Müsavatçı Azad Həsənov aclıq aksiyasını dayandırıb

Azad Həsənli siyasi məhbus Fotonun müəllifi TƏRANƏ MƏMMƏDOVA

Mühacirətdən xəstə atasını görmək üçün vətənə qayıdandan sonra həbs edilən Müsavat partiyasının üzvü Azad Həsənov aclıq aksiyasını dayandırıb.

Onun vəkili Osman Kazımov BBC News Azərbaycancaya deyib ki, Azad Həsənov bu gün cəzaçəkmə müəssisəsinə yazılı müraciət edərək aclıq aksiyasını dayandırdığını bildirib.

"İyulun 23-dən aclıq aksiyasına başlamışdı. İsa Qəmbər, Arif Hacılı və Müsavat partiyasının bəzi digər üzvlərinin xahişi ilə aclıq aksiyasını bu gün dayandırdı. 10 gün aclıq etdiyindən səhhətində problemlər var, amma elə ciddi deyil", - cənab Kazımov söyləyib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin sözçüsü Mehman Sadiqov BBC News Azərbaycanaya deyib ki, "Azad Həsənov aclıq aksiyasını dayandırıb və səhhətində problem yoxdur". Bundan əvvəl Penitensiar Xidmət Azad Həsənlinin aclıq aksiyası keçirməsini nə təsdiq, nə də inkar etmişdi.

Azad Həsənovun həyat yoldaşı Təranə Məmmədova bazar ertəsi günü həyat yoldaşının səhhətində problemlərin olduğunu demişdi.

Təranə Həsənova BBC News Azərbaycancaya müsahibəsində bildirib ki, "həyat yoldaşı məhkəmənin süni qaydada uzadılmasına etiraz olaraq iyulun 23-dən keçirdiyi aclıq aksiyası" nəticəsində həbsxananın daxilindəki tibb məntəqəsinə yerləşdirilib.

Müsavat partiyasının üzvü Azad Həsənov ötən ilin oktyabr ayının 11-də mühacirətdə olduğu Litvadan xəstə atasıyla görüşmək üçün Azərbaycana gəlib.

Həmin gün "külli miqdarda narkotik əldə etmə" maddəsilə həbs olunub.

Ailəsinin sözlərinə görə, Azad Həsənli bu ittihamları rədd edir.

"Şəkəri var, sol ayağında varikoz var, üçüncü qrup əlildir"

Təranə Məmmədovanın sözlərinə görə, indiyədək həyat yoldaşının işi ilə bağlı 17-18 məhkəmə prosesi təşkil olunub.

"Hər dəfəsində də məhkəmə müxtəlif səbəblərdən - sorğuya cavab verilməyib, hansısa şahid gəlməyib, tipli səbəblərdən təxirə salınır. Azad da iyulun 22-dəki məhkəmədən sonra qərara gəlib ki, aclıq etsin. Daha sonra təzyiqi çox aşağı düşüb, tibb məntəqəsinə köçürüblər. Qardaşını da çağırıblar ki, gəl, buna de, aclığı dayandırsın", Təranə Məmmədova söyləyib.

Təranə Məmmədova həbsxananın tibb məntəqəsində qaynına "Azadın həm artıq çəkisi, həm də səhhətində problemlər var, ona aclıq etmək olmaz, bu, çox təhlükəlidir", - deyildiyini bildirir.

"Deyiblər ki, həyat yoldaşının "şəkəri var, sol ayağında varikoz var, üçüncü qrup əlildir", Təranə Məmmədova bildirib.

Təranə Məmmədova "Azad Həsənovun yıxılıb ölənə kimi və ya bu haqsızlığa son qoyulana kimi aclıq aksiyasını davam etdirəcəyini" vurğulayıb.

Penitensiar Xidmət Azad Həsənlinin aclıq aksiyası keçirməsini nə təsdiq, nə də inkar etmişdi. Penitensiar Xidmətin sözçüsü Mehman Sadiqov bildirmişdi ki, "əgər məhkum aclıq edirsə müəssisə rəhbərinə rəsmi qaydada müraciət etməli və aclığın səbəbini göstərməlidir".

Cənab Sadiqov söyləmişdi ki, qayda belədir: "aclıq edən məhbuslar digərlərindən təcrid olunaraq, həkim nəzarətinə götürülür".

Azad Həsənov kimdir?

Müsavat partiyasının üzvü Azad Həsənov 2014-cü ildən mühacirətdə olduğu Litvadan xəstə atasıyla görüşmək üçün 2018-ci ilin oktyabrında Azərbaycana qayıdıb.

O, Xətai rayon məhkəməsinin qərarı ilə "külli miqdarda narkotik əldə etmə" ittihamına görə oktyabr ayının 11-də 4 ay müddətinə həbs edilib.

1984-cü il təvəllüdlü Azad Həsənov hazırda Kürdəxanı təcridxanasında saxlanılır.

Ailəsi onun özünə qarşı olan iddiaları rədd etdiyini bildirir.

Bu barədə daha geniş