Fuad Əhmədli "müalicə müəssisəsinə köçürülüb"

Fuad Ehmedli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin həbsdə olan üzvü Fuad Əhmədlinin müalicə müəssisəsinə köçürüldüyü deyilir.

Fəalın atası Zəfər Əhmədov BBC News Azərbaycancaya deyib ki, bazar ertəsi günü oğlu ona zəng edərək Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssəsinə köçürülməsi barədə xəbər verib.

Buna kimi Fuad Əhmədlinin xəstəxanaya aparılması barədə ailəsində xəbər olmayıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidməti Fuad Əhmədlinin müalicə müəssisəsinə köçürülməsini nə təsdiq, nə də təkzib edib.

Fuad Əhmədli 2016-cı ilin 18 avqustunda polis tərəfindən saxlanılıb və ona qarşı "Əməliyyat‐axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma" və "Vəzifə səlahiyyətlərindən sui-istifadə" maddələri ilə ittiham edilib. Operator kimi çalışdığı "Azərfon" MMC-də"abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürməkdə" günahlandırılmış fəala 2017-ci ilin iyulunda dörd il həbs cəzası verilib.

Fuad Əhmədli özünə qarşı olan bütün ittihamları rədd edib.

Oğlu ilə telefonda danışdığını deyən Zəfər Əhmədovun sözlərinə görə, Fuad Əhmədli bazar ertəsi günü müayinə üçün Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssəsinə köçürülüb.

Hərçənd ki, o özü oğlu ilə görüşə bilməyib.

"Müalicə müəssisəsində mənə görüşməyə icazə vermədilər. Qanunla səkkiz gündən bir görüşmək olar, amma mən axırıncı dəfə 3 gün əvvəl görüşmüşəm", Zəfər Əhmədov deyib.

Zəfər Əhmədovun sözlərinə görə, oğlunun həm ağ ciyərindən, həm də böyrəyindən şikayəti vardı.

"Çoxdan müraciət etmişdik ki, onu müalicə müəssisəsinə köçürsünlər, amma bunu etmirdilər", Zəfər Əhmədov deyib.

Onun sözlərinə görə, oğlu Fuad Əhmədli həbsdən əvvəl cərrahi əməliyyat olunub və qapalı yerdə qalmaq problemi olduğu üçün nəfəs almaqda çətinlik çəkir.

"Qorxdu ki, ağ ciyərində olan problem başqa xəstəliyə çevrilə bilər. Xahiş etdik ki, "rentgen" müayinəsindən keçirilsin. Bir ay yarımdır ki, Kürdəxanıdan [müvəqqəti saxlama məntəqəsi -red.] qayıdıb, hələ də aparmamışdılar. Hər dəfə "karsda" olandan sonra böyrəyində ciddi ağrılar olur", atası bildirib.

Ədliyyə Nazirliyi Penitensiar Xidməti Fuad Əhmədlinin müalicə müəssisəsinə köçürülməsini BBC News Azərbaycancaya nə təsdiq, nə də təkzib edib.

"Qüvvədə olan qanuna görə məhbusların yerdəyişməsi haqqında məlumat vermək olmaz", Penitensiar Xidmətdən bildirilib.

Fuad Əhmədlinin səhhəti ilə bağlı Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən də məlumat almaq mümkün olmayıb.

Fuad Əhmədli kimdir?

Fuad Əhmədli həbsindən təxminən beş-altı ay əvvəl AXCP-nin Xətai rayon şöbəsinin Gənclər Komitəsinin rəhbəri seçilib.

Atası Zəfər Əhmədovun sözlərinə görə, oğlu həmin müddətdə 40 nəfər gəncin partiyaya qoşulmasına nail olub.

Cənab Əhmədov deyir ki, "bundan sonra polis oğlunu həbs edib".

Fuad Əhmədli 2016-cı ilin 18 avqustunda saxlanılıb və o, "Əməliyyat‐axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma" və "Vəzifə səlahiyyətlərindən sui-istifadə" maddələri ilə ittiham edilib.

2017-ci ilin iyulunda məhkəmənin hökmü ilə ona dörd il həbs cəzası verilib.

Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq bildiriblər ki, 2016-cı ilin avqustunda saxlanılan Fuad Əhmədli "Azərfon" MMC-də çalışdığı müddətdə "abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb".

"Oğlum 2012-ci ildən həbs olunana kimi "Azərfon"da heç bir problem olmadan işləyib, problemsiz işləyib. Evdə onun çoxlu tərifnamələri, sertifikatları var", Zəfər Əhmədov deyib.

Onun həbsindən bir neçə gün sonra Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyənat yayıblar ki, Fuad Əhmədl həbs edildikdən sonra evində aparılan axtarış zamanı orada Fetullah Gülenə aid materiallar aşkar edilib.

Lakin sonradan Fuad Əhmədliyə qarşı bununla bağlı hər hansı bir ittiham irəli sürülməyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş