Səudiyyə sahillərində İran tankerində "partlayışın" olduğu deyilir

İran tankeri Fotonun müəllifi AFP

Səudiyyə Ərəbistanı sahilində İran tankerində partlayışın olduğu deyilir, İran mətbuatı yazır.

İranın Milli Neft Şirkətinə məxsus gəmi Səudiyyə Ərəbistanının Jeddah liman şəhərinin 97 km uzaqlığında olub.

Gəminin iki əsas saxlama deposunun zədələndiyi və neftin Qırmızı dənizə töküldüyü, lakin heç kimin xəsarət almadığı və tökülən neftin lokallaşdırıldığı bildirilir.

İran rəsmiləri qəzanın səbəblərinin araşdırıldığını söyləyir.

Mətbuatda yayılan ilkin məlumatlarda gəminin raketlə vurulduğu deyilirdi. Lakin İranın Milli Tanker Şirkəti iddiaları təkzib edərək yanğının söndürüldüyünü və neft axıntısının minimuma endirildiyini bildirib.

İran dövlət televiziyası gəminin "Sinopa" adlı neft tankeri olduğunu desə də, daha sonra İranın Milli Neft Şirkəti gəminin başqa - "Sabiti" gəmisi olduğunu bildirib.

Windward dəniz analizi şirkətindən olan mənbə BBC-yə deyib ki, bu cür gəmilər üçün gəmilərin aşkarlanmamasına görə avtomatik identifikasiya sistemlərinin izləyicilərini söndürmək adi haldır - bu, tez-tez beynəlxalq sanksiyalardan və ya Səudiyyə Ərəbistanının təcavüzündən yayınmaq üçün edilir.

Qaydalara görə, bu cür gəmilər Süveyş kanalının yaxınlığında avtomatik identifikasiya sistemlərini yenidən yandırmalıdırlar. Windward şirkətindən olan mənbə deyib ki, "Sabiti" gəmisi qeyri-adi davranıb, çünki sistem iki ay sönülü qaldıqdan sonra Süveyş kanalının yüzlərlə mil məsafəsində yandırılıb.

Hadisə İran və Səudiyyə Ərəbistanı arasındakı gərginliyin artması fonunda baş verib.

Keçən ay 18 dron və yeddi kruiz raketi Səudiyyə Ərəbistanının böyük bir neft yatağına və emal müəssisəsinə zərbələr endirib. Bu hücumda İran günahlandırılır, amma İran bunu təkzib edir.

ABŞ rəsmiləri iyun və iyul aylarında körfəzdə iki neft tankerinə, eləcə də may ayında dörd digər tankerə görə hücumda İranı günahlandırır.

İran hücumlarda iştirakını təkzib edir.

Bu barədə daha geniş