"Siyasi sistem böhranda çabalayır". AXCP hakimiyyətin hədəfindədirmi?

19 oktyabr mitinqi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli oktaybrın 19-da Demokratik Qüvvələrin Milli Şurasının aksiyasında polis tərəfindən saxlanılarkən zorakılğa məruz qaldığını bildirir.

Onun sözlərinə görə, polis onu avtobusda boğmağa cəhd edib, bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib və aldığı zədə ucbatından başına bir neçə tikiş qoyulub, sonradan həmin tikişlərin əks olunduğu fotolar sosial mediada da yayılıb.

Baş Prokurorluğun yaydığı məlumatda AXCP sədrinə qarşı zorakı rəftar olmadığı, onun özünün "başını avtobusun qapısına çırpdığı" deyilir.

Əli Kərimlinin saxlanma anı əks olunduğu kadrlarsa internetdə ən çox izlənənlər siyahısındadır.

AXCP sədri ötən il noyabrın 17-də Milli Dirçəliş Günündə tərəfdarları ilə Şəhidlər Xiyabanını ziyarət etmək istərkən də saxlanılmışdı, iki gün sonra 2500 manat cərimələnərək azadlığa buraxılmışdı.

Tək partiya sədri deyil, onun müavinləri, sıravi cəbhəçilər də təzyiqlərlə üzləşdirklərini bildirirlər. Məsələn, bir qədər əvvəl ailədaxili problemlərlə bağlı yaranmış qalmaqaldan sonra müavinlikdən istefa verən Fuad Qəhrəmanlıya qarşı cinayət işi açılıb. Ailəsi şikayətçi olmadığını açıqlasa da, prokurorluq işə xitam verməyib. Keçmiş sədr müavini yetkinlik yaşına çatmayan qızlarına və həyat yoldaşına qarşı zorakılıqda ittiham olunur. İttihamlar subuta yetirilsə siyasətçiyə, 5 ilə qədər həbs cəzası verilə bilər.

Yeri gəlmişkən, Fuad Qəhrəmanlı və sədr müavini Seymur Həzi də son aksiya ilə bağlı saxlananlar sırasındadırlar.

Bir neçə ay əvvələdək Azərbaycan Xalq Cəbhəsi Partiyasının 16 üzvü həbsdə idi. Onlardan üçü partiya sədrinin müavinləriydi: Gözəl Bayramlı, Seymur Həzi, Fuad Qəhrəmanov. Gözəl Bayramlı və Fuad Qəhrəmanlı martda prezidentin əfv sərəncamı ilə, Seymur Həzi isə cəza müddəti başa çatdıqdan sonra azadlığa çıxıblar.

Partiya sədri Əli Kərimli BBC News Azərbaycancaya açıqlamasında müavinlərinin siyasi fəaliyyətlərinə görə həbs cəzası çəkdiklərini iddia edir.

Son üç ildə cəbhəçilərdən inzibati qaydada həbs edilənlərin sayı isə 200-ə yaxınlaşıb. Müxalifətin 19 yanvar mitinqindən sonra bu partiyadan 34 nəfər inzibati cəza alıb. Onların arasında 10, 20, 30 sutkalıq həbs alanlar var idi. Bu rəqəmi partiyadan deyiblər. AXCP-nin 19 oktyabr aksiyasında isə təxminən 30-dək adam həbs edilib.

AXCP sədri Əli Kərimli özünün və cəbhəçilərin həbsini, fiziki təzyiqlə üzləşməsini "hakimiyyətlə prinsipial mübarizələri"nin nəticəsi kimi dəyərləndirir və hakimiyyətin hədəfində olduqlarını bildirir.

"AXCP neçə illərdir meydanda mitinqlərin əsas təşkilatçısıdır, çəkinmədən "Sülalə hakimiyyətinə yox", "Korrupsiyaya, seçki saxtakarlığına yox" tələbiylə mitinqlər keçirir. Xalqın sosial-iqtisadi hüquqlarını müdafiə edir, devalvasiya olur, qiymət bahalanır, yenə də Xalq Cəbhəsi meydanlardadır. Ona görə də hökumət çalışır ki, bu potensialı ortadan çıxarsın", - AXCP sədri iddia edir.

