David Qareci kompleksi gürcü keşişlərin istifadəsinə açılır? - Bizim araşdırmamız

David Qareci Monastri Keşikçidağ dövlət qoruğu

Keşikçidağ Dövlət Qoruğunun (David Qareci Monastır Kompleksi) rəsmisi gürcü keşişlərin oraya ibadətə buraxılması ilə bağlı "göstəriş almadıqlarını" açıqlayıb.

Bu, ilk rəsmi xarici səfərini Azərbaycana etmiş Gürcüstanın Baş naziri Georgi Qaxariyanın mediaya "gürcü keşişlər oktyabrın 11-dən monastır kompleksinə buraxılacaqlar" deməsindən sonra baş verir.

Azərbaycan Dövlət Sərhəd Xidməti və Xarici İşlər Nazirliyi məsələ ilə bağlı "məlumatsız" olduqlarını bildirib.

Gürcüstan Nazirlər Kabinetinin sözçüsü "Baş nazirin yalan danışmadığını" qeyd edib.

Keşikçi Dağ adı ilə tanınan David Qareci məbədi kompleksi regionun ən məşhur və ən çox dəyər verilən mədəniyyət abidələrindən biridir. Gürcüstan və Azərbaycan arasında bölüşdürülmüş bu ərazi 20 ildən çoxdur ki, iki strateji partnyorun həll edə bilmədiyi münaqişə olaraq qalmaqdadır.

Keşikçidağ Dövlət Qoruğunun (David Qareci Monastır Kompleksi) direktoru Musa Mursaquliyev BBC News Azərbaycancaya müsahibəsində deyib ki, bu məsələ ilə bağlı onlara göstəriş verilməyib.

"Bizə heç bir göstəriş verilməyib. Bunu jurnalistlərə Qaxariya deyib, Gürcüstan tərəfi yazıb bu xəbəri, bizimkilər də tirajlayıb".

Gürcüstan Nazirlər Kabinetinin sözçüsü Nino Tsivtsivadze BBC News Azərbaycancaya bildirib ki, "Baş nazir yalan danışmır. Cənab Qaxariya hökumətin toplantısında bununla bağlı danışıb".

Lakin o, cənab Qaxariyanın çərşənbə axşamı günü verdiyi "gürcü keşişlər oktyabrın 11-dən monastır kompleksinə buraxılacaqlar" açıqlaması ilə bağlı əlavə məlumat verməyib.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən BBC News Azərbaycancaya bildiriblər ki "qoruğun gürcü keşişlərinin istifadəsinə veriləcəyi ilə bağlı qurumda heç bir məlumat yoxdur".

Azərbaycan Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı "məlumatsız" olduğunu açıqlayıb.

Bir qədər öncə, Gürcüstanın patriarxı Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadəyə kompleksin gürcü zəvvarların üzünə açılması ilə bağlı müraciət ünvanlayıb, media yazıb.

Nə baş verib?

Bu il iyulun 14-də gürcü fəallar əraziyə hücum edərək keşik çəkən iki Azərbaycan əsgərinin silahını əlindən almışdı. Hadisə şahidlərinin çəkdiyi ehtimal olunan silahların əsgərlərin əlindən alınması videosu sosial mediada narazılıq doğurmuşdu.

Azərbaycan Dövlət Sərhəd Xidməti isə gürcü fəalların iyulun 14-də hücum edərək "Keşikçidağ"da keşik çəkən iki Azərbaycan əsgərinin silahını əlindən almasını "Azərbaycan sərhəd naryadına qarşı törədilmiş insident" adlandırıb.

Turan Agentliyi "Gürcüstanın Daxili İşlər Nazirliyinin hadisəni "kiçik insident" adlandıraraq ölkə ictimaiyyətini, vətəndaş qruplarını "Gürcüstan və Azərbaycan arasında sərhəddin delimitasiyası üzrə komissiyanın sakit şəraitdə işini davam etdirməsinə imkan verilməsinə çağırması" barədə məlumat yaymışdı.

Keçikçi Dağ və ya David Qareci mübahisəsi

"Keşikçidağ" monastır kompleksi regionun ən məşhur və ən çox dəyər verilən mədəniyyət abidələrindən biridir.

Bu ilin may ayında bu məbəd üstündə mübahisə növbəti dəfə alovlanıb, gürcüstanlı fəallar razılaşdırılmamış sərhəddə etiraz aksiyası keçiriblər.

Gürcüstan və Azərbaycan arasında bölüşdürülmüş bu ərazi 20 ildən çoxdur ki, iki strateji partnyorun həll edə bilmədiyi münaqişə olaraq qalmaqdadır.

Gürcüstan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyasıyla bağlı birgə komissiya hələ 1996-cı ildə yaradılıb. Amma bu iki ölkə arasındakı sərhəd xəttinin üçdə biri, o cümlədən, kompleksin müəyyən hissəsinin yerləşdiyi ərazi razılaşdırılmamış qalır.

Bu barədə daha geniş