Bakı: Qatarla taksi toqquşub, xəsarət alanlar var

Video açılmasa, YouTube-da izləyin.

Bakı şəhəri, Zirə qəsəbəsində, Qala yolu adlanan ərazidə qatarla taksinin toqquşması nəticəsində xəsarət alanlar var.

Qəza nəticəsində xəstəxanaya aparılmış şəxslərdən ikisində ehtimal olunan kəllə-beyin travması diaqnozu öz təsdiqini tapmayıb, Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov BBC News Azərbaycancaya bildirib.

"Görünür həmin şəxslər şokda olub, həkim də ilkin baxışda bu diaqnozu qoyub. Xəsarət almış şəxslərin yaxınları hazırda xəstəxanaya onları aparmağa gəliblər", qurum təmsilçisi deyib.

Hadisədən bir qədər sonra Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov BBC News Azərbaycancaya "hadisə nəticəsində biri qadın və ikisi ağır olmaqla, ümumilikdə 4 nəfərin xəsarət aldığını" bildirmişdi.

"Ağır xəsarət alan 22 yaşlı qadın və 20 yaşlı oğlan 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan 38 yaşlı kişiyə yerində yardım göstərilib. Digər 33 yaşlı kişiyə isə təcili tibbi yardım yardım edib. Ona xəstəxanaya yerləşdirilmək təklif edilsə də, imtina edib", cənab Abubəkirov deyib.

Şahidlər nə deyir?

Hadisə şahidlərindən biri BBC News Azərbaycancanın müxbirinə bildirib ki, "hadisədən təxminən bir-iki dəqiqə sonra o artıq hadisə yerində olub".

"Orada bir qız yaralanmışdı, gözünün altından xəsarət almışdı. Təcili yardım gəldi, ilkin tibbi yardımı göstərdi. Qızı da götürüb apardılar".

Hadisə şahidi deyir ki, sözügedən ərazidə əvvəllər də qəzalar olub.

"Şlaqbaumun olmaması qəzaların əsas səbəbidir. Sürücü bəzən svetoforun işığını görmür, ancaq şlaqbaum olsa, sürücü məcbur olub dayanacaq", bildirib.

Hadisə saat 12:45-də Qala-Binə mənzilinin 30-cu kilometrində yerləşən qorunmayan dəmir yolu keçidində baş verib, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (ADY QSC) bildirib.

Image caption Qatar ilə taksi burada toqquşub

"İnfrastruktur Departamentinin 4 saylı yol sahəsinə məxsus drezin qorunmayan dəmir yolu keçidində hərəkətdə ikən, keçidi keçməyə cəhd göstərən Pirallahı qəsəbəsinin sakini Rəşad Cəlil oğlu Əliyevin idarə etdiyi "Mersedes" markalı avtomaşın drezinlə toqquşub", qurumdan bildirilib.

"Azərbaycan Dəmir Yolları" hadisənin baş verməsinə görə avtomobilin sürücüsünü "Yol hərəkəti haqqında Qanunu"nun "Dəmiryol keçidlərində hərəkət" maddəsilə ittiham edib.

Qurum hadisə nəticəsində avtomobildə olan 3 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığını və təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparıldığını bildirib.

Respublika Dövlət Yol Polis idarəsinin sözçüsü Kamran Əliyev BBC News Azərbaycancaya deyir ki, "toqquşma olub, lakin heç kim xəsarət almayıb".

"Minik maşının içərisində 4 nəfər şəxsin olması bir qədər qorxu yaradıb. Qalada dəmir yolu keçidində Dəmir Yollarında təmir işlərini görən kiçik teplovozla Mercedes markalı kiçik minik avtomobili ilə toqquşub. İtki yoxdur".

O, hazırda hadisənin səbəblərinin araşdırıldığını bildirib.

Bu barədə daha geniş