Ermənistanda qızıl mədəninin istismarına qarşı etiraz aksiyası keçirilib

Ermənistan paytaxtında ekoloji hərəkat fəalları Amulsar (tərcümədə Qısır dağ-red.) qızıl yatağının istismar edilməsinə qarşı mitinq keçiriblər.

Amulsar qızıl mədəninin işlədilməsinə qarşı çıxış edən ekoloqlar sentyabrın 20-ni ekoloji səfərbərlik və ekoloji ədalət günü elan edərək, bütün vətəndaşları qızıl yatağının istismarına yol verməmək üçün etiraz tədbirlərinə hazırlaşmağa çağırıblar.

Həmin gün, fəallarda olan məlumata görə, Ermənistan hökuməti yatağın istismarı haqqında yekun qərar qəbul etməlidir.

Amulsar qızıl yatağı problemi bir aydır ki, qızğın mübahisə mövzusu olub. Nikol Paşinyan hökuməti layihənin həyata keçirilməsinə start vermək niyyətini gizlətmir. Lakin buna qarşı yatağın 13 kilometrliyində yerləşən Jermuk kurort şəhəri və ətraf yaşayış məntəqələrin sakinləri çıxış edir.

Nikol Paşinyan bildirib ki, bütün qərarlar qanuna əsaslanmalıdır.

"Əgər biz bu gün Amulsar yatağını qanunsuz bağlasaq, sabah bir media orqanını, o biri gün bir zavodu və sairə bağlayarıq" o, parlamentdə sual-cavab zamanı bildirib.

Amulsar yatağı fevral ayından ətraf mühitə təsirini yoxlamaq üçün dayandırılıb.

Yerli sakinlər və ekoloqlar deyir ki, mədənin istismarı Jermuk bölgəsinin unikal təbiətini, yeraltı suları və Sevan gölü hövzəsini çirkləndirə bilər, ekoloji fəlakət doğurar, BBC-nin Yerevan müxbiri Aleksey Manvelyan xəbər verir.

Avqustun 15-də Ermənistan İstintaq Komitəsi 2018-ci il 20 iyul tarixli cinayət işi əsasında Earth link & Advanced Resources Development (ELARD) şirkətinin ekspert rəyini təqdim edib.

İstintaq Komitəsi yekun qərara gəlib ki, yatağın istismarını ekoloji təhlükə kəsb etmir, mümkün risklər isə, müvafiq tədbirlər görüldükdə, nəzarət oluna bilər.

İki həftədən sonra Baş nazir Nikol Paşinyan, Amulsar qızıl yatağının 100 faiz səhmlərinin sahibi Lydian Armenia şirkətinin iştirakı ilə, ELARD nümayəndələri ilə video konfrans keçirib və nəticədə yeni araşdırma və qiymətləndirməyə ehtiyac olduğu üzə çıxıb.

Amulsar yatağının istismarı Lydian International Açıq Səhmdar Cəmiyyətinə məxsusdur.

Yatağın geoloji-kəşfiyyat işləri 2007-ci ildə başlanıb, 2015-ci ildə istismar olunmsının ekoloji və sosial ekspertizası başa çatıb.

Lakin ekoloji hərəkat fəalları yatağın istismarına qarşı çıxış edib, Amulsar mədəninə aparan yolları bağlayıblar.

2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra İstintaq Komitəsi Lydian Armenia şirkətini ətraf mühitə zərər vurmaqda şübhəli bilib və ona qarşı cinayət işi qaldırıb.

Amulsar, təxminən 31 milyon ton filiz və 40 ton təmiz qızıl ehtiyatlarına görə Ermənistanda ikinci qızıl yatağı sayılır.

Bu barədə daha geniş