Deputat İqbal Məmmədovun oğlu və digər 5 nəfər barəsində həbs qətimkan tədbiri seçilib

Video açılmasa, YouTube-da izləyin.

Lerikdəki istirahət mərkəzində Vergilər Nazirliyinin əməkdaşları və mərkəzin rəhbərliyi arasında toqquşmadan sonra deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı və digər 5 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Ötən həftə sənu nazirliyin əməkdaşları "Relax" İstirahət və Turizm Mərkəzinə "vergidən yayınma əsaslarına görə vergi yoxlaması aparmaq üçün" gediblər.

Bu zaman Vergilər Nazirliyinin və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə istirahət mərkəzinin rəhbərliyi arasında qarşıdurma baş verib.

Sosial mediada yayılan və həmin insidentdən olduğu deyilən video görüntülərdə İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı və qardaşı oğlu olduğu iddia olunan Orxan Məmmədovun vergi əməkdaşları ilə dalaşdığı görünür.

Video görüntülərdə Orxan Məmmədov olduğu iddia olunan şəxs vergi əməkdaşlarını və polis əməkdaşı geyimində olan şəxsləri hadisə yerindən qovmağa çalışır və təhqiramiz ifadələrdən istifadə edir.

Onlar Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma və hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddələri ilə məhkəmənin qərarına əsasən həbs olunub, Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq birgə məlumatımda deyilir.

Fotonun müəllifi "Relax" İstirahət və Turizm Mərkəzi

Vergi işçilərinə müqavimət

İstirahət mərkəzinin direktor müavini Famil Kərimov məsələ ilə bağlı Modern.az-a verdiyi açıqlamasında deyib ki, hadisə vergi və hüquq-mühafizə orqanı işçiləri arasında yox, istirahət mərkəzindəki turistlər arasında baş verib.

"Avqustun 15-dən etibarən "Relax" istirahət mərkəzində Vergilər Nazirliyi tərəfindən dövrü vergi yoxlamalarına başlanılıb. Dünən isə istirahətə gələn turistlər arasında mübahisə yaranıb. Həmin an vergi işçiləri də orada olub. Hadisə zamanı vergi işçiləri arasında döyülənlər olmayıb", - Famil Kərimov bildirib.

Rəsmi məlumat isə istirahət mərkəzinin direktor müavininin dediklərini təkzib edib. Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun yaydığı birgə məlumatda deyilir ki, avqustun 16-da nəzarət tədbirlərini həyata keçirmək üçün "Relax" İstirahət və Turizm Mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşları müqavimətlə üzləşib və əraziyə buraxılmayıblar.

Məlumatda deyilir ki, mərkəzə gələn Lerik rayon Polis Şöbəsinin əməkdaşlarının, Lerik rayon İcra Hakimiyyəti nümayəndələrinin məsələyə müdaxiləsi nəticə verməyib və özünü istirahət mərkəzinin vəzifəli şəxsləri kimi təqdim etmiş şəxslər vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək onlara müxtəlif xəsarətlər yetirib.

Həmçinin qeyd olunur ki, Vergilər Nazirliyinin xidməti istifadəsində və nazirlik əməkdaşlarının şəxsi istifadələrində olan avtomaşınlara daş parçaları ilə zədələr yetiriblər.

8 aya 972 manat vergi

Rəsmi məlumatda deyilir ki, "Relax" İstirahət və Turizm Mərkəzinin dövlət büdcəsinə ödədiyi vergilər kəskin azaldığına görə mərkəzin real vergi potensialını ölçmək məqsədilə ərazidə vergi yoxlamaları keçirilib.

Sahəsi 14 hektardan çox ərazidə yerləşən, qonaqların qalması üçün 142 nömrədən və müxtəlif təyinatlı 20 obyektdən ibarət olan mərkəz 2018-ci ildə 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat vergi ödəyib.

""Relax" istirahət mərkəzi vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidənyayınma məqsədi ilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilmiş, bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstərmişlər", - məlumatda deyilir.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə bütün xüsusatların, əməllərində cinayət tərkibi olan şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyi bildirilir.

Hazırda "Relax" İstirahət və Turizm Mərkəzində vergi nəzarəti tədbirləri davam edir.

"Relax" İstirahət və Turizm Mərkəzinin Milli Məclisin deputatı İqbal Məmmədova aid olduğu iddia edilir.

Vergilər Nazirliyinin rəsmi saytında göstərilir ki, "Relax Resort and Spa Hotel"in (2018-ci ildə rəsmi qeydiyyatdan keçib) mərkəzin rəsmi təmsilçisi Nərimanlı Mirhəmid İqbal oğludur.

"Relax Lerik"-in (2017-ci ildə rəsmi qeydiyyatdan keçib) qanuni təmsilçisi isə İqbal Məmmədovun qardaşı olduğu deyilən Məmmədov Çingiz Nəriman oğludur.

Əlaqəli mövzular

Bu barədə daha geniş