Əmək pensiyalarının minimum məbləğinin "250 manata artırılması ədalətli olardı" - təhlilçilər

Əmək pensiyaları artırılır

İki yüz manat təqaüdçülərin yaşayış ehtiyaclarının ən aşağı səviyyədə qarşılanmasına belə kifayət etməyəcək, təhlilçilər deyirlər.

Təhlilçilər bunu Azərbaycanda əmək pensiyalarının minimum məbləğinin artırılmasını şərh edərkən bildirirlər.

Prezident İlham Əliyevin çərşənbə axşamı günü "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı fərmanından sonra əmək pensiyasının minimum məbləği 2019-cu il oktyabrın 1-dən 200 manat məbləğində müəyyən olunub.

Pensiyaçılar üçün yaşayış minimumunun dəyəri 2018-ci ildə hesablanıb və il sonunda parlament tərəfindən təsdiq olunub.

İqtisadi təhlilçi Qubad İbadoğlu BBC News Azərbaycancaya deyib ki, hazırda pensiyaçı üçün yaşayışın minimum dəyərinin hesablanmasında istifadə olunan Nazirlər Kabinetinin müvafiq normativləri bu günki reallıqları "nəzərə almır".

"Düşünürəm ki, həmin o minimuma daxil olan ərzaq, qeyri ərzaq, xidmətin xüsusi çəkisi günün tələblərinə cavab vermir. İkincisi isə həm ötən illə, həm də 2015-ci illə müqayisədə ölkədə qiymətlər kəskin şəkildə bahalaşıb".

Qubad İbadoğlunun sözlərinə görə, həmçinin 2015-ci illə müqayisədə ölkədə həm əhalinin, həm də pensiyaçıların istehlakının strukturunda dəyişiklik baş verib və bunlar son hesablamalarda nəzərə alınmayıb.

Nazirlər Kabineti BBC News Azərbaycancanın bu barədə suallarını hələ ki şərh etməyib.

"Azərbaycanda minimum istehlak səbətinin tərkibi"nin son redaksiyada tətbiqi Nazirlər Kabinetinin qərarı ilə 2015-ci ilin yanvar ayının 1-dən qüvvədədir.

"200 yox, 238 manatdan çox olmalıdır"

"Yəni hazırda pensiyaçıya ödəniləcək minimum məbləğ 238 manatdan çox olmalıdır. Ona görə də mən düşünmürəm ki, pensiyaçı üçün bu minimum kifayət edəcək. Daha ədalətli ola bilərdi ki, pensiyaçılar üçün minimum təqaüdün məbləğini 250 manata - minimum yaşayış məbləğinə qədər artırsınlar", - Qubad İbadoğlu bildirib.

Cənab İbadoğlu deyir ki, artımın oktyabr ayında edilməsi "sual doğuran məqamdır".

"Buna ehtiyac vardısa daha əvvəldən tətbiq oluna bilərdi. Hökumət çalışır ki, belə addımları il sonu atsın. Burada yeganə məqsəd bu cür ödəmələri il sonuna yaxınlaşdırmaqla həm təqaüdçülərə, həm də minimum əməkhaqqı alanlara dövlət büdcəsi və sosial müdafiə fondundan az vəsait ayrılmasını təmin etməkdir".

Təhlilçi onu da deyir ki, bu il artırılmış minimumlar üçün cari proqnozlaşdırılmış büdcədə əlavə vəsait tapmaq mümkündür, çünki onun təbirincə, bəzi xərclərin icrası aşağı səviyyədə təmin olunacaq və oradan da müəyyən qənaət vəsaitləri əldə edilərək bu məqsəd üçün xərclənəcək.

"Amma növbəti il üçün büdcədə gərginlik olacaq. Gələn il üçün büdcədə indiki xərclərin səviyyəsi baza olaraq götürülərsə, yəqin ki, büdcə ən azı 28-30 milyard manat arasında proqnozlaşdırılmalıdır və eyni zamanda kəsiri ən azı 1,5-2 milyard manat olmalıdır ki, sosial öhdəlikləri növbəti ilin büdcəsindən qarşılaya bilsinlər", Qubad İbadoğlu qeyd edir.

İyulun sonunda prezident İlham Əliyev, sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirədə pensiyalarla bağlı artımı "əhəmiyyətli" adlandırıb və əlavə edib ki, "əlbəttə ki, buna böyük maliyyə vəsaiti lazımdır. Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik."

"Vergilər Nazirliyi və Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox vəsait daxil olub. Hesab edirəm ki, biz ilin sonuna qədər bu yolla gedəcəyik. İndi proqnoz vermək çətindir, amma hesab edirəm ki, plandan əlavə təxminən 700-800 milyon manat vəsait gözlənilir", cənab Əliyev bildirib.

Yeni dəyişikliyə əsasən, əmək pensiyasının məbləği təyin edilmiş minimumdan aşağı olarsa, həmin məbləğə çatdırılmaqla ödənilir.

Əmək pensiyaları sonuncu dəfə 2019-cu ilin mart ayının 1-də 38,5 faiz artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılıb.

Bu barədə daha geniş