İntihar etmiş Elina Hacıyevanın keçmiş məktəb direktorunun məhkəməsi olub

Elina Hacıyeva, anım mərasimi Fotonun müəllifi azvision.az
Image caption Elina Hacıyeva 2019-cu ilin aprelin 4-də özünü təhsil aldığı 162 saylı məktəbin pəncərəsindən ataraq intihar edib.

Cümə axşamı günü Bakı Şəhəri Səbail Rayon Məhkəməsində aprel ayında intihar etmiş 162 nömrəli məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı məhkəmə iclası keçirilib.

Hakim Azər Tağıyevin başçılığı ilə keçirilən iclasda məktəbin keçmiş direktoru Sevinc Abbasovanın işinə baxılıb.

Sevinc Abbasovaya qarşı ilk olaraq "özünü öldürmə həddinə çatdırma" maddəsilə başlamış cinayət işinə istintaq tərəfindən xitam verilib, iş daha sonra "təhlükədə qoyma və səhlənkarlıq", "zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda" maddələri ilə davam etdirilib və baxılmaq üçün məhkəməyə göndərilib.

"Elina Hacıyeva işi"ndə çalışan zərərçəkmiş tərəfin vəkillərindən Sevinc Əliyeva bildirib ki, ilkin məhkəmə iclasında verilmiş iki vəsatətdən "heç biri qəbul edilməyib".

Vəkil Sevinc Əliyeva bildirib ki, yalnız bir mülki iddia təmin olunmasa da, icraata qəbul olunub.

"Elina Hacıyevanın hüquqi varisi Sevil Hüseynovaya dəyən maddi və mənəvi zərərə görə açılan mülki iddiada cavabdeh tərəflər Təhsil Nazirliyi və məktəbin direktoru Sevinc Abbasovadır. Təhsil Nazirliyini də cavabdeh qismində cəlb etdik, çünki qanunvericiliyə görə işçinin səhvi nəticəsində törədilmiş ziyana görə işəgötürən də cavabdehdir",- vəkil bildirib.

Onun sözlərinə görə, Sevinc Abbasovanın vəkili məhkəmədən bu iddianı icraata götürməməyi xahiş edib.

Vəkil Əliyeva onu da qeyd edib ki, "Sevinc Abbasova bu işdə heç bir təqsirinin olmaması ilə bağlı vəsatət də verib".

Vəkillərin vurğuladığı digər bir məsələ isə hələ də "heç bir həkimin məsuliyyətə cəlb edilməməsidir".

Zərərçəkmiş tərəfin digər vəkili Emin İsayev bildirir ki, zərərçəkmiş tərəf həkim məsuliyyətinin olub-olmamasını öyrənmək üçün təkrar ekspertiza çıxarılmasını istəyib.

"Artıq istintaq sirri deyil deyə bütov iş üzrə sənədləri inandığımız-güvəndiyimiz vəkil-ekspertə təqdim etmişik. O mütəxəssis rəyi hazırlayacaq. Orda doğrudan da sübut olunsa ki, açıq-aydın həkim səhvi var. Biz bu barədə yenidən yeni vəsatətlərlə çıxış edəcəyik", - vəkillər bildirib.

Sevinc Abbasova haqqında 2019-cu ilin aprel ayında cinayət işi açılmış və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

Keçirilən məhkəmə iclası ictimaiyyətə açıq olsa da, BBC News Azərbaycancanın məhkəməyə yollanmış jurnalistləri və digər jurnalistlər və fəallar məhkəmə binasına buraxılmayıb. Onlara bu barədə hər hansı bir səbəb bildirilməyib.

Nə baş verib?

Elina Hacıyeva 2019-cu ilin aprelin 4-də özünü təhsil aldığı 162 saylı məktəbin pəncərəsindən ataraq intihar edib.

O, xəstəxanaya aparılsa da, aldığı çoxsaylı zədələrə görə iki gün sonra xəstəxanada vəfat edib.

Baş Prokurorluq hadisə bağlı Cinayət Məcəlləsinin "özünü intihar həddinə çatdırma" maddəsi üzrə cinayət işi açsa da, ilkin rəsmi məlumatda yeniyetmə qızın məktəbin 3-cü mərtəbəsindən yıxıldığını qeyd etmişdi.

Elina Hacıyevanın anası Sevil Hüseynova BBC News Azərbaycancaya deyib ki, o, məktəbdə qızına qarşı olan pis davranışlar barədə məktəb müəllimlərinə və direktoruna dəfələrlə müraciət edib, amma bir tədbir görülməyib.

Sevil Hüseynova ölümlə bağlı "məktəbin direktorundan, dərs hissə müdirindən, həkimlərdən, bu işdə əli olan hər kəsdən şikayət etmişik" deyib.

Bu barədə daha geniş