"Düdelanj"-"Qarabağ" oyunu: meydana dronla tanınmamış "Dağlıq Qarabağ"-ın bayrağı gətirilib

Dron Fotonun müəllifi Reuters
Image caption "Düdelanj" - "Qarabağ" oyununda meydana dron vasitəsiylə tanınmamış "Dağlıq Qarabağ" respublikasının bayrağı gətirilib

Cümə günü "Düdelanj"-"Qarabağ" oyunu zamanı stadiona tanınmamış "Dağlıq Qarabağ respublikası"nın bayrağı gətirilib və bu oyunun dayanmasına səbəb olub.

Hadisə UEFA Avropa Liqasının qrup mərhələsində Lüksemburqdakı oyun zamanı baş verib.

Oyunun 30-cu dəqiqəsində bayrağı daşıyan dronun meydançaya girməsi matçı 15 dəqiqədən çox dayandırıb.

Lüksemburq komandası olan "Düdelanj" və "Qarabağ" oyunçuları futbol topu ilə dronu vurub salmağa çalışıblar.

Azərtac-ın xəbərinə görə, insident oyunun 30-cu dəqiqəsində "Qarabağ"ın rəqib qapısına vurduğu ikinci qoldan sonra baş verib.

Bundan sonra oyunda fasilə elan olunub, komandaların üzvləri meydanı tərk ediblər.

Azərtac-ın yazdığına görə, Qarabağ klubunun baş məşqçisi oyunun ilk hissəsində baş verən insidentlə bağlı deyib ki, "idmanda belə halların tərəfdarı deyil".

"Belə hal bir dəfə də baş vermişdi. Həmişə bu cür halları qorxaqlıq adlandırıram. Belə vəziyyətlərdə insanlıq nümayiş etdirirəm. Fəxr edirəm ki, azərbaycanlıyam, "Qarabağ"ın məşqçisiyəm. Oyun dayandıqda da çalışdıq ki, təmkin nümayiş etdirək. Futbolçuları sakitləşdirdik", Qurban Qurbanov deyib.

Oyun "Qarabağın" 4-1 hesabı ilə qalib gəlməsiylə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsi

Ermənistan və Azərbaycan 20 ildən çoxdur ki BMT-nin Azərbaycan ərazisi kimi tanıdığı Dağlıq Qarabağ uğrunda silahlı münaqişədədir.

1994-cü ildə atəşkəs razılaşdırılsa da, tərəflər tez-tez atəşkəsin pozulması xəbərləri verirlər.

2014-cü ildə oxşar hadisə Serbiya və Albaniya komandalarının oyunu zamanı baş verib.

Uçan drondan milliyətçi Alban bayrağı və qonşu ölkənin ərazilərinə iddiaları göstərən xəritə asılıb.

Hadisə nəticəsində tərəflər arasında dava olub və oyun tərk edilib.

Bu barədə daha geniş