Bakı: İnformatika üzrə beynəlxalq olimpiada başlayır

Təhsil naziri Ceyhun Bayramov
Image caption Təhsil naziri Ceyhun Bayramov

Bazar ertəsi günü Bakıda informatika üzrə beynəlxalq olimpiada başlayır.

"İnformatika üzrə dünya olimpiadasının Azərbaycanda keçirilməsi ölkə təhsili üçün əhəmiyyətli hadisədir", Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazirin sözlərinə görə, "2018-2019-cu ildə beynəlxalq olimpiadalarda iştirak nəticələrinə görə azərbaycanlı şagirdlər bir qızıl, 13 gümüş və 23 bürünc medal əldə ediblər".

Ceyhun Bayramov BBC News Azərbaycancanın yerli və beynəlxalq fənn olimpiadalarının qalibləri arasında regionlardan olan şagirdlərin sayı ilə bağlı sualına cavabında deyib ki, nazirlik bu sahədə iş aparır.

"Əlimizdən gələn bütün səyləri edirik ki, ölkə ərazisində həyata keçirilən olimpiadalarda geniş təmsilçilik olsun və bu istiqamətdə biz həm məktəblərlər, həm də rayon təhsil şöbələri ilə sıx işləyirik", cənab Bayramov olimpiadanın açılışına həsr olunan mətbuat konfransında deyib.

Nazir bildirib ki, indi keçirilən informatika olimpiadasının iştirakçılarının hamısı paytaxt məktəblərini təmsil edirlər.

Ceyhun Bayramov onu da bildirib ki, Təhsil Nazirliyi müxtəlif bölgələrdə olimpiada fəaliyyətinin gücləndirilməsi, nəticələrin yaxşılaşdırılması istiqamətində ötən ildən başlayaraq 15 regionda 60 pilot sinfin açıb. Onların 34-ü fizika-riyaziyyat, informatika, 26-ı kimya-biologiya təmayüllü olub.

Bununla yanaşı, Ceyhun Bayramov daha aşağı yaş qruplarının gələcəkdə olimpiadalara qatılması üçün respublika fənn müsabiqələrinin keçirildiyini deyib.

"Azərbaycanın beynəlxalq olimpiadalarda iştirak edən komandaların üzvlərinə baxanda onların bir çoxunun həmin respublika fənn müsabiqələrindən qalib olan şagirdlərin olduğunu görmək yaxşı xəbərdir",- Ceyhun Bayramov sözlərinə əlavə edib.

Nazir onu da bildirib ki, İsraildə keçirilən fizika olimpiadasında medal alan şagird bölgəni təmsil edir və Cəlilabad məktəblisi olub.

Bakıda keçirilən İnformatika olimpiadasında Azərbaycanı təmsil edən dörd nəfərdən üçü 10-cu, biri isə 11 sinif şagirdidir.

Beynəlxalq İnformatika Olimpiadasının nəticələri avqustun 9-da elan olunacaq.

Əlaqəli mövzular

Bu barədə daha geniş