"Elina Hacıyeva işi"ndə məhkəmə istintaqı başa çatıb

BBC Elina Hacıyeva işi

Cümə günü məktəbli Elina Hacıyevanın ölümü ilə bağlı Səbail rayon Məhkəməsində aparılan məhkəmə istintaqı başa çatıb.

Elina Hacıyevanın hüquqi varisinin vəkili Azər Nağıyev deyib ki, bu prosesdə zərərçəkmiş tərəfin vəkillərinin qaldırdığı vəsatətləri hakim rədd edib.

BBC News Azərbaycancaya açıqlamasında Azər Nağıyev bildirib ki, onlar Sevinc Abbasovanın barəsində yenə də həbs qətimkan tədbirinin seçilməsini tələb ediblər.

"Digər vəsatət istintaqda Elinanın ölümü ilə bağlı ekspertiza rəyini hazırlayanların məhkəmədə dindirilməsi ilə bağlı idi", Azər Nağıyev əlavə edib.

Elina Hacıyeva 2019-cu ilin aprelin 4-də özünü təhsil aldığı 162 saylı məktəbin pəncərəsindən ataraq intihar edib. Onun ölümündə məktəbin keçmiş direktoru Sevinc Abbasova ittiham edilir. O, ev dustaqlığındadır.

Prosesdə Təhsil Nazirliyinin nümayəndəsi Elmar Kərimov çıxış edərək "onlara qarşı qaldırılmış mülki iddianın təmin edilməməsini" istəyib.

Zərərçəkən tərəf məktəblinin ölümü ilə bağlı Təhsil Nazirliyinə və Sevinc Abbasovaya qarşı 100 min manat təzminat ödənilməsi üçün mülki iddia irəli sürüb.

Hakim Azər Tağıyev vəsatətləri təmin etməyib.

Oktyabrın 16-da prokurorun çıxış etməsi gözlənir.

Nə baş verib?

Elina Hacıyeva 2019-cu ilin aprelin 4-də özünü təhsil aldığı 162 saylı məktəbin pəncərəsindən ataraq intihar edib.

O, xəstəxanaya aparılsa da, aldığı çoxsaylı zədələrə görə iki gün sonra xəstəxanada vəfat edib.

Baş Prokurorluq hadisə ilə bağlı Cinayət Məcəlləsinin "özünü intihar həddinə çatdırma" maddəsi üzrə cinayət işi açsa da, ilkin rəsmi məlumatda yeniyetmə qızın məktəbin 3-cü mərtəbəsindən yıxıldığını qeyd etmişdi.

Elina Hacıyevanın anası Sevil Hüseynova BBC News Azərbaycancaya deyib ki, o, məktəbdə qızına qarşı olan pis davranışlar barədə məktəb müəllimlərinə və direktoruna dəfələrlə müraciət edib, amma bir tədbir görülməyib.

Sevil Hüseynova ölümlə bağlı "məktəbin direktorundan, dərs hissə müdirindən, həkimlərdən, bu işdə əli olan hər kəsdən şikayət" etdiklərini deyib.

Sevinc Abbasova BBC News Azərbaycancaya açıqlamasında özünü Elina Hacıyevanın ölümündə təqsirli bilmədiyini söyləyib.

Bu barədə daha geniş