Azərbaycanda narkotikin bəlaları: "5 yaşlı oğluma yaxınlaşmaqdan çəkinirəm"

Bakıda

Aliyə Məmmədlinin 28 yaşı var. O, 2 il 6 aydır ki, narkotik vasitələrdən uzaq gəzir. Aliyə bunu "həyatının ən ağıllı və ən axmaq qərarı" adlandırır.

Ona görə "ağıllı qərardır" ki, ona verilən ikinci şansı dəyərləndə bilib, "axmaqlığı" isə onda görür ki, bunu daha tez edə bilərdi, Aliyə deyir.

Ailənin tək övladı olan Aliyə 22 yaşında sevdiyi insanla evlənib, bir il sonra oğlu dünyaya gəlib. O düşünür ki, narkotikə başlamasının səbəbi doğuşdan sonrakı depressiya və ən əsası buna verilən reaksiyalar və ailədəki dava-dalaşlar olub.

Ailəsi onu narkomaniyadan müalicə etdirmək üçün əvvəlcə dövlət xəstəxanalarına, sonra özəl klinikalara aparıb. Azərbaycanda göstərilən müalicə onları qane etmədiyi üçün onu Moskvaya, özəl klinikaların birinə yollayıblar.

Aliyə deyir ki, Azərbaycana qayıdandan sonra müalicənin reabilitasiya mərhələsinə başlasa da, yarımçıq qoymalı olub. Bir neçə dispanser və özəl klinikalara müraciət etsə də, ya "yaxşı həkim" tapa bilməyib, ya da qiymət baha olub.

Reabilitasiyadan keçə bilməyən Aliyə özünü "yarımçıq şəxsiyyət" hiss etdiyini söyləyir. O deyir ki, müalicə kursunu keçsə də, reabilitasiya proqramını bitirmədiyinə görə 5 yaşlı oğluna yaxınlaşmaqdan çəkinir. Qorxur ki, nə vaxtsa narkotikə geri qayıdar.

Aliyə reabilitasiya proqramını tamamlamaq üçün bir neçə aya Türkiyə və ya Çexiyaya getməyi düşünür.

Statistikaya görə, Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı artmaqdadır. BBC News Azərbaycancaya danışan bəzi keçmiş narkotik istifadəçiləri deyirlər ki, Azərbaycanda müalicə ala bilsələr də, reabilitasiya proqramları onları qane etmir, buna görə də onlar yenidən narkotikdən istifadəyə qayıtmağa məcbur olurlar.

Səhiyyə Nazirliyinin BBC News Azərbaycancaya verdiyi məlumata görə, Azərbaycanda 2015-ci ildə 29 minə yaxın, 2018-ci ildə isə 32 minə yaxın qeydiyyatda olan narkotik istifadəçisi olub. İllər üzrə artım isə 600-1300 nəfər arasında dəyişib.

Nazirlik deyir ki, Respublika Narkoloji Mərkəzin mütəxəssislərinin hazırladığı "Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqramı" 2014-cü ildən tətbiq olunur.

Dövlət tibb müəssisələrində xəstələrin müayinə və müalicəsi, reabilitasiyası və psixoterapiyası ödənişsiz aparılır, eləcə də əvəzedici dərmanlar pulsuz verilir, Səhiyyə Nazirliyi deyir.

"Azərbaycanda reabilitasiya proqramı yeni qurulur"

Respublika Narkoloji Mərkəzin direktoru Araz Manuçehri deyir ki, "Azərbaycanda narkotik istifadəçilərinin reabilitasiya proqramı hələ yeni qurulur".

BBC News Azərbaycancaya danışan Araz Manuçehriyə görə, reabilitasiya proqramının qurulması "çox ağır və çətin işdir" və bu, xüsusi mütəxəssis qrupu tələb edir.

Onun fikrincə, bunun üçün təkcə narkoloqların olması kifayət etmir. Xüsusi təlim keçmiş, belə insanlarla işləməyi bacaran psixoloqlara, sosial işçilərə və xüsusi şəraitə ehtiyac var, Azərbaycanda isə bu müətəxssislər "hələ yeni üzə çıxmağa başlayır".

"Gərək yer ola ki, narkomaniyadan müalicə alanlar orada toplaşa bilsinlər, onlarda yaranan problemlərin həlli ilə bağlı kiməsə müraciət edə bilsinlər. Onların reabilitasiyası üçün psixoloqlar işləməlidir, psixoterapiyalar aparılmalıdır, bunun üçün də sakit yer, şərait lazımdır. Bu şərait indiyə kimi yox idi, indi yeni-yeni yaradılır".

Cənab Manuçehri deyir ki, Narkoloji Mərkəzdə keçmiş narkotik istifadəçilərinin reabilitasiyası çərçivəsində psixoteratiyalardan başqa həm də müxtəlif özünüməşğulluq vasitələri təklif olunur. Bunlara qrafitti terapiyalar, yoqa dərsləri, xeyriyyə konsertləri, kitabxana xidməti və s. aiddir.

Cəmiyyət və narkotik istifadəçilərinin konflikti

Reabilitasiya prosesinin qarşısında duran ən böyük problemlərdən biri "narkotik istifadəçilərinin cəmiyyətlə olan konfliktidir", Araz Manuçehri söyləyir.

