Qırğızıstan: keçmiş prezident Almazbek Atambayev qətldə ittiham olunur

Atambayev Fotonun müəllifi Getty Images

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev qətl törətməkdə və dövlət çevrilişi hazırlamaqda ittiham olunub.

Ona qarşı kütləvi iğtişaşlar və girov götürmək ittihamları da irəli sürülüb.

Atambayev ötən həftə, xüsusi təyinatlı polis qüvvələrinin onun qaldığı evə reyd keçirməsindən sonra həbs olunub.

Reyd keçirilərkən Atambayevin tərəfdarları polisə silahlı müqavimət göstəriblər, nəticədə bir polis əməkdaşı ölüb, onlarla adam yaralanıb.

Qırğızıstanda iyirmi ildən az müddətdə iki inqilab baş verib, son il ərzində isə eks-prezidentlə onun varisi Sooronbay Jeenbekov arasında getdikcə kəskinləşən qarşıdurma yaranıb.

Çərşənbə axşamı Baş prokuror tərəfindən eks-prezident Atambayevə qarşı "qanunsuz olaraq silahgəzdirmə", "xüsusi təyinatlı qüvvələrin zabitinin öldürülməsi", "girovgötürmə" və "kütləvi iğtişaşların təşkili" maddələri əsasında ittihamlar irəli sürülüb.

Qırğızıstan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Orozbek Opumbayev isə keçmiş rəhbərin "dövlət çevrilişi təşkil etmək niyyətində" olduğunu bildirib.

Saxlanma əməliyyatı

Fotonun müəllifi Getty Images

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev avqustun 26-na kimi həbs olunub.

Onun vəkili Sergey Slesarov 24.kq xəbər agentliyinə bildirib ki, saxlanma ilə bağlı heç kim hər hansı sənəd təqdim etməyib: "Söz verdilər ki, bu gün təqdim edəcəklər. Müştərimə yalnız bildiriş verdilər və dərhal profilaktik tədbir görüldü".

Almazbek Atambayevə "korrupsiya" maddəsi ilə ilkin ittiham irəli sürülüb.

Fotonun müəllifi 24.kg

Qırğızıstan prezidentinin keçmiş aparat rəhbəri Fərid Niyazov da saxlanıb.

Bişkek Polis İdarəsi cümə axşamı günü baş verən iğtişaş zamanı Almazbek Atambayevin 40 tərəfdarının tutulduğunu bildirib.

Polisin bildirdiyinə görə, cümə gününə keçən gecə baş verən iğtişaşda təxminən 1500 adam iştirak edib.

Səhər Rusiyanın Qırğızıstandakı səfirliyi tvit atıb ki, Bişkekdə sakitçilikdir.

"Keçmiş prezident tərəfdarlarının Bişkekdəki vəziyyəti gərginləşdirmək cəhdləri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dayandırıldı. Avqustun 9-da səhər saatlarında paytaxtda vəziyyət sakitdir", səfirlik Twitter hesabında yazıb.

Agentliklərdə Ala-Too meydanında polis əməkdaşlarının otluqda uzanıb dincəldiyini, qapıçının zibilləri süpürdüyünü göstərən fotoşəkillər yayılıb.

Fotonun müəllifi Getty Images
Fotonun müəllifi Getty Images

Avqustun 7-də xüsusi təyinatlılar sabiq prezidenti saxlamaq istəsələr də, onun tərəfdarları buna imkan verməyib və onlarla təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib.

Növbəti gün eks-prezidentin tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında toqquşma yenidən başlayıb. Xəsarət alanların sayı 98-ə çatıb. Bir təhlükəsizlik əməkdaşı həlak olub. Uzun danışıqlardan sonra Atambayev təhlükəsizlik qüvvələrinə təslim olub.

Elə həmin gün axşam Rusiyanın baş naziri Dmitri Medvedev Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Qırğızıstanın Çölpan-Ata kurortuna gəlib. Medvedev jurnalistlərə bildirib ki, Atambayevin saxlanması ilə bağlı vəziyyəti ölkə rəhbərliyi ilə müzakirə edəcək.

"Bu, əlbəttə ki, Qırğızıstanın daxili işidir. Ancaq biz, əlbəttə, baş verənlərə laqeyd qala bilmərik", o deyib.

İyulun sonunda parlament Atambayevin toxunulmazlığını ləğv etdikdən sonra o, Moskvaya uçmuş və Rusiya prezidenti Vladimir Putin ilə görüşmüşdü.

Bu barədə daha geniş