Lənkəranda İran gəmisinin batmasının səbəbləri açıqlanıb

İran gəmisi Fotonun müəllifi ATTA KENARE/AFP/Getty Images

Lənkəran limanı yaxınlığında qəzaya uğrayan İran gəmisinin batmasına ağır yük və fırtınalı hava şəraiti olub, Dövlət Sərhəd Xidmətinin (DSX) nümayəndəsi bildirir.

İran İslam Respublikasının bayrağı altında üzən Şəbahəng quru-yük gəmisinin qəzaya uğraması ilə bağlı həyəcan siqnalı cümə günü daxil olub.

Hadisə yerinə göndərilən "Tufan" tipli sərhəd gözətçi gəmisi Şəbahəngin göyərtəsində olan 9 nəfərdən ibarət heyəti xilas etməyə müvəffəq olub. Gəminin yerli vaxtla 16:22-də batdığı bildirilir.

Sərhəd gözətçi gəmisinin komandiri, üçüncü dərəcəli kapitan Nəhmət Quliyevin sözlərinə görə, gəminin batmasına ilkin səbəb kimi ağır yük və fırtınalı hava şəraiti göstərilir, AZƏRTAC agentliyi xəbər verir.

Məlumata əsasən, sərhədçilər havanın "bir anda stabilləşməsindən istifadə edərək" çox qısa vaxt ərzində xilasetmə əməliyyatını uğurla həyata keçiriblər.

Fövqəladə Hallar Nazirliyinin 2 helikopteri və Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisi hadisə yerində xilasetmə əməliyyatına cəlb edilib.

Rəsmi məlumatlara görə, İrandan Azərbaycana əsasən meyvə-tərəvəz, konserv məhsulları, yağ və sürkülər, geyim, ayaqqabı, yeyinti sənayesi üçün avadanlıqlar, mebel və s. idxal olunur.

Rusiya və İran arasında ticarət də əsasən Xəzər dənizi üzərindən aparılır.

Əlaqəli mövzular

Bu barədə daha geniş