Milli Şura və paytaxt polisindən qarşılıqlı ittihamlar

Piket

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) və Milli Şura paytaxtın mərkəzində keçirilən piketdə bir-birlərini "qarşıdurmaya çəkməyə cəhddə" ittiham edirlər.

Bu, Milli Şuranın oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası və Azərbaycan Dövlət İqtisad Universitetinin arasındakı ərazidə paytaxt rəsmiləri ilə razılaşdırılmış piketindən sonra baş verir.

BŞBPİ çərşənbə axşamı günü keçirilmiş piketdə "polisi qarşıdurmaya çəkmə cəhdlərinin olduğunu" bildirib.

Milli Şura bu ittihamlara cavab olaraq "polisin qarşıdurma yaratmağa cəhd etdiyini" deyib.

Çərşənbə axşamı günü təxminən bir saat müddətində keçirilmiş piketə polis yoxlamasından sonra 50 nəfər buraxılıb, lakin ətraf ərazilərdə də yüzdən çox insan toplaşıb.

Piket iştirakçılarının əsas istəyi sərbəst toplaşma azadlığının təmin edilməsi olub.

Daxili İşlər Nazirliyi piketlə əlaqəli" 17 nəfərə xəbərdarlıq edildiyini, 4 nəfər barəsində inzibati protokol tərtib olunduğunu və 5 nəfərin işinin məhkəməyə göndəriləcəyini, bir nəfər sərxoş halda olan və üzərində soyuq silah aşkarlanıb götürülmüş iştirakçısının əməlinə hüquqi qiymət veriləcəyini açıqlayıb.

Piket zamanı "polisi qarşıdurmaya çəkmə cəhdləri" olub

"Piket iştirakçıları qanunun tələblərini pozmaqla yanaşı, razılaşdırılan xüsusatlardan kənar, "piketə dəstək" adı altında qanunsuz çağırışlar etməklə daha çox tərəfdarın cəlb olunmasına çalışdılar", BŞBPİ-nin sözçüsü Elşad Hacıyev deyib.

"Nəticədə sıxlığın, gediş-gəlişin, nəqliyyat axının intensiv olduğu mərkəzi küçələrdə qeydə alınan hüquqazidd əməllər hərəkətin iflic olmasına, piyadaların sərbəst gediş-gəlişinə maneçilik yaranmasına səbəb olub, ətrafdakı insanlara qarşı kobudluq və polisi qarşıdurmaya çəkmə cəhdləri baş verib. Üstəlik, paytaxtın mərkəzi küçələrində şəhər təsərrüfatına ziyan vurulub, kommunal xidmətlərin tullantı qutuları dağıdılıb, antisanitariya normaları pozulub", o, BBC News Azərbaycancaya açıqlamasında bildirib.

Elşad Hacıyevin sözlərinə görə, "təşkilatçılar "piketə dəstək" adı altında qanunsuz çağırışları ilə iştirakçıların hüquqazidd əməllərinə zəmin yaradıblar".

"Bu əməllər onunla nəticələnib ki, iştirakçılar paytaxt küçələrində bir saat ərzində intizamsızlıq nümayiş etdirməklə acınacaqlı durum yaradıblar. Piket iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə xidmətə cəlb olunan polis əməkdaşları ictimai asayişi qorumaq, ictimai qaydanı bərpa etmək, insanların hüquqlarını təmin etmək üçün üzərlərinə düşən vəzifələri qanunvericiliyə müvafiq olaraq peşəkarlıqla təmin edib", cənab Hacıyev deyib.

"Biz qanunun tələblərini pozmadıq"

Milli Şura aksiya zamanı polisə qarşı hər hansı hüquqa zidd addıma yol verilmədiyini, müvafiq qanunun tələblərinin pozulmadığını bəyan edib.

Milli Şuranın üzvü, Bakı şəhər icra hakimiyyətinin qarşısında keçirilmiş piketin təşkilatçılarından biri Nurəddin Məmmədlinin sözlərinə görə, aksiya zamanı onlar yaxınlıqdakı parkda otursalar da, polis buna imkan verməyib.

"Biz hansısa şüarların səsləndirilməsinə, zorakılığa yol verməmək və polislə qarşıdurmadan qaçmaq üçün ciddi təlimatlandırılmışdıq. Parka adamlar toplaşmışdı, polisə dedim ki, burda oturacaqlar çoxdur, biz də burda sakit otururuq. Əlimdə piket təşkilatçılarından biri olduğumu təsdiqləyən rəsmi sənəd olsa da, polis məni dinləmədi. Polislər deyirdilər ki, biz vətəndaşların istirahət hüququnu pozmuşuq. Özləri isə bizim toplaşmaq hüququmuzu pozdular", o bildirib.

BBC News Azərbaycancaya açıqlamasında Nurəddin Məmmədli deyib ki, nəinki "polis qarşıdurmaya çəkilib, onlara qarşı hər hansı qanunsuz hərəkət də törədilməyib".

"Hətta partiyamızın üzvü olmayan şəxslər belə bizim tələblərimizə əməl edirdilər. Sadəcə polislər iki qadını tutub zorla aparmaq istəyəndə bir nəfər yaxınlaşıb polisin əlini itələyib ki, qadınla belə davranmaq olmaz. Bizim məqsədimiz sadəcə mitinq keçirmək idi".

Cənab Məmmədli onu da deyib ki, polis bu piket zamanı "iştirakçılarla əvvəlki aksiyalarla müqayisədə daha yaxşı davranıb".

"Polis müəyyən qarşıdurma yaratmaq cəhdləri göstərsə də, zorakılıq halları demək olar ki, yox idi. Ayrı-ayrı polislər bizimkiləri itələyir, yıxırdı", o deyib.

Nurəddin Məmədli paytaxt polisinin "şəhər təsərrüfatına zərər vurublar" ittihamını qəbul etmir, o əlavə edib ki, piket iştirakçıları və ya aksiyanı kənardan izləmək istəyənlər şəhər təsərrüfatına heç bir zərər vurmayıblar: "Hər qarış, hər məkan bizim öz evimizdir, öz mülkiyyətimizdir. Onun toxunulmazlığı üçün əlimizdən gələni edərik", Milli Şura üzvü bildirib.

BŞBPİ-nin sözçüsü Elşad Hacıyev Nurəddin Məmmədlinin "polisin qarşıdurmaya cəhd göstərməsi" iddiasını qəbul etməyib, BBC News Azərbaycancaya açıqlamasında deyib ki, polis ictimai asayişi qoruyub.

Bu barədə daha geniş