŞ İrana hücum edərsə, Azərbaycandan heç nə tələb edə bilməz. Sadəcə iqtisadi sanksiyalar baxımından xahiş edə bilər. Azərbaycan da bütün bu məsələlərə bir şərt daxilində qoşula bilər: Ərazi bütövlüyü, milli və dövlət təhlükəsizliyinin təmin olunması.

Azərbaycan bölgədə qarışıqlıq baş verəcəyi halda hansısa bir əməliyyatda iştirak edərsə, öz ərazisi hədəfə çevrilə bilər. Təbii ki, bu Azərbaycanın həm milli, həm dövlət təhlükəsizliyi maraqlarına uyğun deyil. Odur ki, Azərbaycan yalnız dövlət və milli maraqları təmin olunacağı halda ABŞ-ın aksiyasına qoşula bilər.

Bu barədə daha geniş