İlham Əliyev: "Bəzi dövlət məmurları biznesə kömək etməklə haqsız rəqabət aparır"

İlham Əliyev Baş nazirin yeni müavinindən nə gözləyir? Fotonun müəllifi President.az

Prezident İlham Əliyev "müxtəlif biznes dairələrinə köməklik edən dövlət məmurlarını" "haqsız rəqabət aparmaqda" ittiham edib.

O, yeni Baş nazir müavini təyin etdiyi Şahin Mustafayevin kölgə iqtisadiyyatına son qoyulması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığın aradan qaldırılması istiqamətində iş aparmasını istəyib.

İlham Əliyev "Bəzi hallarda dövlət məmurları, hansılar ki, eyni zamanda, müxtəlif biznes dairələrinə də kömək göstərirlər, onlar haqsız rəqabət aparırlar. Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır. Əgər biz buna nail olsaq, əlbəttə, biznes dairələri üçün daha yaxşı şərait yaradılacaq" - deyib.

Prezident bildirib ki, ölkədə əhalinin sayı artır və bu, "sosial yük" yaradır, "xərclər artır", buna görə də xərcləri qarşılamaq üçün iqtisadiyyatı "kölgədən çıxarmaq" və "inhisarçılığıa" son qoymaq lazımdır.

"Hesab edirəm ki, kölgədən çıxarılacaq biznes, əlbəttə, bizim iqtisadi göstəricilərimizi də düzəldəcək. Yəni göstəricilər reallığı əks etdirəcək", o deyib.

İlham Əliyev ölkədə biznes mühitinin yaxşılaşdırılmasına və xarici investorları qeyri-neft sektoruna sərmayə qoyulmasına "inandırmağa çalışmalı" olduqlarını söyləyir:

"Bizim vəzifəmiz xarici investorları inandırmaqdır ki, ölkəmizin qeyri-neft sektoruna daha böyük həcmdə sərmayə qoysunlar. Eyni zamanda yerli şirkətlər üçün elə gözəl biznes iqlimi yaradılmalıdır ki, Azərbaycan şirkətləri ölkə iqtisadiyyatına böyük həvəslə sərmayə qoysunlar".

Müstəqil iqtisadçılar hesab edirlər ki, Azərbayan əldə etdiyi neft gəlirlərini düzğün istiqamətləndirə bilməyib və nəticədə ölkədə məmur inhisarçılığı, rəqabətsiz biznes mühiti yaranıb.

Hökumət tənqidçilərinin fikrincə, Azərbaycan hələ də neft gəlirlərindən asılıdır, dövlət büdcəsinin böyük hissəsi birbaşa və dolayısı ilə neft gəlirlərindən formalaşır.

Avropa İttifaqı - Azərbaycan Biznes Forumunda açıqlanan "Aİ və Azərbaycanda Biznes Mühiti-2019" hesabatına görə, Azərbaycanda fəaliyyət göstərən avropalı iş adamları Azərbaycanda biznes mühitindən narazıdırlar: bürokratiya, korrupsiya, kadr çatışmazlığı, inflyasiya riski onları narahat edən məsələlərdir.

Bu barədə daha geniş