Bakıda güclü külək əsəndə ağaclar niyə qırılır?

Bakıda güclü külək əsəndə ağaclar niyə qırılır?

Bakıda hər əsən güclü küləkdən sonra küçələrdə qırılmış ağac budaqlarına, hətta kökündən çıxmış ağaclara rast gəlmək az qala adi hala çevrilib.

Amma bu, Bakı sakinləri üçün zərərsiz ötüşmür: budaqlar qırılıb töküləndə altında dayanan avtomobilləri zədələyir və ağac budaqlarının insanların üzərinə düşməsi təhlükəsi yaranır.

"Maşını saxladım, marketə girib-çıxana kimi ağac qırılıb aşıb maşının üstünə. Xoşbəxtlikdən maşının içində deyildim", - Bakıya qonaq gəlmiş, Brityaniya vətəndaşı, əslən azərbaycanlı Mirnazir Qarıyev bazar ertəsi əsən güclü külək zamanı avtomobilinə zərər dəyməsindən danışır. O, bu zərərdə küləyi yox, Yaşıllaşdırma Təsərrüfatı Birliyini günahlandırır ki, ağaclar vaxtlı-vaxtında budanmır.

Yaşıllaşdırma Təsərrüfatı Birliyi bu ittihamı qəbul etmir, qurumdan BBC News Azərbaycancaya deyirlər ki, ağaclara "özbaşına toxunmaq ixtiyarları yoxdur", mütləq müvafiq qurumların rəyi olmalıdır.

"Bakıda nəzarət etdiyi ərazilərdəki yaşıllıqlara aqrotexniki qulluq hər bir İcra Hakimiyyətinin öhdəliklərindən biridir", Xətai Rayon İcra Hakimiyyətindən BBC News Azərbaycancaya bildiriblər.

"İnsan tələfatı ola bilərdi"

Mirnazir Qarıyev BBC News Azərbaycancaya şikayətlənib ki, qırılıb avtomobilinin üstünə düşmüş ağac vaxtında budansaydı, budaqlar güclü küləyə də tab gətirərdi, çovğuna da.

"Bu, Yaşıllaşdırma idarəsinin günahıdır, çünki ağac içindən çürüyüb", cənab Qarıyev belə hesab edir.

"Burada uşaq da ola bilərdi, böyük də, yəni insan tələfatı ola bilərdi. Vaxtında baxılsa idi, bilərdilər ki, bu ağac quruyub və onu kəsmək lazımdır", - Mirnazir Qarıyev deyir.

"Yaşıllaşdırma idarəsinin əməkdaşı burada idi, ona deyirəm, deyir ki, "get, küləyə şikayət et". Qanun var, qayda var. Dedim, kağız verin ki, həqiqətən də maşınımın üstünə ağac düşüb. Ağacın aşması mənə maddi zərər vurub. Bildiyimə görə bu zərəri Yaşıllaşdırma ödəməlidir. Adam kağız verin dediyimi eşidən kimi maşına minib getdi", - şikayətçi əlavə edir.

O deyir ki, daha sonra hadisə yerinə polis çağırsa da,şikayətinin bir nəticəsi olmayıb və ona dəyən ziyan da qarşılanmayıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov qırılan ağacların hamısının heç də qurumuş və ya xəstə olduğu iddiası ilə razı deyil.

"Külək binanın fəsadı dağıdırsa, ağac buna necə dözsün? Qol-budağı qırılan ağacların çoxu sağlam sapora ağaclarıdır. Bizdə onların hamısının qeydiyyatı var. Doxsan faiz sapora ağaclarının qol-budağı sınıb. Onlar elə də təhlükəli ağaclar deyil", - Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi, qurumuş ağacları belə "özbaşına kəsə, yerini dəyişə, budaya bilməz", - buna mütləq Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəy verməlidir.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyir ki, təmsil etdiyi qurum özbaşına hansısa ağacı kəsə, yerini dəyişə, budaya bilməz.

EKologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, qanuna edilən dəyişiklərdən sonra onlar ayrı-ayrı şəxslərin deyil, yerli qurumların müraciətlərinə baxa bilirlər.

Qanunda dəyişiklik var, "vətəndaş bundan xəbərsiz ola bilər"

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyir ki, əvvəllər sakinlər qurumuş ağaclarla bağlı birbaşa nazirliyə müraciət edirdi, amma indi müvafiq qanuna edilən dəyişiklikdən sonra bununla bağlı yerli icra strukturlarına müraciət olunmalıdır.

Yerli icra strukturları da nazirliyə bu müraciəti təqdim etdikdən sonra qurumun mütəxəssisləri göstərilən ərazidə ağacları ekspertiza edir, kəsilib-kəsilməməsinə qərar verir.

"Amma çox adam bilmir ki, qurumuş ağaclarla bağlı hara müraciət etməlidir. Sonuncu güclü külək zamanı təhlükə yaratma ehtimalı olan ağaclarla bağlı bizə 300 zəng gəlmişdi", - İradə İbrahimova deyir.

O əlavə edir ki, nazirlik məsələyə yalnız öz səlahiyyəti çərçivəsində müdaxilə edir.

Xətai Rayon İcra Hakimiyyətindən BBC News Azərbaycancaya bildiriblər ki, İcra Hakimiyyətləri ərazilərindəki yaşıllıqlara aqrotexniki qulluq göstərməlidir:

"O cümlədən, ağaclarda quruma və ya hər hansı təhlükəli vəziyyət müşahidə olunarsa, o zaman bu qurumlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məsələ ilə bağlı məlumat verməlidirlər".

Bəs, maşını həmin qırılan ağaclardan zərər görənlər nə etməlidirlər?

Bəzi sığorta şirkətləri təbiət hadisələrindən zərərçəkmiş müştərilərin zərərini qarşılayır, amma bu, müqavilənin növündən asılıdır. Bəzi sürücülər isə maşınlarını sığortalayarkən belə halları nəzərə almadıqları üçün sonradan onlara dəyən zərərləri özləri qarşılamalı olurlar.

Bakıda yerləşən sığorta şirkətlərindən birinin rəhbəri Xəyal Məmmədxanlı BBC News Azərbaycancaya deyir ki, bazar ertəsi əsmiş güclü küləkdən zərərçəkmiş iki sığortalıya dəymiş ziyanın məbləğini artıq hesablayıb ödəyiblər.

Onun sözlərinə görə, fəaliyyət göstərdikləri iki il ərzində 10-a yaxın oxşar problemdən zərərçəkmişə dəymiş ziyan ödənib. "Amma könüllü sığorta zamanı müqavilədə avtomobilini təbii hadisələrdən də sığortalanmasının nəzərə alınmaısnı istəyənlər kütləvi deyil", - Xəyal Məmmədxanlı əlavə edib.

Bu barədə daha geniş