Fotonun müəllifi Müşfiq Cabbar
Image caption AXCP sədri Əli Kırimli 19 oktyabr aksiyasından sonra

"AXCP deyə bilər ki, yeganə radikal partiyadır…"

Hərçənd siyasi şərhçilərin heç də hamısı Əli Kərimli kimi AXCP-nin hakimiyyətin hədəfində olması fikrini qəbul etmir. Məsələn, "Tolerant" Araşdırmalar Mərkəzinin rəhbəri Azər Rəşidoğlu bu partiyanın nəyə görə özünü güclü saydığını anlamadığını söyləyir.

"AXCP deyə bilər ki, o yeganə (bu sözü onlar təkrarlamağı sevirlər) radikal partiyadır, yeganə müxalifət partiyasıdır. Eyni sözü Müsavat və ya Demokrat Partiyası deyə bilər. Müxalifətə və hakimiyyətə fərq qoymadan deyə bilərik ki, siyasi sistem böhran içində çabalayır və yanaşma kökündən səhvdir".

"Ən çox hökuməti tənqid edən…"

Siyasi şərhçi Şahin Hacıyev AXCP-nin hakimiyyətin hədəfində olması fikrini rədd etmir, əksinə bunu partiya liderinin mövqeyi ilə bağlayır.

"Qiymət verməli olsaq barışmaz, kompromisə getməyən partiya lideridir deyə bu, ümumən partiyaya olan münasibətə təsir göstərir. Əli Kərimli ən çox hökuməti, onun siyasətini tənqid edən, çatışmazlıqları, səhvləri qabardan, təhlil edən, eyni zamanda, aktiv qalmağı bacaran siyasətçidir. Bu da əks reaksiya yaradır", - siyasi şərhçi söyləyir.

"Qızıl qayda"

Hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Aydın Mirzəzadə deyir ki, Azərbayanda heç bir siyasi qüvvə hakimiyyətin hədəfində deyil.

Onun sözlərinə görə, "demokratiyanın qızıl qaydasıdır, tənqid edən tənqidə məruz qalır". Ancaq Aydın Mirzəzadə hakim partiyanın "xüsusi olaraq hansısa qüvvəni hədəfə götürməsinə" ehtiyac olmadığı qənaətindədir. Bunu da YAP-ın yetərincə dəstəyi olması, seçkilərdə yüksək səs alması ilə əlaqələndirir.

Aydın Mirzəzadə AXCP sədrinin və üzvlərinin saxlanmasına, həbsinə də aydınlıq gətirir. Onların AXCP üzvü olduqlarına görə həbs olunmadıqlarını, konkret cinayət əməlinə görə cəza çəkdiklərini bildirir.

"Partiyalar özləri üçün bir daha araşdırma aparmalıdırlar. Doğrudanmı, onlar qanunu pozmayan, demokratiya uğrunda sivil yolla mübarizə aparan insanları sıralarında toplayıblar, onlara rəhbər post veriblər?"

Fotonun müəllifi Getty Images

"Öz liderinə xəyanət etmiş insan"

AXCP 12 ildən çoxdur qərargahsız fəaliyyət göstərir. Tədbirlərini başqa partiyaların qərargahlarında keçirmək məcburiyyətindədir.

Yeri gəlmişkən, 2006-cı ilə qədər partiya qərargahının, daha sonralar isə sədrin evinin qarşısında zaman-zaman partiya və onun sədrinin əleyhinə piketlər keçirilib, bəzən də bu etiraz və tənqidlər "qırmızı cızığı" keçərək təhqirə çevrilib, onun cinsi orientasiyası ilə bağlı hakimiyyətə yaxın KİV-lərdə ictimai qınağa hesablanan iddialar səsləndirilib. Əli Kərimli bu təbliğatın arxasında onun siyasətini bəyənməyən qrupların deyil, məhz hakimiyyətin durduğunu iddia edir.

