Donald Trump John Boltonu işdən azad edib

Con Bolton John Bolton Fotonun müəllifi Reuters

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Trump Milli Təhlükəsizlik məsələləri üzrə köməkçisi John Boltonu işdən azad edib.

Donald Trump öz Twitter hesabından bildirib ki, rəhbərlik etdiyi administrasiyanın bir çox əməkdaşı ilə olduğu kimi Boltonun da bir sıra mülahizələri ilə qətiyyən razılaşmayıb.

"Mən John-dan xahiş etdim ki, öz postunu tərk etsin və onun istefasını bu gün səhər qəbul etdim. John-a işinə görə təşəkkür edirəm. Gələn həftə milli təhlükəsizlik məsələləri üzrə yeni məsləhətçini təyin edəcəm", - Trump yazıb.

Bolton özü isə Twitter hesabında bildirib ki, "istefasını prezidentə axşamdan bildirib", Trump isə ona "gəl, bunu sabah müzakirə edək deyib".

John Bolton Milli Təhlükəsizlik Məsələləri üzrə Trump-ın qovduğu dördüncü müşavirdir. Daha əvvəl onun administrasiyasında bu vəzifəni Suzan Rays, Maykl Flin və Herbert Makmaster icra edib.

Yetmiş yaşlı Bolton ötən ilin aprelində Amerika Birləşmiş Ştatları prezidentinin məsləhətçisi təyin olunub. Buna qədər isə o, ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi və dövlət katibinin köməkçisi vəzifələrində çalışıb.

"Boltonu Amerikada ən qızğın siyasətçilərdən biri hesab edirlər, Trump isə Ağ evə az qala təcridçi kimi gəldi", - BBC-nin Rus Xidmətinin Vaşinqtondakı müxbiri Vladimir Kozlovski vurğulayıb.

Fotonun müəllifi Getty Images
Image caption Trump onu özü öz məsləhətçisi təyin etsə də, onların fikirləri bir çox məsələlərdə haçalanıb.

Media da Boltonu Trump administrasiyasının ən nüfuzlu simalarından biri adlandırıb, lakin vurğulanıb ki, prezidentlə köməkçisi arasında tez-tez fikir ayrılığı yaşanır.

Avqustun sonunda Bolton Minskə səfər edib, o indiyədək - XXI əsrdə bu ölkəyə gəlmiş ən yüksək vəzifəli Amerika məmuru olub. Belarusa səfərindən əvvəl John Bolton Ukrayna və Moldovaya da baş çəkib.

Baxışlardakı müxtəliflik

"John Bolton Trump administrasiyasında həmişə fərqlənib", BBC-nin Şimali Amerika üzrə müxbiri Entoni Zurker deyib.

Bu vəzifəyə təyinat almazdan öncə Fox News-dakı şərhləri ilə prezidentin rəğbətini qazanıb, lakin Trump və Boltonun xarici siyasətə dair düşüncələri çox fərqlidir.

Xüsusilə Bolton İraqdakı hərbi kampaniyanı dəstəklədiyini hər zaman söyləyib, Trump isə bunu ABŞ-ın əsas hərbi səhvlərindən biri adlandırıb.

Bolton 2018-ci ilin aprelində Milli Təhlükəsizlik Müşaviri vəzifəsinə təyin olunarkən Prezident Trump Şimali Koreya və Rusiya ilə münasibətlərində sülh sərgiləyici mövqe tutub. Entoni Zurkerin fikrincə, bu, ABŞ-ın uzunmüddətli xarici siyasətinə ziddir.

Bundan başqa, Trump və Bolton arasında Əfqanıstan və İran mövzusunda fikir ayrılıqları vardı, bu isə onların birgə fəaliyyətini mümkünsüz edib.

Fotonun müəllifi EPA
Image caption Vladimir Putin John Boltonla 2018-ci ilin iyun ayında Moskvada görüşüb.

Moskvanın mənfi reaksiyası

Rusiya hökumətində Boltonun işdən qovulmasına reaksiyalar fərqli olub.

Rusiya Dövlət Dumasının Xarici İşlər Komitəsi sədrinin müavini Alexey Chepa-nın sözlərinə görə, Boltonun istefası pis simptomdur, çünki o, Trump administrasiyasında bir kadr dəyişikliyindən bəhs edir hansı ki, Boltonun işi zamanı əldə olunan razılaşmaları şübhə altına alır.

Eyni zamanda, Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Konstantin Kosachev hesab edir ki, Boltonun istefası ilə Strateji Hücum Silahlarının daha da azaldılması və məhdudlaşdırılması tədbirləri haqqında müqavilənin (START-3) uzadılması şansları arta bilər.

"Bolton həmişə strateji sabitlik və silah nəzarətinə dair razılaşmaların əleyhinə olub. İnanırdı ki, bu məsələlər ABŞ-ı hədsiz dərəcədə məhdudlaşdırır və üstünlüyünü nümayiş etdirmələrinə mane olur", Kosaçev bildirib.

Qovulma ilə bağlı bilinənlər

John Bolton ABŞ-ın Trump tərəfindən işdən uzaqlaşdırılan üçüncü Milli Təhlükəsizlik Müşaviridir. Boltonun yerinə onun köməkçisi Charlie Kupperman müvəqqəti məsləhətçi təyin edilib. Kupperman əvvəllər əsas müdafiə firmaları - Lockheed Martin və Boeing-də rəhbər vəzifələrdə çalışıb.

Image caption John Bolton çərşənbə axşamı günü səhər saatlarında istefasından öncə müxbirlərin kamerasına tuş gəlib.

Boltonun istefa edib-etməməsi və ya Trump-ın təşəbbüsü ilə işdən çıxarıldığı bəlli deyil. ABŞ prezidenti Boltonun bir çox təklifi ilə qətiyyən razılaşmadığını və buna görə də ona istefa verməyi təklif etdiyini bildirib. Lakin Bolton bazar ertəsi istefa ərizəsini özünün verdiyini söyləyir.

Rəsmi olaraq onun getməsinin səbəbi açıqlanmır, lakin Bolton və Trump-ın ABŞ prezidentinin "Taliban" hərəkatının (Rusiyada qadağan olunmuş) nümayəndələrini onun ABŞ-dakı Camp David iqamətgahına dəvət etmək planları ilə bağlı fikir ayrılıqları olduğu barədə ehtimallar var.

Dövlət katibi Mayk Pompeo, Bolton ilə tez-tez razılaşmadığını təsdiqləyib və deyib ki, prezidentin komandasına onun etibar etdiyi və qiymətləndirdiyi insanlar daxil olmalıdır.

Bu barədə daha geniş