Beynəlxalq qurumlar Azərbaycanı saxlananları "sərbəst buraxmağa çağırır"

19 oktyabr mitinq

ABŞ Səfirliyi və Avropa Şurası İnsan Haqları Komissarı Azərbaycan hakimiyyətini 19 oktyabrda keçirilən etiraz nümayişində zorakılığa dair yayılmış məlumatları araşdırmağa və saxlananları azadlığa buraxmağa "çağırıb".

ABŞ Səfirliyi həmçinin bildirib ki, dinc etiraz aksiyanın dağıdılması, həmçinin aksiya iştirakçılarının və müşahidə edən insanların həbs edilməsi üçün polis tərəfindən göstərilən zorakılığı qəti şəkildə pisləyir.

"Həftəsonu Bakıda razılaşdırılmamış mitinqlərin polis tərəfindən vəhşicəsinə dağıldığı hadisələr Azərbaycanda polisin davranışı və insanların dinc etiraz hüquqlarına dair ciddi narahatlıq doğurur", Avropa Şurası İnsan Haqları Komissarı Dunja Mijatovic-in bəyanatında deyilir.

Azərbaycanın Xarici İşlər Nazirliyi polisin "kübar və mədəni davranış nümayiş etdirdiyini" bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) yüksək rütbəli rəsmisi etiraz nümayişi zamanı saxlananların polis zorakılığına məruz qalması barədə iddiaları təkzib edib.

Oktyabrın 19-da Milli Şura Bakının mərkəzində paytaxt rəsmiləri ilə razılaşdırılmamış etiraz nümayişi keçirib. 20 oktyabrda isə bir qrup ictimai fəal Bakının mərkəzində məişət zorakılığı ilə üzləşən qadınlara dəstək nümayiş etdirdiklərini, belə hallara son qoyulmasını tələb edərək "Dözmə, yürüş et" adlı yürüş keçirib.

ABŞ Səfirliyinin Avropa İttifaqının bəyanatına "dəstək verən" açıqlamasında həmçinin deyilir ki, insanların azad şəkildə toplaşaraq fikirlərini bildirmək hüququnun təminatı güclü cəmiyyətin zəminini təşkil edir.

"Hökumətin şəhər mərkəzinə yaxın olan ərazilərdə dinc nümayişlərin keçirilməsinə ardıcıl olaraq qadağa qoyması və ya fikirlərini bildirmək istəyən vətəndaşlara qarşı zorakılıq tətbiq etməsi kimi atdığı addımlar insanların sözügedən hüquqdan yararlanmasına maneə törədir və Azərbaycanı zəiflədir."

Səfirlik etiraz aksiyaları zamanı internetdən istifadə imkanlarının məhdudlaşdırmasını "Azərbaycanın imkanlarının məhdudlaşdırması" kimi qiymətləndirib.

ABŞ Səfirliyi "aidiyəti olan şəxsləri məsuliyyətə cəlb etməyə" də çağırış edib.

Avropa İttifaqının Xarici Siyasət üzrə rəsmisinin sözçüsününü bəyanatında deyilir ki, "xəbərlərə görə, kütləni dağıtmaq və iştirakçıları həbs etmək üçün həddindən artıq və buna ehtiyac olmayan qüvvədən istifadə edildiyi bildirilir. Bu cür hadisələr araşdırılmalıdır. Bununla bərabər, biz hakimiyyəti həbsdə qalan dinc etirazçıları azad etməyə çağırırıq."

Avropa Şurası İnsan Haqları Komissarı Dunja Mijatovic Azərbaycan hakimiyyətini etirazçılara qarşı "pis rəftar iddialarını effektiv şəkildə araşdırmağa" və saxlananları "azad etməyə çağırıb".

"19 oktyabrda müxalifətin şəhər mərkəzində mitinq cəhdləri polis zorakılığı ilə qarşılanıb", o bildirib.

DİN-in Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Səhlab Bağırov BBC News Azərbaycancaya saxlananlara qarşı polis zorakılığı olduğunu təkzib edib.

Dunja Mijatovic müxalifət lideri də daxil olmaqla, 100-ə yaxın adamın saxlanıldığını və bəzilərinin həbs edildiyini, bəzi iştirakçıların isə mitinqdən öncə saxlanıldığını qeyd edib.

DİN-in saxlanılanlar barədə yadığı məlumata görə, həmin gün 60 nəfər saxlanılıb, onlardan 42-si xəbərdarlıq aldıqdan sonra azad edilib, 18 nəfərin işi isə məhkəməyə göndərilib.

Video açılmırsa, burada izləyin.

Dunja Mijatovic əlavə edib ki, "mitinq zamanı üç metro stansiyası və əsas küçələr polis tərəfindən bağlandığı üçün insanların dinc nümayişə qoşulmasının qarşısı alınıb".

"Bakı Metropoliteni" QSC BBC News Azərbaycancaya Milli Şuranın Bakının mərkəzində keçirməyi planlaşdırdığı razılaşdırılmamış aksiyaya görə 28 may, Cəfər Cabbarlı, Xətai metro stansiyalarının bir neçə saat bağlanacağını təsdiqləmişdi.

