Qarayara ilə bağlı vəziyyət necədir?

Video açılmasa, YouTube-da izləyin.

Ölkədə iti yoluxucu xəstəliklərə, eləcə də qarayara xəstəliyinə görə epizodik vəziyyət sabitdir, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi bildirib.

Agentliyin baş məsləhətçisi Yolçu Xanvəli BBC News Azərbaycancaya deyib ki, heyvanlar arasında hər hansı narahatlıq qeydə alınmayıb.

"Heyvanlar epizodik tədbirlər planına uyğun olaraq hər il peyvəndlənir. Təxminən 2 milyon 500 mindən artıq iribuynuzlu, 7 milyondan artıq xırdabuynuzlu, 4 milyondan artıq donuz, 81 mindən çox təkdırnaqlı heyvana peyvənd vurulub".

Cənab Xanvəli deyir ki, qarayara xəstəliyi həm də torpaq infeksiyası olduğu üçün bir neçə gün əvvəl qarayara xəstəliyinə tutulan iki nəfər bu infeksiyaya torpaqdan yoluxa bilərlər, çünki onlar heyvandarlıqla məşğul deyil.

"Biz araşdırmışıq, həmin adamların heç biri heyvandarlıqla məşğul deyil və beşmərtəbəli binada yaşayırlar. Bundan sonra digər müvafiq qurumlar araşdırmalıdır ki, infeksiya haradan keçib".

Cümə axşamı günü Azərbaycanda qarayara xəstəliyinə tutulan iki nəfərdən biri ölüb, Səhiyyə Nazirliyi bildirmişdi.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin məlumatında deyilir ki, qarayara bütün növ kənd təsərrüfatı heyvanlarının, eləcə də vəhşi heyvanların iti gedişli yoluxucu xəstəliyidir. Törədicinin mənbəyi, əsasən, xəstə heyvanlar və bu xəstəlikdən ölmüş heyvanların cəsədlərinin basdırıldığı torpaq hesab olunur. Xəstəlik heyvandan insana keçir, lakin insandan insana keçmir.

Qurumun məlumatında deyilir ki, bu xəstəliyə yoluxma həssaslığı azalan göstəricilərlə qoyun və marallar, atlar, qaramal, dəvə və keçilər, donuz it və pişiklərdir. Quşlardan isə dəvəquşu bu xəstəliyə yoluxur.

Nə vaxt karantin elan edilir?

Yolçu Xanvəli deyir ki, əgər bir baş heyvanda belə qarayara xəstəliyi qeydə alınsa, həmin yerdə karantin elan olunur.

Karantin ərazisi heyvan və ya heyvanın cəsədinin yerləşdiyi ərazidən 5 km məsafəni əhatə edir.

"40 gündən artıq karantin elan olunur və bu müddət ərzində 3 dəfə dezinfeksiya - cari, məcburi və profilaktik dezinfeksiya işləri aparılır. Bunlar yekunlaşandan və karantin müddəti başa çatandan sonra əgər orada yenidən xəstə heyvan və ya xəstəlikdən heyvan tələfi qeydə alınmırsa həmin yerdə heyvanlardan qan nümunələri götürülür, laboratoriyada yoxlanılır. Nəticələrdə narahatlıq yoxdursa, həmin yerdən karantin götürülür, xəstəlik davam edirsə karantin də davam etdirilir", - Yolçu Xanvəli deyir.

Səhiyyə Nazirliyi: "Azərbaycanda ilk dəfə qarayara xəstəliyindən insan ölümü baş verib"

Çərşənbə günü Azərbaycanda qarayara xəstəliyinə tutulan iki nəfərdən biri ölüb, ikinci xəstənin müalicəsi davam edir, Səhiyyə Nazirliyi bildirib.

Nazirliyin məlumatında deyilirdi ki, Sabirabad rayon Mərkəzi Xəstəxanasına müraciət edən iki nəfər hərarətlərinin qalxmasını soyuqdəymə ilə əlaqələndirsələr də, onlardan alınan nümunələrdə qarayara diaqnozu təsdiqlənib.

Xəstələr iyulun 25-də Bakıya ağır vəziyyətdə gətirilərək Kliniki Tibbi Mərkəzə yerləşdirilib, dörd gün sonra isə onlardan biri - 60 yaşlı kişi ölüb, qurum bildirib. İkinci xəstənin müalicəsi davam edir.

Səhiyyə Nazirliyi bildirib ki, Azərbaycanda bu xəstəlik 2014-cü ildən bəri hər il 10-a yaxın adamda aşkarlanıb, bu il də 7 nəfərdə qeydə alınıb. "İnsan ölümü isə ilk dəfə qeydə alınıb", nazirlik açıqlayıb.

Bu barədə daha geniş