Azərbaycan Türkiyə vətəndaşlarına viza tələbini ləğv edir

Mevlüt Çavuşoğlu və Xəzər İbrahim Fotonun müəllifi Mevlüt Çavuşoğlu/Twitter
Image caption Mevlüt Çavuşoğlu Twitter hesabında Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim ilə birgə fotosunu paylaşıb

Sentyabrın 1-dən Azərbaycana səfər edəcək Türkiyə vətəndaşlarından viza tələb edilməyəcək, Türkiyə xarici işlər naziri öz Twitter hesabında bildirib.

Azərbaycanın Xarici İşlər Nazirliyi məlumatı BBC News Azərbaycancaya təsdiqləyib. Nazirliyin sözçüsü Leyla Abdullayevanın sözlərinə görə, viza tətbiqinin ləğvi iki ölkə arasında "qarşılıqlı münasibətlərin daha da yaxşılaşmasına tövhə verəcək".

"Bir millət, iki dövlətə yaraşan oldu!", Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Twitter hesabında bu məlumatı şərh edib.

Cənab Çavuşoğlu öz Twitter hesabında Azərbaycan Xarici İşlər Nazirliyinin Türkiyə Xarici İşlər Nazirliyinə göndərdiyi sənədi də paylaşıb.

Sənəddə deyilir ki, Azərbaycana 30 günədək səfər etmək istəyən Türkiyə vətəndaşları üçün sentyabrın 1-dən viza tələbi qarşılıqlı qaydada ləğv edilir.

Türkiyə tərəfi 2007-ci ildə birtərəfli olaraq Azərbaycanla viza rejimini ləğv edib.

Fotonun müəllifi Mevlüt Çavuşoğlu/Twitter

"Regiona çox da təsir etməyəcək, amma..."

Viza rejiminin ləğvinə şərh bildirən siyasi təhlilçi Elxan Şahinoğlu bu qərarı "gec verilsə də, doğru" hesab edir.

O deyir ki, Türkiyə Azərbaycanın strateji müttəfiqi olduğu üçün bu məsələni uzatmaq düzgün deyildi.

"Türkiyə və Azərbaycan arasındakı münasibətlər, siyasi, iqtisadi hərbi əməkdaşlıq inkişaf edir. Viza münasibətlərə kölgə salan tərəf idi. Prezident Erdoğan Azərbaycana gələndə həmişə bu məsələni gündəmə gətirirdi. Məsələni uzatmaq münasibətlərə zərər gətirərdi", o deyir.

Şərhçi İran vətəndaşlarına də tətbiq olunan vizanın aradan qaldırılmasını istəyir.

"Orada milyonlarla soydaşımız yaşayır, onların da rahat gəliş-gedişinə şərait yaratmaq lazımdır. İranla da bu məsələni həll etməliyik", o bildirib.

Elxan Şahinoğlu vizanın ləğvi qərarının regiona çox da təsir etməyəcəyini bildirir.

"Bu ikitərəfli məsələlərə aid olan siyasətdir. Həm də Azərbaycan hakimiyyəti anlayır ki, Türkiyə ilə hərbi, siyasi, strateji müttəfiqliyi gücləndirməyə ehtiyac var. Çünki Azərbaycana müxtəlif istiqamətlərdən, şimaldan-cənubdan təhlükələr də var. Belə bir ərəfədə əlbəttə, Azərbaycan Türkiyə ilə strateji müttəfiqliyi daha üst səviyyəyə qaldırmalı idi".

Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında vizasız gediş gəliş haqqında məktub mübadiləsi haqqında Saziş 1992-ci ilin 28 fevralında imzalanıb.

2003-cü ildə "Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı viza tətbiqi haqqında" saziş imzalanıb.

Bu barədə daha geniş