Yeri gəlmişkən, elə dövlət başçısı İlham Əliyev də AXC-Müsavat cütlüyünün bir illik hakimiyyətini az qala hər çıxışında tənqid edir. Üç il öncə AXC-Müsavat hakimiyyətində təmsil olunan şəxsləri tənqid edərkən AXCP sədrinin üzərində ayrıca dayanaraq onun liderini xəyanətdə ittiham etmişdi.

"Dövlət katibi komsomolçu idi - sonradan flyuger kimi əqidəsini dəyişmiş və xalq hərəkatına qoşulmuş birisi. Ondan sonrakı dövrdə də bir neçə dəfə əqidəsini dəyişmişdi. Hətta 1990-cı illərin ortalarında hakimiyyətlə sıx əlaqədə olaraq parlamentdə də təmsil olunurdu. Ancaq silahdaşları, yoldaşları onu yaxşı tanıyırlar. Ağır vaxtda öz liderinə xəyanət etmiş insan, əlbəttə ki, yüksək keyfiyyətlərə malik ola bilməz", - prezident İlham Əliyev 2016-cı il yanvarın 29-da bir qrup gənclə görüşündə deyib.

Hakimiyyətyönlü media da onu məhz "xəyanətkar" kimi təqdim etməyə çalışır, onu müəyyən zaman kəsiyində "hakimiyyətlə sıx əlaqədə olmaqda" ittiham edir.

YAP-çı deputat Aydın Mirzəzadə AXC-Müsavat hakimiyyətininin tənqid olunmasını həmin hakimiyyətin "qüsurlu" olması və idarəetməyə hazır olmamaları ilə izah edir:

"Həmin dövrdə hakimiyyətdə olanlar bu gün iqtidara opponentlik edirlərsə, onlara çox yox, ara-sıra cavab verilməlidir ki, rəhbərlik etdiyiniz dövrün acı nəticələrini yada salın. Zamanında insan haqlarının, demokratiyanın pozulduğunu, Azərbayana böyük problemlər yaratdığınızın fərqinə varın".

Hakimiyyətlə əməkdaşlıq

Əli Kərimli hakimiyyətin ittihamlarını rədd edir: "Hakimiyyətlə əməkdaşlıq etsəydim, edərdim də. Mən onların yanında olmamışam, olmaram da. Onun acığını yaşayırlar".

AXCP sədri özünün və partiyasının ünvanına "bu qədər tənqid olmasaydı təəccüblənərdim" deyir və sual edir: "Mən İlham Əliyevi az tənqid edirəm? Mən onu faktlarla tənqid edirəm, onun şəxsən rəhbərlik etdiyi korrupsiya sxemindən, hakimiyyəti zəbt etməsindən, seçkiləri oğurlanmasından danışıram. O da fakt tapa bilmir deyə qara PR-la məşğul olur, absurd, əsassız ittihamlar söyləyir".

AXCP sədrinin xəyanəti haqda söz-söhbət 1990-cı illərin sonu, 2000-ci illərin əvvəlinə təsadüf edir. Kələki kəndindən Bakıya qayıdıb AXCP-də sədr kimi siyasi fəaliyyətini bərpa edən Əbülfəz Elçibəy az sonra vəfat etdikdən sonra siyasi təşkilat parçalanmış və hətta partiyanın adı uğrunda gərgin mübarizə başlamışdı.

2000-ci ildə müxalifətin boykot qərarı verərək parlamentə getməkdən imtina etdiyi dönəmdə Əli Kərimli tərəfdarları ilə Milli Məclisdə deputat kimi fəaliyyət göstərmişdi. Bu da onun "hakimiyyətlə işbirliyinə getməsi" və buna görə başçılıq etdiyi qanadın AXCP adı altında qeydiyyatdan keçməsi kimi dəyərləndirilmişdi.

1990-cı illərdəki islahatçı əməkdaşlığı…

Siyasi şərhçi Rauf Mirqədirovsa sədrin də, cəbhəçilərin də təzyiqlə üzləşməsini, onların çox vaxt narkotik daşıyıcısı və ya xuliqan kimi ittihamlarla həbsinin səbəbini başqa yerdə axtarır. O, 1990-cı illərin sonu, 2000-ci illərin əvvəlində hakimiyyətdə və müxalifətdə "islahatçılar" adlandırılan iki qrupun əməkdaşlığı haqda gedən söhbətləri xatırlayır.

