"Əsrin müqaviləsi" 25 il sonra: qazanclar və itirilmiş fürsətlər

Xəzərdə neft platforması Fotonun müəllifi President.az
Image caption Xəzərdə neft platforması

Azərbaycanın xarici neft şirkətləri ilə sonralar "Əsrin müqaviləsi" kimi adlandırılan müqaviləni bağlamasından 25 il ötür.

Hakimiyyət nümayəndələri "Əsrin müqaviləsi"ni "tam qələbə" kimi şərh etsələr də, tənqidçilər bu müqavilə müddətində "xeyli itirilmiş fürsətlərin olduğunu" deyirlər.

Azərbaycan neft yataqlarının xarici şirkətlərə hasilat üçün verilməsi barədə SSRİ dövründən başlayan danışıqlar 1994-cü il sentyabrın 20-də Bakıda başa çatdı və nəticədə "Hasilatın pay bölgüsü" sazişi imzalandı.

Bu müqavilə Azərbaycan Dövlət Neft Şirkəti ilə altı xarici ölkənin 10 neft şirkətini birləşdirən konsorsium arasında imzalanıb.

Hakimiyyət neft gəlirləri sayəsində ölkədə iribüdcəli layihələr həyata keçirdiyini, bu müqavilənin ölkəyə təkcə daxili yox, həm də xarici investor kimi davranmağa imkan yaratdığını vurğulayır.

Bəzi müstəqil iqtisadçılar neftdən gələn gəlirlərin böyük layihələrə, infrastruktur yaradılmasına sərf olunduğu fikirləri ilə razılaşsalar da, xərcləmələrdə şəffaflıq məsələsinin öz həllini tapmadığını və neft gəlirlərinin əhalinin əksər hissəsinin sosial vəziyyətini yaxşılaşdırmadığını söyləyirlər.

Hakimiyyət tənqidçilərinin fikrincə, "Əsrin müqaviləsi" Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində və daxili "sabitlikdə" rol oynasa da Qarabağ münaqişəsinin həllinə siyasi təsir göstərə bilməyib.

"Əsrin müqaviləsi"nin iqtisadi təsirləri

"Əsrin müqaviləsi" Azərbaycana xarici sərmayənin gəlməsinə imkan yaradıb, iş yerləri açılıb, infrastruktur formalaşıb, iqtisadçı Qubad İbadoğlu BBC News Azərbaycancaya deyib.

O, buna görə də müqaviləni "iqtisadi mənafelərə yönələn sənəd" sayır.

"Bütövlükdə bu müqavilədən Azərbaycana çatan vəsaitin həcmi 200 milyard dollardan çox olmayıb, onun da 80 faizə qədəri artıq xərclənib. Ortada iqtisadi baxımdan gözəçarpan nəticələr var, amma siyasi baxımdan yoxdur. Müqavilə imzalanandan sonra beynəlxalq səviyyədə Azərbaycanın nüfuzunun artması, Azərbaycanla bağlı müzakirələrdə onun mövqeyinin gücləndirilməsi halı müşahidə olunmadı", cənab İbadoğlu əlavə edib.

O, Azərbaycanın hələ də neft hasilatını sərbəst şəkildə deyil, xarici şirkətlərlə birgə aparmağa üstünlük verməsini mənfi hal sayır: "25 il keçməsinə baxmayaraq, hələ də Azərbaycan Dövlət Neft Şirkəti beynəlxalq standartlara cavab verən bir şirkətə çevrilməyib. Bu həm də Azərbaycan iqtisadiyyatını neftdən asılı elədi, hakimiyyətdə arxayınçılıq yaratdı".

Prezident İlham Əliyev bir çıxışında bildirib ki, "Əsrin müqaviləsi", "Şahdəniz" yatağı üzrə imzalanmış və icra edilən müqavilə Dövlət Neft Şirkətini böyük beynəlxalq şirkətə çevirib.

"Bu gün həm ölkə daxilində, həm xaricdə Azərbaycan Dövlət Neft Şirkətinin çox böyük fəaliyyəti var. Bizim xaricə qoyduğumuz investisiyalar milyard dollarla ölçülür. Təkcə Türkiyədəki layihələrə 20 milyard dollara yaxın sərmayə qoyulması nəzərdə tutulub ki, onun təxminən yarısı artıq yatırılıb", İlham Əliyev ötən ilki çıxışında deyib.

