Arif Hacılı, Tofiq Yaqublu və Yadigar Sadıqlı "Müsavat"ın debatında

Arif Hacılı, Tofiq Yaqublu və Yadigar Sadıqlı

Müsavat partiyası qurultayqabağı başqanlığa namizədlərin debatını keçirir.

Müsavat başqanlığına üç namizəd var: hazırkı başqan Arif Hacılı və keçmiş başqan müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqlı.

Qurultayın oktyabrın 13-də keçirilməsi planlaşdırılır.

Arif Hacılı bildirib ki, o, "həyatının əsas hissəsini Müsavata" həsr edib və hədəfi Müsavat partiyasını Azərbaycanda "hakim partiya etməkdir".

Tofiq Yaqublu deyib ki, Müsavat partiyası "indi olduğu yerdən daha irəlidə" olmalıdır. Onun fikrincə, partiyadaxili dəyişiklik lazımdır və "müsavat başqanı daha enerjili" olmalıdır.

Yadigar Sadıqlı deyib ki, son 5 ildə partiyada idarəçilik ürəkaçan olmayıb və "rəhbərliyin yanlış idarəetməsi nəticəsində hadisələrin önündə deyil, arxasınca gedib yetərincə prinsipial reaksiya ortaya qoya bilməyib".

Namizədlər ölkədə seçkilər barədə nə düşünür?

Yadigar Sadıqlı söyləyib ki, o, partiyanın seçkilərdə iştirakının tərəfdarı olub.

"Müxalifət seçkilərdə fəal iştirak etməlidir. Demirəm bu 100 faiz xeyirdir, amma xeyiri ziyandan çoxdur. Rayonlarda yığıncaq edə bilmədik, amma parlament seçkilərində hücumlar olsa da görüşmək olur, məhdud imkanlarımızı genişləndirir. Buna görə də seçkilərin tərəfdarıyam".

Tofiq Yaqublu isə seçkilər barədə mövqe bildirməyin əleyhinə olduğunu deyib.

"Bu dəqiqə internet televiziyalarla seçicilərə müraciət etmək olar, rayonlara gedəndə əhali tökülüb gəlmir, az gəlir. Mühit yaxşı olsa, əlbəttə, yaxşı olar".

Arif Hacılı isə "seçkiləri çox sevirəm" deyərək qərarı partiyaya buraxıb.

"İlk dəfə 22 yaşım olanda kənd soveti seçkilərində iştirak etmişəm. Dörd dəfə parlamentə seçilmişəm. Siyasətçinin vəzifəsi seçkilərdə iştirak etməkdir. Seçkilərin demokratikliyi üçün bir neçə şərt var. Seçkiqabağı demokratik şərait olmalıdır. Partiya qərar versə ki, gedək, gedəcəyik".

Müsavat partiyası sonuncu qurultayını 2014-cü ildə keçirib və Arif Hacılı başqan seçilib.

Müsavat partiyasının əsası 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadə və onun həmfikirləri tərəfindən qoyulub.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra partiya mühacirətdə fəaliyyətini davam etdirməyə çalışıb.

1992-ci ildə Azərbaycanda Müsavat Partiyası bərpa olunub və İsa Qəmbər başqan seçilib.

Bu barədə daha geniş