Əli Kərimli ona "polis zorakılığı edildiyini" deyib

Əli Kərimli Fotonun müəllifi Müşfiq Cabbar

AXCP sədri Əli Kərimli şənbə günü keçirdikləri aksiya zamanı saxlandıqdan sonra "polis zorakılığına məruz qaldığını", ona "işgəncə verildiyini, hətta bir müddət özündə olmadığını" bildirib.

Bakı Şəhər Baş Polis İdarəsindən bununla bağlı cavab öyrənmək mümkün olmayıb.

Şənbə günü Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Səhlab Bağırov BBC News Azərbaycancaya saxlananlara qarşı polis zorakılığı baş verməsi iddialarını təkzib edib.

Dünənki aksiya zamanı Əli Kərimliylə birgə saxlanılmış Müsavat partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu 30 sutka müddətinə həbs olunub. Bu barədə BBC News Azərbaycancaya Tofiq Yaqublunun qızı Nigar Həzi bildirib.

Video açılmırsa, burada izləyin.

Avropa İttifaqının Xarici Siyasət üzrə rəsmisinin mətbuat katibi Azərbaycandakı son hadisələrlə bağlı açıqlama verib.

Sənəddə qeyd olunub ki, "oktyabrın 19-da Bakıda dinc aksiya keçirmək cəhdindən sonra onlarla insan tutulub".

"Xəbərlərə görə, kütləni dağıtmaq və iştirakçıları həbs etmək üçün aşırı və buna ehtiyac olmayan qüvvədən istifadə edildiyi bildirilir. Bu cür hadisələr araşdırılmalıdır. Bununla bərabər, biz hakimiyyəti həbsdə qalan dinc etirazçıları azad etməyə çağırırıq.

Sərbəst toplaşmaq azadlığı əsas insan hüququdur və ölkənin beynəlxalq öhdəliklərinə uyğun olaraq, Azərbaycanın bunu tam şəkildə həyata keçirilməsini təmin edəcəyini gözləyirik", - Aİ-nin Xarici Siyasət üzrə rəsmisinin mətbuat katibinin bəyanatında deyilib.

Azərbaycan XİN mətbuat katibi Leyla Abdullayeva Avropa Ittifaqının bəyanatını şərh edib.

"Polis kübar və mədəni davranış nümayiş etdirib, heç bir insan xəsarət almayib", - Azərbaycan XİN rəsmisi bildirib.- Avropa İttifaqı tərəfindən bu gün Barselonada baş verən hadisələrə, o cümlədən dinc nümayişçilərə qarşı polis tərəfindən rezin güllələrdən istifadə olunması, mətbuat nümayəndələrinin döyülməsi, həddən artıq şiddətdən istifadə olunması hallarına nəzər yetirilməsi yaxşı olardı".

"Fransada aylar ərzində nümayişçilərə qarşı tətbiq olunan polis qəddarlığı bütün insani davranış normalarını aşıb. 11 nəfər ölbürülüb, minlərlə insan xəsarət alıb. Gözlərini itirmiş, şikəst olmuş insanlar vardır, - Leyla Abdullayeva deyib. - Təəssüf ki, bu kimi hallarda da ikili standartlar tətbiq edilir. Polisin mədəni davranışına xələl gətirilir. Avropa İttifaqı tərəfindən öz burnunun ucunda olan hadisələrə göz yumulur".

"Azərbaycanla bu dildə və tərzdə danışmağa icazə verilə bilməz", - XİN mətbuat katibi qeyd edib.

Yeni Azərbaycan Partiyası oktyabrın 19-da Bakıda "icazəsiz yürüş və antikonstitusion çağırışlarla əlaqədar" bəyanat yayıb.

YAP "həm razılaşdırılmamış küçə yürüşlərinə cəhd göstərilməsini, həm də qanuni hakimiyyətin devrilməsinə dair çağırışları ölkənin konstitusion quruluşuna qəsd kimi qiymətləndirir və qətiyyətlə pisləyir", həmin bəyanatda deyilib.

"Destruktiv və xaricdən qızışdırılan qrupların oktyabr ayının 19-da Bakı şəhərinin mərkəzində, insanların gur olduğu yerlərdə təxribatlat törətmək cəhdlərinin və antikonstitusion çağırışlarının əsl mahiyyəti ölkədə sabitliyi pozmaq, qarşıdurma yaratmaq, Azərbaycanı xaosa sürükləməkdən ibarətdir", YAP bildirib.

"Dünənki təxribatlar və çağırışlar Azərbaycan Xalq Cəbhəsi Partiyasının, onun rəhbərliyinin bütünlüklə destruktiv qrupa çevrildiyini, hüquq müstəvisindən kənara çıxdığını və anti-azərbaycan dairələrin əlində təhlükəli vasitəyə çevrildiyini bir daha göstərir", - YAP-ın bəyanatında qeyd olunub.

AXCP lideri Əli Kərimli şənbə günü axşamı sərbəst buraxılıb, AXCP Gənclər Komitəsinin İdarə heyəti üzvü Turan İbrahim BBC News Azərbaycancaya bildirib.

