Bakıda keçirilmiş piketdə saxlanılanlar var

Piket iştirakçıları

Milli Şuranın piketi ilə əlaqəli 17 nəfərə xəbərdarlıq edilib, 4 nəfər barəsində inzibati protokol tərtib olunub, 5 nəfərin işi məhkəməyə göndəriləcək.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qurum onu da bildirib ki, sərxoş halda olan və üzərində soyuq silah aşkarlanıb götürülmüş daha bir piket iştirakçısının əməlinə hüquqi qiymət veriləcək.

Oktyabrın 8-də Milli Şura Bakının mərkəzində icazəli piket keçirib.

Piketdə iştirakçıların əsas istəyi sərbəst toplaşma azadlığının təmin edilməsi olub.

Piket iştirakçıları "Konstitusiyanı ləkələməyin ", "Qanuna hörmət edin", "Mitinq hüququmuzu qaytarın", "Meydan xalqın haqqıdır" şüarları ilə gəliblər.

Daxili İşlər Nazirliyi bildirir ki, Milli Şura "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunu pozub.

DİN-in yaydığı bəyanata görə, Milli Şura "oktyabrın 8-i tədbir yerinə razılaşdırılmış vaxtdan qabaq toplaşmış, piketə dəstək adı altında qanunsuz aksiyalarına qoşulmaq barədə vətəndaşlara çağırışlar etmiş, toplantıya 50 nəfərdən çox tərəfdarını cəlb etməklə müəyyən olunmuş ərazidən kənara çıxmağa, qanunsuz küçə yürüşü keçirməyə cəhd göstərib".

"İctimai asayişin pozulması ilə müşayiət olunan küçə yürüşünə cəhdin və aksiya iştirakçılarının hüquqazidd əməllərinin qarşısı alınmışdır", DİN bildirib.

Piketin keçirildiyi ərazidə olan müxbirimiz deyib ki, piketə 50 nəfər buraxılıb, amma ətraf ərazilərdə onlarla insan toplaşıb.

"Onların arasında istefa şüarları bağıranlar da var. Polislər ətrafa toplaşan və şüarlar səsləndirənləri uzaqlaşdırmağa çalışır", müxbirimiz hadisələri müşahidə edərkən xəbər verib.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmiş piketə qatılanları polislər yoxlayıb.

Image caption Piketin keçiriləcəyi ərazi- BŞİH-in inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universitetinin arası

"Media nümayəndələri piket iştirakçılarının yanında dura bilməyib", müxbirimiz deyir.

Piket BŞİH-in inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universitetinin arasında yerləşən ərazidə keçirilir.

Bakının mərkəzində etiraz nümayişləri və ya mitinqin keçirilməsinə BŞİH tərəfindən icazə verilmir.

Bundan əvvəl etiraz nümayişlərinin Məhsul stadionu adlanan ərazidə keçirilməsinə icazə verilirdi.

Bakı Şəhər İcra hakimiyyəti Milli Şuranın 28 sentyabra təyin edilmiş mitinqini Lökbatanda keçirməyi təklif etmişdi, amma Milli Şura bununla razılaşmamışdı.

Bu barədə daha geniş