DSX: "Ermənistan Azərbaycanın sərhəd döyüş məntəqəsini atəşə tutub, bir əsgər yaralanıb"

Dövlət Sərhəd Xidməti Fotonun müəllifi Dövlət Sərhəd Xidməti
Image caption DSX rəisi general-polkovnik Elçin Qu­li­yevin hadisə yerində olduğu deyilir.

Dövlət Sərhəd Xidməti "Ermənistanın Azərbaycanın sərhəd döyüş məntəqəsininin mövqelərini atəşə tutması nəticəsində bir əsgərin yaralandığını" bildirib.

DSX-nın məlumatına görə, əsgərin "həyatı üçün təhlükə yoxdur".

Hadisə çərşənbə günündən cümə axşamına keçən gecə Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində baş verib.

Azərbaycan tərəfi döyüş məntəqəsinə Ermənistanın Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silahlardan atəş açıldığını qeyd edib.

Ermənistan tərəfi hələlik bu məlumatı təsdiqləməyib.

Bu, son iki gündə baş vermiş yeganə hadisə deyil. Bu hadisədən təxminən yarım gün əvvəl, 17 iyula keçən gecə Ermənistan, Naxçıvan tərəfindən Yelpin kəndi istiqamətində "atəş açıldığını və güllənin bir evin damına düşdüyü" bildirilib.

"Erməni tərəfi cavab atəş açıb. Atışma şiddətli olmayıb və kiçik çaplı silah istifadə edilib", Ermənistanın Müdafiə Nazirliyinin sözçüsü Artsrun Hovhannisyan jurnalistlərə deyib.

Azərbaycan bu məlumatı "əsassız" sayıb.

"Bu məlumat yalandır və dezinformasiya xarakteri daşıyır", Azərtac Azərbaycanın Müdafiə Nazirliyinə istinadən yazıb.

Azərbaycan tərəfi onu da açıqlayıb ki, 17 iyul səhəri daha bir hadisə baş verib.

"Göygöl rayonu ərazisində təsərrüfat işləri görən mülki traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən snayper atəşinə məruz qalıb, itki yoxdur. Cavab tədbirləri nəticəsində düşmən susdurulub", Azərtac yazır.

Bu barədə Ermənistan tərəfi hələlik açıqlama verməyib.

Ermənistanla Azərbaycan arasında 20 ildən çoxdur ki, beynəlxalq birliklər tərəfindən Azərbaycan ərazisi kimi tanınan Dağlıq Qarabağ uğrunda münaqişə davam edir.

Bu barədə daha geniş