Polis maketləri sürücüləri çəkindirəcəkmi?

Azərbaycanın avtomobil yollarında yerləşdirilmiş yol patrul xidmətinin avtomobillərinin maketi
Image caption Azərbaycanın avtomobil yollarında yerləşdirilmiş yol patrul xidmətinin avtomobillərinin maketi

Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycanın avtomobil yollarında yol patrul xidmətinin avtomobillərinin maketlərini yerləşdirəcəyini açıqlayandan sonra, sürücülər arasında bu qərar narazılıq doğurub.

BBC News Azərbaycancaya danışan sürücülərdən bəziləri deyir ki, bu maketlər onları ehtiyatlı olmağa vadar edəcək, bəziləri isə maketlərin sürücüləri "tələyə sala biləcəyindən" narahatdır.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev inanır ki, bu üsul sürücüləri sürət həddini aşmaqdan, qayda pozuntusu etməkdən çəkindirəcək və onları intizamlı olmağa vadar edəcək.

Maketlərdən biri artıq Bakı-Şamaxı yolunun 22-ci kilometrliyində quraşdırılıb.

Real avtomobil kimi...

Maketlər patrul avtomobillərinin ölçüsündədir və onları uzaqdan real avtomobildən fərqləndirmək asan deyil.

"Mən özüm idarənin həyətində olanda elə bildim ki, patrul maşınıdır, sonra yaxınlaşanda gördüm ki, qabağı yoxdur. Düz yolla gedəndə real avtomobildən fərqləndirmək çətindir, yalnız yaxınlaşanda görmək olar", Kamran Əliyev maketləri təsvir edir.

Sürücü Çinarə Şərifzadə bu qərarı bəyənmir. O deyir ki, yol hərəkəti nişanı qoyulubsa, "ağlı başında olan sürücü həmin işarənin tələbinə əməl edər".

"Radar varsa, sürət həddi 60-dırsa, qaydalara əməl edən vətəndaş, buna da əməl edəcək. Bu maketlərin əvəzinə daha ağıllı, daha məntiqli bir reklam qoya bilərdilər. Şəxsən bir vətəndaş kimi o maketlər mənə təsir etməyəcək, çünki qaydalara əməl edirəm və polis maşını görəndə qorxmuram", o deyir.

16 illik sürücülük təcrübəsi olan Fuad Cəlilov isə bu üsulu dəstəkləyir. O deyir ki, sürücülər yol polisi görəndə qaydanı pozmurlar.

"Əvvəllər sürücülər qarşıda yol polisi olanda, bir-birlərinə işıqla xəbərdarlıq edirdilər. Adam yol polisi görəndə sürəti azaldır, yəni yol hərəkəti nişanının göstəricisinə uyğun edir. Ən çox hava limanı yolunda ehtiyac var. Yaxşı edib quraşdırırlar, məsuliyyətli olmağı tələb edir", o deyir.

Fuad Cəlilov deyir ki, bu üsul sürətə görə ölümlə nəticələnən qəza hallarının qarşısını çox alacaq.

2 ildir sürücülük edən Səbinə Əliyeva deyir ki, bu maketləri görsə, həmin an yol hərəkəti qaydasını pozub-pozmadığı barədə düşünəcək.

"Məncə pis fikir deyil. İstər-istəməz görəndə fikirləşəcəm ki, yol qaydasını pozmuram ki, sürəti aşmıram ki, kəmər bağlıdırmı?".

O deyir ki, maketlərin yerləri dəyişməsə, sürücülər üçün fərq etməyəcək.

Adının açıqlanmasını istyəməyən başqa bir sürücü isə deyir ki, DYP bu addımı "gözdən pərdə asmaq üçün edir".

"Ümumiyyətlə, istənilən sahədə baş verən olaylardan yararlanmaq bizim dövlət qurumlarımızın xarekterik xüsusiyyətidir. Son zamanlar qəzalar çox oldu. Gözdən pərdə asmaq üçün DYP nəsə etməli idi. Variant kimi ağıllarına bu gəldi. Bizdə də kimsə yuxuda nəsə gördüsə, müzakirə yox, icra olunur", o deyir.