Image caption Əli Kərimli: "Elçibəy hakimiyyəti zamanı hazırlanan layihə Azərbaycan xalqının maraqlarına daha uyğun idi. Sonradan pay bölgüsündə Azərbaycana çatacaq faizlər, həm də Dövlət Neft Şirkətinin faizləri azaldıldı"

"Nə iqtisadi şaxələnmə var, nə iqtisadi, nə də iqtisadi rəqabət"

Müxalif Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimlinin fikrincə, "Əsrin müqaviləsi" ümidləri doğrulmayıb, Azərbaycan cəmiyyəti nefti özününkü hesab etmir, "xalq, demək olar ki, neftdən bir fayda görməyib".

"Əsrin müqaviləsi" imzalanandan dörd il sonra, 1999-cu ildə Azərbaycanın o vaxtkı prezidenti Heydər Əliyevin göstərişi əsasında Neft Fondu yaradlılıb. Azərbaycana gələn neft gəlirləri Fonda yığılır və bu qurum vasitəsilə xərclənir.

Ölkə büdcəsi, əsasən, neft gəlirlərindən formalaşdığı üçün hökumət dünya bazarında neftin qiymətini həssaslıqla izləyir.

Əli Kərimli hesab edir ki, Azərbaycan 150 milyard dollardan artıq pul əldə edib, amma Azərbaycan iqtisadiyyati nə şaxələnib, nə inkişaf edib, nə də rəqabət qabiliyyətli olub.

"Birincisi gözlənirdi ki, Azərbaycana böyük pullar gələcək və bu pullar müasir iqtisadiyyatın qurulmasına gətirib çıxaracaq. Artıq şaxələndirilmiş, qeyri-neft sektorunun inkişaf etdiyi, bütün başqa sahələrə təkan kimi düşünülürdü. Təəssüf ki, bu gözlənti özünü doğrultmadı", Əli Kərimli deyib.

Image caption Hakim partiyadan deputat Hadı Rəcəbli deyir ki, Azərbaycan vətəndaşı hər addımında neft müqaviləsinin təsirlərini hiss edir.

"... qara eynəklərini çıxarmağı məsləhət bilirəm"

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü Hadı Rəcəbli "Əsrin müqaviləsi" haqqında səslənən ittihamlara cavab verərkən deyib ki, "biz gərək o günləri yaddan çıxarmayaq".

"Azərbaycanda işıq, qaz yox idi, kataklizmlər baş verirdi, vətəndaşların güzaranı dəhşətli dərəcədə idi, əmək haqlarını, pensiyaları vaxtında ala bilmirdi. "Əsrin müqaviləsi"ndən sonra Azərbaycan vətəndaşının həyatında çox ciddi dəyişikliklər oldu. Azərbaycan vətəndaşının güzəranı yaxşılaşdı", Hadı Rəcəbli deyib.

Onun sözlərinə görə, o dövrdə Azərbaycan üçün iki mühüm addım atılıb ki, bunlardan biri atəşkəs idi, o biri iqtisadi reformalarla bağlı Azərbaycana xarici investisiyanın gətirilməsi idi.

Deputat deyir ki, Azərbaycan vətəndaşı hər addımında neft müqaviləsinin təsirlərini hiss edir.

"Bu günləri biz həmin o neft gəlirlərini eyni zamanda büdcədə də istifadə edirik, neft gəlirləri qaçqın və məcburi köçkünlər üçün yaşayış binalarının tikilməsində istifadə olunur, həmin gəlirlərlə Neft Fondu yaradıldı. Bunu görmək istəməyənlərə mən gözlərindən qara eynəklərini çıxarmağı məsləhət bilirəm", hakim partiyanın təmsilçisi bildirib.

"Bu gün "Əsrin kontraktı"nın nəticələri, sadəcə olaraq, Neft Fonduna gələn gəlirlərlə ölçülmür. Bunun çox geniş və çox böyük təsiri olub və bu gün də var. Biz "qara qızıl"ı insan kapitalına çevirə bildik", Prezident İlham Əliyev çıxışlarının birində deyib.

