Gültəkin Hacıbəyli səs yazılmasına görə məhkəməyə gedir

Gültəkin Hacıbəyli Fotonun müəllifi Gültəkin Hacıbəyli
Image caption Gültəkin Hacıbəyli: "Bütün hüquqi addımları atacaq, Avropa məhkəməsinədək müraciət edəcəyəm. Prosedurları "ədalət əldə edənədək" aparacağam.

Keçmiş millət vəkili Gültəkin Hacıbəyli diplomatlarla söhbətinin gizli yazılması və yayılmasına görə məhkəməyə üz tutacağını deyib.

Oktyabrın 20-də yerli Real TV onun ABŞ və Avropa İttifaqının Azərbaycandakı diplomatları ilə telefon danışığını və görüşünün səsyazısını yayımlayıb. REAL TV-yə istinadla ölkənin bir çox media qurumu da bu səsyazısını tirajlayıb. Ancaq üstündən bir neçə saat keçəndən sonra REAL TV səsyazısını yaydığı verilişi internetdən silib.

REAL TV-nin rəhbəri və həmin verilişin aparıcısı Mirşahin Ağayev məsələ ilə bağlı şərh verməyib.

Gültəkin Hacıbəylinin səs yazısını "digər ilk mənbə kimi yaymaqda ittiham etdiyi" haqqın.az saytı isə REAL TV-yə istinad etdiyini deyir.

Prezident Adminstrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacızadə bunun "media müstəvisində" olduğu qənaətindədir və hesab edir ki, "medianın hər hansı məlumata çıxışı ola bilər".

BBC News Azərbaycancancaya müsahibsində o, dövlətə qarşı hər hansı ittihamın irəli sürülməsini əsassız sayıb.

"Əgər bu məsələ varsa, media müstəvisində olan məsələdirsə, düşünürəm ki, konret olaraq diplomatik korpusla təmaslarımız zamanı bu məsələ də müzakirə oluna bilər", Hikmət Hacıyev söyləyib.

ABŞ-ın Azərbaycandakı səfirliyi səsyazısının mediadan silinməsini "təqdir etdiyini" deyib.

"Bu şəxsi toxunulmazlıq hüququma qəsddir"

BBC News Azərbaycancaya açıqlamasında müxalif Milli Şura üzvü Gültəkin Hacıbəyli deyib ki, "ədalət əldə edənədək" məhkəmə müstəvisində mübarizə aparacaq: "İlk növbədə Real TV-nin rəhbərliyini və konkret həmin ittihamı səsləndirən jurnalisti, eləcə də haqqın.az saytını məhkəməyə verəcəyəm. Eyni zamanda mənim telefon danışıqlarımı qanunsuz olaraq dinləyən və xüsusi xidmət orqanlarına ötürən Azercell-i məhkəməyə verəcəyəm. Bu, birmənalı olaraq qanun pozuntusudur, mənim şəxsi toxunulmazlıq hüququma təcavüzdür, qəsddir".

O, ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı ilə evində telefonla danışıb. Hər iki nömrə Azercell mobil operatoruna məxsusdur.

Gültəkin Hacıbəyli Avropa İttifaqının Bakı nümayəndəliyinin əməkdaşı ilə paytaxtın restoranlarının birində görüşüb.

O, söhbətlərinin "təsadüfi adam tərəfindən yazılmasının sıfıra bərabər olduğunu" düşünür və iddia edir ki, bu görüşün izlənilməsi üçün "xüsusi əməliyyat keçirilib və onların masasına dinləmə qurğusu" yerləşdirilib.

"Mən diplomatlarla oktyabrın 19-da danışmışam və həmin gün axşam artıq haqqın.az saytı bu məlumatı saytına yerləşdirmişdi. Bunun operativliyinə və fərqli mənbələr olmasına görə təsadüfi adamların etməsi mümkün deyil. Bu, ancaq dövlət resursları hesabına, xüsusi xidmət orqanlarının iştirakı ilə baş verən cinayətdir".

Gültəkin Hacıbəyliyə görə, "səs yazılarının mətbuatdan silinməsi və bütün üzrxahlıqlar əhəmiyyətsizdir".

Telefonu kim dinləyir?

Azərbyacan qanunvericiliyi telefonların dinlənilməsini mümkün sayır, ancaq bunun üçün məhkəmə qərarı olmalıdır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi BBC News Azərbaycancanın şəxsi məlumatların qorunması haqda sorğusuna cavabında bildirib ki, müvafiq qanuna əsasən, fiziki və hüquqi şəxslərin stansiya avadanlığına qoşulmaqla "telefon danışıqlarına qulaq asması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması mümkündür.

Amma bunu hüquq-mühafizə orqanları məhkəmənin qərarı əsasında həyata keçirir".

Gültəkin Hacıbəylinin danışığının yazılması ilə bağlı isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən şərh almaq mümkün olmayıb.

Dövlət Təhlükəsizliyi Xidməti hesab edir ki, "bu məsələnin quruma aidiyyatı yoxdur".

Azercell ittihamları rədd edir

Azercell ünvanına deyilən ittihamlarla razı deyil. Şirkətdən BBC News Azərbaycancaya göndərilən açıqlamada deyilir ki, onlar müştərilərin danışıqlarının dinlənilməsini, yazılmasını və ya saxlanılmasını həyata keçirmir və bunun üçün "texniki resurslara malik deyil".

"Müştərilərə dair məlumatların məxfiliyinin təmin edilməsi şirkətimiz üçün ən önəmli məsələlərdəndir. Şirkətimiz müştəri məlumatlarının məxfiliyinin pozulmasında maraqlı deyil və belə məlumatların qorunması üçün qanunvericilik çərçivəsində bütün tədbirləri həyata keçirir", Azercell Telekom" MMC nin açıqlamasında deyilir.

"Sadəcə demişik ki, belə bir məlumat paylaşıb"

Real TV-nin baş direktoru və diplomatların səs yazısının yayıldığı verilişin aparıcısı Mirşahin Ağayevin məsələyə münasibətini öyrənmək mümkün olmayıb.

Haqqın.az saytının rəhbəri Eynulla Fətullayev BBC News Azərbaycancaya bildirir ki, "saytda yerləşdirilən məqalə Real TV-yə istinadla verilib və əsas mənbə məlumatı siləndən sonra onlar da bunu siliblər".

"Əgər ilk mənbə məlumatı pozubsa, biz də pozmalıyıq, çünki biz məlumatı istinadla vermişdik. Orada təhqir və ya iftira səslənməyib, sadəcə demişik ki, belə bir söhbət yayılıb", Eynulla Fətullayev söyləyir.

Gültəkin Hacıbəylinin diplomatlarla görüşdüyü restoran rəhbərliyi isə bu məsələnin restorana "aidiyyəti" olmadığını düşünür.

BBC News Azərbaycancaya restoran rəhbərliyi bildirib ki, onlar "yerli və əcnəbi qonaqların təhlükəsizliyi tam təmin" edirlər.

Bu barədə daha geniş