O, bu maketləri yolda görsə, qorxmayacağını bildirir.

"Qanunları insanlara zorla tətbiq etmək yox, sevdirmək lazımdır. Maarifləndirmək lazımdır. Hər şey orta məktəbdən başlayır, savadlı vətəndaş da, savadlı sürücü də".

Fotonun müəllifi VANO SHLAMOV/Getty Images

Piyadalar nə düşünür?

Sürücülük etməyən sakin Rövşən Əsədov da bu qərarı alqışlayır.

"Vallah çox uzağı demirəm, hava limanına gedən yoda o qədər radar, polis var, amma gündə qəza olur. Polis olmasa o yolda faciə yaranar. Elə vətəndaşlar var ki, radarların arasında oyun çıxarırlar. Polis, radar olmasa, sürücülər piyadaları əzib keçər".

Rövşən Əsədov qaydaların sərtləşməsinin lehinə olduğunu da deyir.

"Dəfələrlə qırmızı işıqda sürücülərin qayda pozmasının, piyada vurmasının şahidi olmuşam. Mənim özümü də vurub hətta. Piyada üçün yaşıl işıq olduğu halda, maşınlar üçün qırmızı işıq yandığı halda, Nərimanov rayonunda qırmızıdan keçən sürücü məni vurub. Qaydalar maksimum ağırlaşdırılmalı, sərtləşdirilməli, cərimələr artırılmalıdır. Qaydalar bizim təhlükəsizliyimizə xidmət edir. Kim təhlükəsiz yaşamaq istəməz ki?", o sual edir.

Bakı sakini Rövşən Abbas deyir ki, bu təcrübə xarici ölkələrdə də var var və yaxşıdır.

Əgər effektli olarsa, xeyli qəzaların qarşısını almış olar. Yox əgər sürücüləri çaşdırıb əlavə pul tələsi kimi düşünülübsə, münasibətim mənfidir, müsahibimiz deyir.

"Məsələn, hansısa bir yerdə maket quraşdırıb, başqa bir yerdə real avtomobil qoyub sürücüləri azdırmaq yolu ilə tələyə sala bilərlər. Yaxud, həmin maketin üzərində xəbərdarlıq etmədən müşahidə kameraları quraşdıraraq sürücüləri cərimələmək üsulundan istifadə edə bilərlər. Bizim polis pul çırpışdırmağın ən kreativ vasitələrini düşünüb tapa bilir", o deyir.

Radar, yoxsa maket?

BDYPİ-nin sözçüsü Kamran Əliyev isə deyir ki, bu maketlər sırf xəbərdarlıq xarakteri daşıyır və insanları intizama dəvət edən profilaktiki tədbirdir.

"Maketin yanından sürətlə keçsə də, sürücünü saxlamırlar, amma maketi görəndə sürücü daha intizamlı olur, qaydanı pozmur. Sürücü bəlkə piyada keçidindəki piyadanı görmür, amma patrul maşınını görsə, sürəti azalda bilər. Maketlər yol-nəqliyyat hadisələri daha çox baş verən ərazilərdə olacaq, amma onun əvəzinə elə real patrul maşını da ola bilər."

Onun sözlərinə görə, bu maketlər "ola bilər 1 saat bir ərazidə, 3 saat başqa ərazidə olsun".

Kamran Əliyev maketlərin harada hazırlanması və onlara nə qədər vəsait xərclənməsi barədə məlumata sahib olmadığını qeyd edir.

Bəzi təhlilçilərin ayrılan pulları daha çox radar quraşdırmağa sərf etmək barədə fikirlərinə şərh verən Kamran Əliyev deyir ki, ümumilikdə texniki vasitələrin qiyməti daha çoxdur.

"Radarlar yol-hərəkət qaydalarını pozan şəxsi məsuliyyətə cəlb edir, cərimələriyir, amma maketlər yox. Bu sadəcə intizama dəvət edir. Polisin özü də olsa, patrul maşınını görəndə ayağı qaz pedalından tormoz pedalına gedəcək", o belə düşünürdeyir.

Əlaqəli mövzular

Bu barədə daha geniş