Komissar, həmçinin 19 oktyabr mitinqinin keçirildiyi ərazidə internetin kəsildiyi və etirazları işıqlandıran jurnalistlərin xəsarət alması haqda narahatlığını ifadə edib. O, həbsdə qalan dinc etirazçıların sərbəst buraxılmasına və sərbəst toplaşma və ifadə azadlığını təmin edilməsinə çağırıb.

Image caption "Qadına şiddətə yox!" yürüşü

Avropa Şurasının komissarı həmçinin oktyabrın 20-də bir qrup fəalın qadına şiddətə qarşı keçirdikləri yürüşə də toxunub.

"Oktyabrın 20-də artan qadın və məişət zorakılığına qarşı dinc nümayiş də dağıdılıb. Nümayişdən olan görüntülər xüsusən yürüşün məqsədi, yəni, qadın zorakılığını dayandırmaq və Avropa Şurası İstanbul Konvensiyasının ratifikasiyasına çağırış nəzərə alınmaqla dərin narahatlıq doğurur", - bəyanatda deyilir.

Image caption "Qadına şiddətə yox!" yürüşü zamanı polislər qadın iştirakçılardan birini polis maşınına aparmağa çalışır.

"Hüquq-mühafizə orqanlarının əməkdaşlarının qeyri-mütənasib güc tətbiq etməsini qınayıram və hakimiyyəti pis rəftar iddiaları ilə bağlı səmərəli araşdırmaların təxirə salınmadan aparılmasını təmin etməyə çağırıram", - komissar söyləyib.

Dunja Mijatovic kütləvi nümayişlərin keçirilməsi üçün Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş bildiriş prosedurunun Avropa standartlarına uyğun tətbiq edilməli olduğunu vurğulayıb.

"Belə nümayişlərin keçirilməsinin razılaşdırılması tələb olunmamalıdır; Bunun əvəzinə hökumət əməkdaşlığa və təşkilatçıların seçdiyi yerlərdə toplaşmaqlarını qorumağa çalışmalıdırlar".

Image caption 19 oktyabr mitinqin zamanı AXCP lideri Əli Kərimli, Milli Şura üzvü Tofiq Yaqublu və digər müxalifət nümayəndələri polis tərəfindən saxlanılarkən

Xarici İşlər Nazirliyi: "Polis kübar və mədəni davranış nümayiş etdirib"

Azərbaycanın Xarici İşlər Nazirliyi Avropa Şurası İnsan Haqları Komissarının bəyanatına cavab olaraq Azərbaycanda insanların "sərbəst toplaşmaq hüququnun təmin olunduğunu" bildirib.

Mitinqin keçirilməsi üçün Bakı şəhərində digər ərazi müəyyən edidiyini əlavə edən nazirliyin sözçüsü Leyla Abdullayeva deyib ki, müraciətçilər "qəsdən toqquşma yaratmaq məqsədilə şəhərin mərkəzi küçələrinə axışmağa cəhd edib və hüquq-mühafizə orqanları bu qanunsuz aksiyanın qarşısını almağa məcbur olub".

"Polis kübar və mədəni davranış nümayiş etdirib və heç kim ciddi xəsarət almamışdır", Leyla Abdullayeva bildirib.

Nazirlik bundan əvvəl Aİ-nin bəyanatı ilə bağlı bildirib ki, "Azərbaycanla bu dildə və tərzdə danışmağa icazə verilə bilməz".

Image caption 19 oktyabr mitinqindən görüntülər

YAP: "Siyasi partiyalar vasitəsilə Azərbaycana xarici təzyiqlər" var

Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və İcra katibi Əli Əhmədov bazar ertəsi günü jurnalistlərə deyib ki, hər hansı müxalifət partiyasının kütləvi aksiya keçirməsi nə YAP, nə də Azərbaycan iqtidarı üçün "narahatlıq və nigaranlıq mənbəyi deyil və ola bilməz".

"Ölkədə bütün azadlıqlar təmin olunduğu kimi, kütləvi aksiyaların keçirilməsi üçün yerlərin ayrılmasına baxmayaraq, müxalifət partiyaları mitinqləri icazəsiz şəkildə, razılıq verilməyən yerdə keçirmək niyyətinə düşüb və buna cəhd ediblər. Bunun arxasında duran başlıca niyyət və istək görünür ki, onlara verilən tapşırığa uyğun olaraq Azərbaycanda əsassız yerə qarşıdurma yaratmaq, ölkədə həyata keçirilən islahatlara əngəllər törətmək, bütövlükdə dövlət və hökumət qüvvələri ilə qarşıdurma yaratmaqla ölkədəki sabitliyi pozmağa cəhdlərdən ibarətdir".

O, təmsil etdiyi partiyanın "iki ay əvvəl siyasi partiyalar vasitəsilə Azərbaycana xarici təzyiqlərin mövcud olması ilə bağlı həyəcan təbili çaldığını" deyib.

"Aydın şəkildə hiss olunur ki, onlar yenə də kimlər tərəfindənsə idarə olunur, artıq mətbuatda yayılıb və güman edirəm ki, sizin də məlumatlarınız var ki, onlara bu təlimatları verənlər də, eyni zamanda onlara verilən təlimatların yerinə yetirilməsi haqda hesabatları alanlar da tamamilə məlumdur. Azərbaycan cəmiyyətinə bu barədə geniş informasiyalar çatdırılıb".

Image caption 19 oktyabr mitinqindən görüntülər

Bu barədə daha geniş