"Cəmiyyət və narkomanların tələbatları fərqlidir və onlar bir-birini başa düşmür. Narkomanlar zəlzələdən yaranmır, cəmiyyətdən yaranır. Bu, əqli və ya infeksion xəstəlik də deyil, yəni narkomanlar elə cəmiyyətin içindən çıxır. Necə ki, insan öz pis əməlini görmək istəmir, cəmiyyət də öz neqativ əməlini qəbul etmək istəmir.

Cəmiyyət narkomanlardan nə qədər uzaq dursa, özünü bir o qədər rahat hiss edir. Cəmiyyətdə problem nə qədər çoxdursa, narkomaniya da o qədər çox olur və bu, təkcə maddi yox, həm də mənəvi problemlərə, mənəvi boşluqlara aiddir".

Mütəxəssis çatışmazlığı

Araz Manuçehri deyir ki, Azərbaycanda narkotik istifadəçilərinin reabilitasiyası və cəmiyyətə qaytarılması sahəsində həm psixoloqlar, həm də sosial işçilər çatışmır. Bu isə reabilitasiya prosesini çətinləşdirir.

"Azərbaycanda narkomanların sayı çoxdur, mütəxəssislərin sayı az. Psixoloqlar çatışmır, sosial işçilər yoxdur. Hələ birinci sosial işçini bu yaxınlarda işə götürmək istəyirik. Onlara da nə qədər maaş verilir? 150-200 manat. Bu maaşla necə sosial işçi toplayım? 250 manat maaşa neçə psixoloq tapa bilərsiniz ki, gəlsin reabilitasiya mərkəzində gündə 4-5 saat narkomanlarla söhbət aparsın?

Sosial işçilər narkomanların evlərinə getməlidir, onların problemləri ilə maraqlanmalıdır. Məsələn, sosial işçi gedib görürsə xəstə depressiyadadır, tez həkimlə əlaqə saxlayır ki, xəstənin bu simptomları var. Axı, depressiyada olan adam özü heç vaxt həkimə müraciət etmir və fikirləşir ki, onsuz da həyatımda heç nə dəyişməyəcək və mən ölməliyəm. Sosial işçi görəndə ki, xəstənin hansısa hüquqları pozulub, hüquqşünasla əlaqə saxlayır, ya da görür ki, xəstə mütləq xəstəxanaya yerləşdirilməlidir, tez bunu xəbər verir. Axı, təkcə həkimin bütün bunlara nəzarət etməyə vaxtı yoxdur".

Cənab Manuçehri deyir ki, narkotik istifadəçilərinin psixoterapiya seansları könüllü olsa da, bəzən onlardan imtina edilir.

"Elə xəstələr var ki, deyir mən özüm yaxşı psixoloqam, mənə başqa psixoloq lazım deyil. Eləsi də var deyir mənə psixoloq ver, amma ya seanslara düzgün gəlmir, ya da tövsiyələri yerinə yetirmir. Bu adamların çoxunun maddi problemləri olur. Bəzən evlərində, ailələrində və ya işə düzəlməkdə problem olur, bir müddət sonra psixoloqa deyir ki, mənə pul lazımdır, sənin hər şeyin yaxşı olacağı ilə bağlı söhbətin lazım deyil".

"Sinif yoldaşım öləndən sonra..."

Nəcəf Məmmədli (ad dəyişdirilib) 8 ilə yaxındır ki, narkotik maddə istifadə etmir. 26 yaşlı gənc deyir ki, buna səbəb narkotikə birlikdə başladığı sinif yoldaşının ölməsi olub.

O, bundan sonra uzun müddət özünə qapandığını və psixoloji müalicə aldığını deyir.

"Əslində yüngül narkotiklərdən istifadə edirdik, heç o birilərinə pulumuz da çatmırdı. Yay tətilində eşitdim ki, sinif yoldaşım narkotikdən ölüb. Bilmirəm, hardansa gedib yuxarı sinfin uşaqlarına qoşulmuşdu, dedilər bədəni dözməyib. Elə həmin yay başqa bir adam da narkotikdən öldü. Bizə elə dedilər. Onları bilməsəydim, yəqin ki, hələ də istifadə edirdim, ya da nə bilim, bəlkə ölmüşdüm".

Nəcəf Məmmədli Azərbaycanda dispanserlərin birində müalicə və reabilitasiya proqramından keçib. O deyir ki, proqram onu qismən qane etsə də, cəmiyyət reabilitasiyaya "imkan vermir".

"Əsas odur heç kim bilməsin ki, sən narkoman olmusan. Fərqi yoxdur, sən keçmiş narkomansan, ya indiki. Adamlar elə davranandan sonra nə qədər reabilitasiya keçirsən keç, cəmiyyət imkan verməsə, adam yenə narkomaniyaya qayıda bilər".

Səhiyyə Nazirliyi son 5 ildə Azərbaycanda narkotik maddələrdən istifadə zamanı 8 nəfərin öldüyünü deyir. Qurum respublika üzrə narkotik istifadəçilərinin müalicə və reabilitasiya proqramlarının plan üzrə icra olunduğunu və genişləndirildiyini bildirir.

Bu barədə daha geniş