İlham Əliyev Rusiya televiziyalarına nə deyib?

İlham Əliyev Fotonun müəllifi president.az
Image caption Oktyabrın 3-də Prezidenti İlham Əliyev Soçiyə səfər edib və "Valday" Beynəlxalq Diskussiya Klubunun iclası ərəfəsində Rusiyanın "Rossiya" və "Birinci" televiziya kanallarına müsahibə verib.

Azərbaycanın Rusiya ilə münasibətləri hər hansı xarici siyasi gündəlikdən azaddır, prezident İlham Əliyev Rusiya televiziyasına müsahibəsində deyib.

Oktyabrın 3-də Soçidə keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun iclasında iştirak edən İlham Əliyev Rusiyanın "Rossiya" və "Birinci" televiziya kanallarına deyib ki, Rusiyayla əməkdaşlıq etməyə heç nə mane olmur.

O, bunu sanksiyalar altında olan Rusiya ilə münasibətləri barədə sualı cavablandırarkən deyib.

"Bizim Rusiya ilə münasibətlərimiz hər hansı xarici siyasi gündəlikdən azaddır", prezident İlham Əliyev bildirib.

Azərbaycan "Rusiyanı mehriban dost, qonşu hesab edir"

İlham Əliyev bildirib ki, Azərbaycanla Rusiya beynəlxalq qurumlarda əmakdaşlıq edir və bir-birini dəstəkləyir.

O, AŞPA-nın iyun sessiyasında Azərbaycan nümayəndə heyətinin Strasburqda Rusiyanın Avropa Şurası Parlament Assambleyasına qayıtmasına səs verməsini misal çəkib.

Cənab Əliyev xatırladıb ki, Rusiya ilə Azərbaycan arasında "çox sıx ticari-iqtisadi münasibətlər var və bu il əmtəə dövriyyəsi 20 faizdən çox artıb".

"Müstəqil xarici siyasət kursu yeridən ölkə kimi Azərbaycan Rusiyanı mühüm tərəfdaşlardan biri, mehriban dost, qonşu hesab edir", o, prezident Putinlə görüşünün yekunu haqqında danışarkən deyib.

Fotonun müəllifi president.az

İlham Əliyevin sözlərinə görə, hər iki ölkə humanitar, nəqliyyat, həm də bütün digər sahələrdə Şərq və Qərb ölkələri arasında dialoq qurulmasında müəyyən rol oynayır.

O, əlavə edib ki, ötən il Vladimir Putinlə 4, bu il isə 2 dəfə şəxsən görüşüb və "bu görüşlər bizim regiondakı vəziyyətə müsbət təsir göstərir".

İlham Əliyev müsahibəsində bildirib ki, Azərbaycan kimi ölkədən çox az şey asılıdır və dünyada sülhün qorunması aparıcı ölkələrin üzərinə düşür.

Bu barədə daha geniş