Onun sözlərinə görə, saxlanılmış Məmməd İbrahim, Fuad Qəhrəmanlı, Bəxtiyar İmanov, Rahid Hüseyn, Ayaz Məhərrəmli, Nemət Abbasov, Tofiq Yaqublu, Rüfət Səfərov və digərlərinin hələ də harada olduqları barədə məlumat yoxdur.

"Mitinq baş tutmuş və məqsədinə çatmış sayılır", Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bəyanatında deyilir.

Partiya "yüzlərlə saxlanılan, müxtəlif dərəcədə xəsarət alanlar"ın olduğunu bildirib.

AXCP bildirib ki, mitinq gününə qədər əksəriyyəti AXCP üzvü olan 100-dək təşkilatçı və ictimai-siyasi fəal saxlanılıb.

"Aksiyaya çıxanlar xüsusi avtobuslarla iradələrinin ziddinə olaraq Bakıdan kilometrlərlə uzaq qəsəbələrə aparılaraq, sərbəst buraxılıb, onlar geri qayıtmaq üçün xeyli əziyyət çəkiblər. Aksiya zamanı saxlanılıb polis idarə və bölmələrinə aparılanlar, o cümlədən AXCP sədri barədə hər hansı rəsmi açıqlama verilməyib, onların harada, hansı şəraitdə saxlanması ictimaiyyətə açıqlanmayıb".

BBC News Azərbaycanca AXCP sədri Əli Kərimlinin harada olması ilə bağlı polisdən məlumat ala bilməyib.

Bakı şəhər Baş Polis İdarəsi yaydığı məlumatda bildirib ki, "220 nəfərədək olan bir neçə qrup müxtəlif istiqamətlərdən metronun "28 May" stansiyasının önündəki meydana daxil olmağa cəhd göstərib".

Video açılmırsa, burada izləyin.

Paytaxt polisinin açıqlamasına görə, "qanunsuz aksiyanın təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla 60 nəfər saxlanıb".

Polis bildirir ki, onlardan 18 nəfərinin işi məhkəməyə göndəriləcək.

42 nəfərə isə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıblar, paytaxt polisi bildirib.

Saxlananlar arasında AXCP sədri Əli Kərimli ilə yanaşı Müsavat partiyasının üzvü Tofiq Yaqublu da var. BBC News Azərbaycancanın müxbiri onların hər ikisinin Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlandığı və polis maşınına mindirildiyini müşahidə edib.

Amma Çevik Polis Alayının komandiri, polis general-mayoru Səhlab Bağırov BBC News Azərbaycancaya bunu təsdiqləməyib, deyib ki, onda belə bir məlumat yoxdur.

Müxbirlərimizin məlumatına görə, polis "50-yə yaxın insanı saxlayıb".

"Polis jurnalistləri də itələyib", - müxbirlərimiz qeyd edib.

Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Səhlab Bağırov BBC News Azərbaycancaya eksklüziv müsahibəsində "saxlananların olduğunu" təsdiqləyib.

"Polis heç kimə zorakılıq göstərmir", deyən rəsmi sıravi insanların saxlanması ilə bağlı iddiaları rədd edib.

"Sıravı sakinin burada nə işi var?", Səhlab Bağırov deyib.

O, həmçinin jurnalistlərin avtobusun içində olan saxlananlara polisin fiziki təzyiq göstərməsi ilə bağlı müşahidələrini təkzib edib.

Saxlananlar arasında qadınlar da var, müxbirimiz azı 5 qadının saxlandığını müşahidə edib.

Əli Əhmədov: "İnsanların rahatlığını kimsə pozmamalıdır"

Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov öz Facebook səhifəsində yazıb ki, mitinqdə baş verənləri sosial şəbəkədən izləyib: "Həqiqətən üzücü mənzərədir: çox az sayda insan şəhərin gur yerində asayişi pozmaqla diqqəti cəlb etməyə çalışır. Sanki onlar insanların rahatlığını pozmaqlarından həzz alırlar. Əslində isə utanmaq lazımdır".

Əli Əhmədov hesab edir ki, küçələrdə "səs-küy salan bu insanlar Azərbaycanın reallıqlarından və xalqdan çox uzaq düşüblər".

O, polisin davranışı "təqdirəlayiq" sayıb və yazıb ki, qanunsuz, icazəsiz aksiyaların qarşısı alınmalıdır. "İnsanların rahatlığını kimsə pozmamalıdır və poza bilməz", Əli Əhmədov statusunda bildirib.

"Polis ərazidəki adamları kənarlaşdırır"

"Hazırda hadisələr Mərkəzi bankla üzbəüz olan parkda baş verir. Ara-sıra kimsə "Azadlıq" şüarı çığırır, polis onları kənarlaşdırmağa çalışır", hadisə yerində olan müxbirlərimiz deyir.

Bundan əvvəl müxbirimiz deyib ki, Neft Akademiyası tərəfdə arasında qadınların da olduğu "iyirmiyə yaxın insanın saxlandığını" görüb.

