Baş Prokurorluq: Əli Kərimli "başını dəmir barmaqlıqlı qapıya vurub"

Əli Kərimli Fotonun müəllifi Müşfiq Cabbar
Image caption Əli Kərimli "təpiklə boğazının sıxıldığı" da deyib

Baş Prokurorluq Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin özü-özünə xəsarət yetirdiyini iddia edir.

AXCP sədri Əli Kərimli 19 oktyabr etiraz nümayişində saxlandıqdan sonra "çox ağır fiziki zorakılığa məruz qaldığını", ona "işgəncə verildiyini, hətta bir müddət özündə olmadığını" və "təpiklə boğazının sıxıldığı" deyib.

19 oktyabrda Milli Şuranın etiraz nümayişi zamanı hüquq-mühafizə orqanları Əli Kərimlini bir neçə saat müddətinə saxlayıb, bu müddətdə ondan xəbər almaq mümkün olmayıb. O, həmin günün axşamı buraxılıb.

Baş Prokurorluğun rəsmi məlumatında bildirilir ki, Əli Kərimli "polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb, polislərin ünvanına nalayiq söyüşlər işlədib, iki polis əməkdaşına müqavimət göstərərək onlara xəsarətlər yetirib",

"[Əli Kərimli- red] ... müqavimətini davam etdirib polis əməkdaşlarını itələyərək avtobusdan enməyə və provakasiyaya cəhd edərək başı nahiyəsini avtobusun dəmir barmaqlıqlı qapısına bir neçə dəfə vurmuş, nəticədə alın nahiyəsindən xəsarət almışdır", bəyanatda ifadə edilib.

Baş Prokurorluq deyir ki, Xətai Rayon Polis İdarəsinə gətirilmiş Əli Kərimliyə "dərhal ilkin tibbi yardım göstərilib" və o, daha sonra DİN-in hospitalında müayinədən keçirilib.

Baş Prokurorluq Əli Kərimlinin "müqavimət göstərdiyi" polis əməkdaşlarının da məhkəmə-tibb eksperti tərəfindən müayinə edildiyini və onların bədəni üzərində göstərilən şəraitdə yetirilməyə xarakterik xəsarətlər müəyyən edildiyini də bildirir.

AXCP-dən Məmməd İbrahim bazar ertəsi günü bildirib ki, AXCP lideri hazırda evində müalicə alır.

"Əli Kərimli səhhətindəki problemlərə görə özünü yaxşı hiss etmir və mətbuatla danışmaq ona çətindir", o, BBC News Azərbaycancaya deyib.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın oktyabrın 19-da Bakının mərkəzində yox, mərkəzdən təxminən 20 km-dən çox uzaqda yerləşən Lökbatan qəsəbəsində mitinq keçirməsinə razılaşmışdı, lakin Milli Şura bununla razılaşmayaraq mitinqi şəhərin mərkəzində keçirməyə qərar verib.

Etiraz nümayişinin dağıdılması zamanı onlarla etirazçının, eləcə də etirazçı olmadığını deyən şəxsin polis və mülki geyimlilər tərəfindən saxlanılmasını təsvir edən görüntülər paylaşılıb.

Mitinqdən sonra paytaxt polisinin açıqlamasına görə, "qanunsuz aksiyanın təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla 60 nəfər saxlanıb".

Baş Prokurorluq bu etiraz nümayişində polis əməkdaşları tərəfindən güc tətbiq edilməsi barədə paylaşılmış məlumatları "tamamilə əsassız" adlandırıb və belə halların olduğunu təkzib edib.

Beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini zorakılığa dair yayılmış məlumatları araşdırmağa, aidiyəti olan şəxsləri məsuliyyətə cəlb etməyə və saxlananları azadlığa buraxmağa "çağırıb".

Bu barədə daha geniş