O, Azərbaycanın neft gəlirlərindən çox səmərəli istifadə edildiyini və aparılan iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının şaxələndiyini, qeyri-neft sektorunun inkişafına şərait yaradıldığını dəfələrlə vurğulayıb.

2014-cü ildə dünya bazarında neftin qiymətinin kəskin düşməsi Azərbaycana təsirsiz ötüşməyib. Bir ildə manat dollara qarşı iki dəfə ucuzlaşıb, bir neçə bank müflis olub, maliyyə sektoru uzun müddət iflic vəziyyətinə düşüb.

2015-ci ildə Xızıda bir hotelin açılışında İlham Əliyev qeyri-neft sektorunun inkişafının vacibliyindən danışarkən "nefti, qazı kənara qoymağı, ümumiyyətlə unutmağı" təklif edib.

Bir il sonra o, Münhen Təhlükəsizlik Konfransında neftin qiymətinin kəskin aşağı düşməsinin ölkə üçün gözlənilməz olduğunu, "bu dövrə hazır olmadıqlarını" etiraf edib.

Son bir neçə ildə neftin dünya bazarında qiymətinin artması Azərbaycan büdcəsini də dirçəldib və hökumət 2015-16-cı illərdə təxirə saldığı iri büdcəli investisiya layihələrinə yenidən vəsait ayırmağa başlayıb.

"Əsrin müqaviləsi"nin siyasi təsirləri

Fotonun müəllifi Getty Images

AXCP sədri Əli Kərimliyə görə, gözləntilərdən biri də neft müqaviləsinin Azərbaycanın Qərbə inteqrasiyasına təkan verməsi olub, amma onun firkincə, bu, reallaşmayıb.

Əli Kərimli əlavə edib ki, 25 ildə ölkədə demokratiya, insan haqları sahəsində vəziyyət "ildən-ilə pisləşib", ölkədə "korrupsuya meyilləri güclənib".

"Bu pullar daha qapalı hüquq-mühafizə sistemi yaradıb və onlar demokratik düşüncəni boğmağa yeni-yeni imkanlar qazanıblar".

Əli Kərimliyə görə, hökümətin neft pullarından arxayınlaşması, islahatlar aparmaması və korrupsiya meyilləri "Azərbaycanı demokratikləşmə baxımdan regionun ən geridə qalmış dövlətinə" çevirib. Ona görə də o, neft gəlirlərinin müsbət təsirini "mənfi təsirlərin fonunda cüzi saydığından" bunun haqqında danışmaq belə istəmir.

"Əsrin müqaviləsinin" vətəndaş cəmiyyətinə təsirləri

Image caption Xədicə İsmayıl

Araşdırmaçı jurnalist Xədicə İsmayıl isə hesab edir ki, "bu müqavilə nə dayanıqlı iqtisadiyyat, nə də vətəndaş cəmiyyətinin inkişafı gözləntilərini doğruldub".

Xədicə İsmayıl bildirib ki, "o pullar hesabına" vətəndaşlara fürsətlər yaradılmalı idi:

"Hər şey oliqarxlar üçün oldu, vətəndaşlar üçün olmadı. Biz düşünürdük ki, Qərb şirkətləri bura yeni şəffaflıq tərcübəsi gətirəcəklər. Biz onlardan daha şəffaf təcrübə, demokratik idarəetmə qazanmaq istədiyimiz halda onlar gəlib burada Bizans üsullu biznes təcrübəsini tətbiq etdilər, öz ölkələrində olan standartı burada tətbiq etmədilər".

"Əsrin müqaviləsi"ndə xarici neft şirkətlərini təmsil edən Azərbaycan Beynəxalq Əməliyyat Şirkətinin (ABƏŞ) operatoru, BP Azərbaycan şirkəti bundan əvvəl BBC News Azərbaycancaya bildirmişdi ki, "o yerdə ki, insan haqlarının pis vəziyyəti bizim biznes fəaliyyətimizlə birbaşa bağlı deyil, biz düşünmürük ki, dövlətlərin insan haqlarını qoruması, onlara hörmət və icra etməsinə təsir göstərmək bizim rolumuza daxildir. Biz diqqətimizi öz fəaliyyətimizlə bağlı potensial insan haqları təsirlərinin və risklərinin aşkarlanması və onların həll edilməsi üzərində cəmləşdiririk".