Müxbirimiz bildirir ki, hüquq-mühafizə orqanları mağazalardakı insanlara tez çıxıb getməyi, küçədə dayanmamağı - ya evlərinə, ya da ofislərinə getməyi məsləhət görür.

"Canlı sədlər qurulub, jurnalistləri də o ərazilərə buraxmırlar. Baş verənləri seyr edən adi vətəndaşları da aparırlar", müxbirlərimiz deyir.

Bundan başqa müxbirlərimiz Bakının Heydər Əliyev adına sarayın yanından 28 may metro stansiyasına gedən bəzi küçələrin bağlı olduğunu və avtomobillərin buraxılmadığını görüb.

Həmin yollardakı Yol Patrul Xidmətinin əməkdaşları əraziyə daxil olmaq istəyən sürücülərə alternativ yollardan istifadə etməyi məsləhət görür.

BBC News Azərbaycancanın müxbiri Mərkəzi bank, 28 Mall ticarət mərkəzi və ətraf küçələrdə polis avtobuslarının və çox sayda polis qüvvələrinin gözlədiyini müşahidə edib.

28 may metrosuna yaxın ərazilərdə polis qüvvələri artıq canlı sipər yaradıblar.

Metro stansiyaları da bağlanır

Bakı Metropoliteni Milli Şuranın Bakının mərkəzində keçirməyi panlaşdırdığı icazəsiz aksiyaya görə 28 may, Cəfər Cabbarlı, Xətai metro stansiyalarını bir neçə saat bağlayacaq.

"Bakı Metropoliteni" QSC-dən BBC News Azərbaycancaya bildirilib ki, bu addımı "strateji əhəmiyyətli və kütləvi nəqliyyat infrastrukturunun fəaliyyətinin iflic olmaması, eləcə də bu nəqliyyat vasitələrindən istifadə edən vətəndaşların hüquqlarının qorunması" məqsədilə atır.

"Bakı Metropoliteninin "28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının oktyabrın 19-da saat 13:00-dan fəaliyyətinin müvəqqəti dayandırılması qərara alınıb", qurum bildirir.

Bakı Metropoliteni onu da vurğulayıb ki, qurumun "mühafizə zonalarında qanunsuz aksiya keçirilməsinə çağırışlar edən şəxslər, yaxud belə hüquqazidd aksiyaların təşkilatçıları haqqında qanunvericilikdə nəzərdə tutulmuş sərt tədbirlərin görülməsi barədə aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət olunacaq".

"Mitinq təxirə salınmayıb"

Milli Şura şənbə günü Bakının mərkəzində keçirmək istədiyi mitinqi təxirə salmayıb, bunu AXCP sədri Əli Kərimli öz rəsmi Facebook hesabında yazıb.

Yerli mediada məlumat yayılıb ki, AXCP sədri Əli Kərimli şəhərin mərkəzdə planlaşdırdığı mitinqlə bağlı qərarın ləğv edildiyi ilə bağlı Facebook hesabında məlumat yayıb.

Baş Prokurorluğun əməkdaşı BBC News Azərbaycancanın əməkdaşı da daxil olan email qrupuna mitinqin təxirə salınması ilə bağlı yerli mediada dərc edilən yazıların linkini göndərib.

Lakin AXCP sədri Əli Kərimli öz rəsmi Facebook hesabında bildirib ki, onun adından yayılan bu xəbərlər "doğru deyil".

O, "qərarımız qüvvəsindədir, mitinq təxirə salınmayıb", deyə yazıb.

Şənbə günü bir qrup müxalif qüvvəni təmsil edən Milli Şura Bakının mərkəzində etiraz aksiyası keçirməyi planlaşdırır.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın Bakının mərkəzində yox, mərkəzdən təxminən 20 km-dən çox uzaqda yerləşən Lökbatan qəsəbəsində mitinq keçirməsinə razılaşıb.

Ancaq Milli Şura bununla razılaşmayaraq mitinqi şəhərin mərkəzində keçirməyə qərar verib.

Daxili İşlər Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyanın "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununun tələblərinə zidd sayaraq bildirib ki, "hüquq-mühafizə orqanları tərəfindən qanunsuz əməllərin qarşısı qətiyyətlə alınacaq".

Milli Şura vurğulayıb ki, onlar şəhərin mərkəzində dinc aksiya keçirəcəklər və Əli Kərimli sosila media hesabında aksiyaya qoşulmaq istəyənləri polislə qarşıdurmadan çəkinməyə çağırıb.

Oktyabrın 8-də uzun müddətdən sonra ilk dəfə Bakının mərkəzində Milli Şuranın piketi baş tutub. Piketin keçirilməsinə BŞİH icazə vermişdi.

Milli Şura sonuncu mitinqini bu il yanvarın 19-da keçirib və ondan sonra uzun müddət onun növbəti aksiyalarına icazə verilməyib.

BŞİH Milli Şuranın bundan əvvəlki mitinqlə bağlı müraciətinə də müsbət cavab verərək aksiyanın Lökbatan qəsəbəsində keçirilməsini məqsədəmüvafiq saymış, amma müxalifət funksionerləri bununla da razılaşmamışdı.

Əlaqəli mövzular

Bu barədə daha geniş