Trump: "Türkiyə həddini aşsa, iqtisadiyyatını darmadağın edərəm"

Donald Trump Fotonun müəllifi Reuters

Türkiyə Suriyaya hərbi müdaxilə edəcəyini açıqladıqdan sonra Amerika Birləşmiş Ştatlarının (ABŞ) bu ölkənin şimal-şərqində yerləşən qüvvələri bölgədən çıxmağa başlayıb.

ABŞ prezidenti Donald Trump "Twitter" sosial şəbəkəsindən paylaşdığı açıqlamasında "Türkiyə həddini aşsa, iqtisadiyyatını darmadağın edərəm. Daha əvvəl də bunu etmişdim" deyib. Trump-ın bu tvitindən sonra Türkiyədə dollar lirəyə istinadən bahalaşıb və 5.80 olub.

Trump açıqlamasında "Türklər, avropalılar və hamı birlikdə ələ keçirilmiş İŞİD döyüşçülərinə və onların ailələrinə qarşı diqqətli olmalıdırlar. ABŞ hər hansı şəxsin düşünə biləcəyindən daha çoxunu edib, İŞİD Xilafətinin 100-dən 100-nü ələ keçirmək də bura daxildir. İndi ABŞ öz torpaqlarını qorumalıdır. Bölgədə rifah səviyyəsi yüksək olanların digərlərinin torpaqlarını qorumaq vaxtı gəlib çatıb. ABŞ çox böyükdür", ifadələrini işlədib.

Donald Trump Twitter hesabından daha əvvəl atdığı tvitdə isə ölkəsinin Suriyada İŞİD-lə mübarizəyə lazım olduğundan daha çox vaxt sərf etdiyini deyib. Trump bundan sonra Suriyadakı vəziyyətlə Türkiyə, Avropa, Suriya, İran, İraq, Rusiya və kürdlərin maraqlanmalı olduğunu bildirib.

Trump ABŞ-ın "İŞİD-i 100-də 100 məğlub etdiyini", ancaq "xüsusilə Avropadan gəlmiş İŞİD silahlılarını qitə ölkələrinin geri qəbul etmək istəmədiyini və ölkəsinin artıq artıqlaması ilə əvəz ödəməsinə rəğmən İŞİD yaraqlılarını həbsdə saxlaya bilməyəcəyini" vurğulayıb.

ABŞ prezidenti "kürdlər bizimlə vuruşdular, lakin buna görə pul və canlı dəstək aldılar. Türkiyə ilə on illərlə mübarizə aparırlar. Mən bu mübarizəni üç il gecikdirməyə çalışdım, amma artıq bizim üçün bir çoxu nəsil davası olan və sonsuzluğa qədər davam edə biləcək bu mənasız mübarizədən geri çəkilmək və əsgərlərimizi evə qaytarmaq vaxtıdır" deyib.

Trump tvitlərin ardınca Yaponiya ilə ticarət anlaşması imzalamaq üçün jurnalistlərə müsahibə verib və Suriya ilə bağlı suallara "Suriya məsələsində heç kimin tərəfində deyiləm və bu ölkədəki öhdəlik qısamüddətli olmalı idi, biz isə illərdir oradayıq" deyib.

ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat xidmətinin rəhbəri Jonathan Hoffman verdiyi açıqlamada "ABŞ-ın Türkiyənin şimali Suriyada planlaşdırdığı əməliyyatı dəstəkləmədiyini və ABŞ ordusunun da bu əməliyyatları dəstəkləməyəcəyini" bildirib.

Fotonun müəllifi Getty Images

ABŞ rəhbəri Donald Trump kimi, bu ölkənin müdafiə naziri Mark Esper və baş qərargah rəisi Mark Milley də türk həmkarlarına "təktərəfli addımların Türkiyə üçün də riskli ola biləcəyini söylədikləri"ni bildiriblər.

ABŞ-ın Xarici İşlər Nazirliyinin bir əməkdaşı AFP-yə açıqlamasında "Suriyanın şimalından çox az sayda əsgərin çəkildiyini" bildirib.

