Azərbaycan-Ermənistan sərhədində dörd sərhəd-döyüş məntəqəsinin istifadəyə verilməsi əslində nə deməkdir?

dörd yeni sərhəd məntəqəsi yaradılıb Fotonun müəllifi ordu.az

Azərbaycan-Ermənistan sərhədinin Qazax istiqamətində Dövlət Sərhəd Xidmətinin "dörd yeni sərhəd-döyüş məntəqəsinin istifadəyə verilməsi" ilə bağlı məlumatı Dövlət Sərhəd Xidməti nə təsdiq, nə də inkar edib.

Ekspertlərə görə, bu, mövcud məntəqələrin Azərbaycan və Ermənistan mövqeləri arasındakı "ölü zonalar" adlandırılan ərazilərdə yerləşdirilməsidir.

Yerli mediada yayılmış məlumat, çərşənbə axşamı günü ordu.az saytının hərbi eksperti kimi təqdim edilən Ədalət Verdiyevin həmin məntəqələr barədə yazısından sonra müzakirə olunmağa başlayıb.

DSX-nın mətbuat xidməti BBC News Azərbaycancanın bu barədə suallarını həmin məqaləyə yönləndirib.

Yeni zastavalara ziyarət etdiyini deyən və oradan fotolar paylaşan Ədalət Verdiyev deyir ki, Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının Babakar dağı istiqamətində Qazax Sərhəd Dəstəsinin sərhəd-döyüş məntəqələri daha irəli mövqelərə çəkilib.

"Onların təhlükəsizlik baxımından nə qədər məsafədə olduğunun deyilməsi məqsədəuyğun deyil", Ədalət Verdiyev BBC News Azərbaycancaya müsahibəsində deyib.

Ancaq o, mövqelərin Ermənistanın döyüş mövqelərinə "daha da yaxınlaşdırıldığını" vurğulayır.

Cənab Verdiyev hesab edir ki, mövqelərin genişləndirilməsi, döyüş məntəqələrinin artırılması ölü zonaların aradan qaldırılmasına səbəb olur.

O deyir ki, manevr imkanlarını genişləndirməklə Azərbaycan ordusu qarşı tərəfin manevr imkanlarını məhdudlaşdırmış olur.

"İkincisi, ölü zonalar məfhumu var, yəni önümüzü görürük, amma önümüzdəki hansısa kiçik bir təpənin arxasında yerləşən düşmən mövqeyində nə baş verir onu görə bilmirik. Yeni məntəqələr [vasitəsilə -red.] düşmənin həmin ölü zonalardan istifadəsini əngəlləyirik".

Ədalət Verdiyevin sözlərinə görə, hazırda mühəndis-istehkam işlərinin davam etdirildiyi məntəqələrin yaradılmasına yaz aylarında başlanılıb və təhvil verilən məntəqələrlə yanaşı, digərlərinin də tikintisi davam etdirilir.

Hərbi məsələlər üzrə təhlilçi Üzeyir Cəfərov BBC News Azərbaycancaya bildirib ki, mövqelərin irəli çəkilməsinin əhəmiyyəti ondan ibarətdir ki, erməni qüvvələri "bizim mövqeləri, o cümlədən, mülkiləri atəş altında saxlayırdı. Mövqelərin irəli çəkilməsi ilə artıq o qorxu yoxdur".

O deyir ki, mövqelərin irəli çəkilməsi ilə "Cocuqmərcanlı və Lələtəpədə Horadiz və ətraf məntəqələr təhlükəsiz vəziyyətə gətirilib, indi Qazax tərəfdə də təhlükəsiz vəziyyət yaradılır", cənab Cəfərov əlavə edib.

DSX Sərhəd Qoşunlarının "Qazax" sər­həd dəs­təsinin yeni hərbi his­səsi xidməti mart ayında istifadəyə verilib, DSX-nın saytında yazılır.

Təhlilçilərə görə, yeni sərhəd-döyüş məntəqələri bu hərbi hissə xidmətinə aiddir.

Azərbaycan və Ermənistan arasında hərbi münaqişə ötən əsrin axırlarında başlayıb. Tərəflər arasında 1994-cü ildə atəşkəs imzalansa da, hər iki ölkə tez-tez atəşkəsin pozulduğunu bildirir.

Bu barədə daha geniş