"İslahtçılar deyiləndə hakimiyyətdə İlham Əliyev, müxalifətdə Əli Kərimli nəzərdə tutulurdu", Rauf Mirqədirov əlavə edir.

Siyasi şərhçi həmin dövrdə bu haqda KİV-də, siyasi çevrələrdə açıq danışıldığını, hakimiyyətdə Anar Məmmədxanlı, Fəzail Ağamalı, Rafael Allahverdiyev kimi siyasətçilərin buna dəstək verdiyini söyləyir.

"Ancaq sonra nədənsə bu sövdələşmə baş tutmadı və münasibətlər bundan sonra korlandı", Rauf Mirqədirov deyir. "Heydər Əliyev daha rasional siyasətçi idi, oğul Əliyevsə hadisələrə və insanlara şəxsi hissləri prizmasından yanaşır. İlham Əliyev Əli Kərimliyə nifrətlə yanaşır. Onu vaxtilə baş tutmayan sövdələşmənin günahkarı sayır və buna görə də cəzalandırır. 20 ildən çoxdur ki, AXCP sədrinin cibindən qumbara tapılması ilə bağlı cinayət işinə xitam verilmir, bu səbəbdən də o, xarici pasportsuz qalıb".

Rauf Mirqədirov Əli Kərimlinin iqtidara radikal yanaşmasının burdan qaynaqlandığını, hakimiyyətlə münasibətdə kompromisə getməyəcəyini düşünür: "Yəni hakimiyyət onu qəbul etmədiyindən Kərimli radikal danışır, bu da cavab reaksiyasına səbəb olur".

"Siyasətdə normal haldır"

"Mən razıyam, siyasətdə hər kəs nə vaxtsa, hardasa öz oyununu oynamağa, marağını güdməyə çalışır. Ancaq təcrübə göstərir ki, Azərbaycan iqtidarı ilə bu alınmır. Bir çox siyasi qurumlar, partiyalar həmin metoddan istifadə etmək istəyib, amma bu, uzunmüddətli nəticə vermir", - Şahin Hacıyev deyir.

Siyasi şərhçi partiya və onun sədrinin vaxtilə hakimiyyətlə sövdələşməsi haqda ittihamlara dair "siyasətdə bu, normal haldır" deyir. O hesab edir ki, bir yerdə qalmağı, "oynamamağı" çox az adam bacarır, "bu xoşbəxtlik az adama nəsib olur, təəssüf ki, siyasətdə birmənalı qalmaq çətindir". Buna görə də o düşünür ki, AXCP və ya sədrinin ünvanına səslənən ittihamların təsir gücü yoxdur.

AXCP 2013-cü il prezident seçkiləri ərəfəsində yaranmış Demokratik Qüvvələrin Milli Şurasında qalmağa, Milli Şura adından prezident seçkilərinə qatılmış Cəmil Həsənli ilə ittifaqına davam edir. Milli Şura zaman-zaman ölkədə baş verənlərə, məsələn, qiymət artımına, korrupsiya ittihamlarına, ölkədə keçirilən referendum və seçkilərə etiraz olaraq aksiyalar keçirir, narazı elektoratın adından çıxış etməyə çalışır.

"Tolerant" Sosial Araşdırma Mərkəzinin rəhbəri Azər Rəşidoğlu AXCP-nin hakimiyyətə gəlmək uğrunda yox, sadəcə "müxalifət" adı uğrunda mübarizə apardığını bildirir və bunu bütünlükdə müxalif düşərgənin başlıca problemi adlandırır. Onun qənaətincə, siyasi meydana yeni yanaşması olan qüvvələr, yeni simalar, alternativ paradiqmalar, düşüncələr gəlməlidir.

Qərargahsız qalan, oktyabr mitinqində zorakılıqla üzləşən və həbs edilən partiyanın lideri isə "qalib gələnə kimi" mübarizəni davam etdirəcəklərini deyir.

Bu barədə daha geniş