Şirkət 2018-ci ildəki hesabatında qeyd edir ki, yerli universitetlər, məktəblər və uşaq bağçaları vasitəsilə təhsil sahəsinə investisiyanı davam etdirir.

"Biz, həmçinin Azərbaycanın zəngin mədəni irsinin təbliğinə və ölkənin idman potensialının inkişafına da töhfə verdik",- deyə BP Azərbaycan şirkətinin hesabatında qeyd olunub.

Azərbaycanın müstəqil ölkə kimi yaşamasında, iqtisadi potensialının formalaşmasında neft-qaz amili çox böyük rol oynayır, prezident İlham Əliyev 2017-ci ildə çıxışlarının birində deyib.

Onun sözlərinə görə, bir çox ölkələrin zəngin nefti olmasına baxmayaraq, "səfalət içində yaşayır, o ölkələrdə sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc gətirir".

Qarabağa təsiri

Hakimiyyət tənqidçiləri bu neft sazişinin Qarabağ münaqişəsinin həllinə "faydası olmadığını" düşünürlər.

Halbuki 25 il xarici şirkətlərlə neft sazişi imzalananda cəmiyyətdə o ümidlər olub ki, "xarici şirkətlərin təmsil etdiyi ölkələr Qarabağ məsələsində Azərbaycanı dəstəkləyəcəklər", Qubad İbadoğlu BBC News Azərbaycancaya açıqlamasında deyib.

"Bu elə də sadə məsələ deyil", Hadı Rəcəbli hesab edir.

"Azərbaycan dövlətinin ən ciddi problemi Qarabağ problemidir. Hamı bilir ki, dünyada Azərbaycanı istəməyən qüvvələr və ikili standartlar var. Amma dünya gördü ki, Azərbaycan bu məsələnin hərbi yolla da həllinə nail ola bilər, bunu aprel döyüşləri göstərdi. Bu gün daha çox maraqlıyıq ki, məsələni sülh yolu ilə həll edək",- Hadı Rəcəbli deyib.

"Nə edəsən ki, dünyada ikili standartlar var, nə edəsən ki, bu reallıqlar öz həllini vaxtında tapmır", deyə o əlavə edib.

Fotonun müəllifi AZERTAG
Image caption "Əsrin müqaviləsi"nin imzalanma mərasimi

"Əsrin müqaviləsi" nədir?

1994-cü il sentyabrın 20-də Bakıda, Gülüstan sarayında imzalanan neft müqaviləsindən 25 il keçir.

Bu, Azərbaycanla xarici neft şirkətlər arasında mənfəətin bölüşdürülməsi barədə sənəddir.

Azəri, Çıraq, Günəşli yataqları Xəzərin dərin su qatlarında hissəsində yerləşir və Azərbaycanın bu neftı çıxaracaq texnologiyası yox idi.

Azərbaycanla 6 xarici ölkənin 10 məşhur şirkəti bu müqaviləni imzalayıb.

Rəsmi məlumata görə, saziş təxminən 400 səhifə və 4 dildə hazırlanıb və müqavilə tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adını alıb.

Prezident.az saytının məlumatına görə, dəyəri 7,4 milyard dollar olan "Əsrin müqaviləsi"ndə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 10 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) iştirak edib.

Müqavilə nəticəsində hasil olunacaq karbohidrogen ehtiyatına və qoyulan sərmayənin həcminə görə dünyadakı ən iri neft sazişlərindən biridir.

Hökümətin hesablamalara görə hasilatın pay bölgüsü sazişindən sonra Azərbaycanda yoxsulluğun səviyyəsi nisbətən on dəfə, işsizlik 2.6 dəfə azalıb.

2017-ci ildə Bakıda SOCAR və BP-nın rəhbərlik etdiyi konsorsium arasında Azərbaycanın "Əsrin müqaviləsi"nin 2050-ci ilədək işlənməsinə dair yeni saziş imzalanıb.

Bu barədə daha geniş