Ümumilikdə 25-dən az əsgərin çox yaxın məsafəyə çəkildiyini bildirən xarici işlər nazirliyi rəsmisi "bu əməliyyatın çox pis fikir olduğunu düşünürük və bu əməliyyatın güvənliyi daha çox təmin edəcəyini düşünmürük", deyib və şimal-şərqi Suriyadakı hərbi qüvvənin əsas hissəsinin orada qalmasını müdafiə edib.

ABŞ-da Cümhuriyyətçi senator Lindsey Graham isə Twitterdən verdiyi açıqlamasında "ölkəsinin Suriyanın Şimal-şərqindəki əsgərləri geri çəkməyə başladığını vurğulayaraq bu plan tətbiq olunarsa, qərarın geri oxunmasına çağırış edən bir sənədi Senata təqdim edəcəyik. Cümhuriyyətçilərin də, demokratların da sənədə güclü dəstək verəcəyini gözləyirəm" deyib.

Açıqlamasında "mediada gedən xəbərlər doğrudursa, fəlakətin astanasındayıq" ifadəsindən işlədən Graham, əməliyyatın Türkiyənin ABŞ Konqresilə "bütün münasibətlərini korlayacağı" ilə bağlı xəbərdarlıq da edib.

Xarici İşlər Nazirliyi: "Milli təhlükəsizliyimizin tələb etdiyi tədbirləri görmək beynəlxalq hüquqa əsasən ən önəmli hüququmuzdur"

Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy verdiyi yazılı açıqlamada "Suriyadan qaynaqlanan hər cür terror təhdidinə qarşı milli təhlükəsizliyimizin tələb etdiyi tədbirləri görmək beynəlxalq hüquqa əsasən ən önəmli hüququmuzdur" deyərək bu günə qədər anılan tədbirləri başda ABŞ olmaqla müttəfiqləri ilə birgə həyata keçirmək üçün Türkiyənin xüsusi səy göstərdiyini bildirib.

"Bu mərhələdə ABŞ hərbi səlahiyyətlilərinin vədi yerinə yetirilməyib" deyən Aksoy ABŞ-ın təhlükəsizlik bürokratiyasının Fərat çayının şərqindəki PYD/YPG ilə bağlılığına son qoymaq bir tərəfə, bunu artırdığını və "Türkiyə ilə mövcud müttəfiq münasibətlərinə əks yanaşma nümayiş etdirdiyini" bildirib.

"Türkiyənin terrorun hər forması ilə mübarizədə qərarlı olduğunu" bildirən Aksoy "sərhədlərdə Türkiyənin Fərat çayının şərqində təhlükəsiz bölgəni formalaşdırmaqda qərarlı olduqlarını" vurğulayıb.

Milli Müdafiə Nazirliyi: "Bütün hazırlıqlar tamamlanıb"

Milli Müdafiə Nazirliyi də bazar ertəsi gecə yarısı qurumun rəsmi hesabından paylaşılan tvitlərdə "Türk silahlı qüvvələrinin əməliyyata hazır olduğunu" yazıb.

Milli Müdafiə Nazirliyi "bölgədə vəziyyəti yoluna qoymaq üçün və Suriyalıların təhlükəsizliyinin təminatı üçün Barış dəhlizinin qurulması vacibdir. Türk Silahlı Qüvvələri sərhədlərimizdə terror dəhlizi qurulmasına əsla icazə verməyəcək. Hərəkət üçün bütün hazırlıqlar tamamlanıb. Türk Silahlı Qüvvələri vətənimizin bütünlüyünə, dövlətimizin gələcəyi, 82 milyonluq vətəndaşımızın təhlükəsizlik və əmin-amanlığını şübhə altına alan bütün terror qruplaşmalarına qarşı əsil millətimizin sevgisi və duasından aldığı güclə və "ölsəm şəhid, qalsam qəhrəman" anlayışı ilə mübarizəyə hazırdır" yazıb.

Bu barədə daha geniş