İlham Əliyev: "Zəli kimi onun bədənindən yapışırlar..."

İlham Əliyev Fotonun müəllifi president.az
Image caption Prezident İlham Əliyev ölkədə "kölgə iqtisadiyyatının mövcudluğundan", sahibkarlara "zəli kimi yapışan dövlət məmurlarından", qeyri-neft sektorunun "zəif inkişafından" narazıdır.

Prezident İlham Əliyev ölkədə "kölgə iqtisadiyyatının mövcudluğundan", sahibkarlara "zəli kimi yapışan dövlət məmurlarından", qeyri-neft sektorunun "zəif inkişafından" narazıdır.

O, yeni təyin etdiyi iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə bildirib ki, yüz minlərlə insan "zərflərdə maaş" alır.

"Muzdla işləyən vətəndaşlara da üz tutub deyirəm: bu işlərə baş qoşmayın. Əgər hansısa sahibkar sizə tutaq ki, 500 manat maaş verirsə və onun 250 manatını rəsmi qaydada verirsə, siz buna razı olmayın. Çünki sabah pensiya almayacaqsınız. Sosial sığorta problemi olacaq", İlham Əliyev deyib.

"Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin"

Prezident əlavə edib ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır, amma Azərbaycanda belə deyil.

"Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir", İlham Əliyev deyib.

Prezident bildirib ki, bu məsələ ilə bağlı o artıq hüquq-mühafizə orqanlarına "çox ciddi tapşırıq verib".

İlham Əliyev onu da deyib ki, belə hallara yol verilərsə, nazir Mikayıl Cabbarov dərhal onu məlumatlandırsın.

Prezidentin sözlərinə görə, "belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcək".

"İslahatlara alternativ yoxdur".

İlham Əliyev bildirib ki, kadr islahatları labüddür və qaçılmazdır.

"Biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar", o deyib.

Bir neçə gün əvvəl prezident İlham Əliyev "iqtidarda 70 yaşını keçən" məmurların istefa verəcəyinə ümid etdiyini deyib. O bunu bazar ertəsi Baş Nazirin müavini vəzifəsindən istefa verən Əli Həsənov və Hacıbala Abutalıbovla görüşündə bildirib.

Növbəti gün isə İlham Əliyevin sərəncamı ilə Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib.

"Haqsız rəqabət bizim üçün böyük yaradır"

İlham Əliyev Mikayıl Cabbarova haqsız rəqabət haqqında da danışıb və haqsız rəqabəti, böyük yara saydığını bildirib.

O, haqsız rəqabətə biznes maraqları olan dövlət məmurlarının təkan verdiyini deyib.

"Onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarırlar, bəzi hallarda şərləyirlər. Elə şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini satsınlar, ya da ki, çıxıb getsinlər. Buna da yol vermək olmaz"

İlham Əliyev Mikayıl Cabbarovun Vergilər naziri kimi ona olan təziqlərə davam gətirməsini təqdir edib: "Heç kim heç bir imtiyaza sahib ola bilməz. Bir imtiyaz var: vergini vermək, Vətənə ləyaqətlə xidmət etmək və pozuntulara yol verməmək"- deyib.

İlham Əliyevin sərəncamı ilə çərşənbə günü Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyi İqtisadiyyat Nazirliyinə birləşdirilib. Nazirliyin rəbərliyinə isə keçmiş vergilər naziri Mikayıl Cabbarov təyin edilib. O, həm də bir müddət təhsil naziri olub.

Müstəqil iqtisadçılar hesab edirlər ki, aparılan kadr dəyişikliyi və hakimiyyətin iqtisadi islahat kimi təqdim etdiyi məsələlər ölkədə köklü iqtisadi dəyişikliyə, kiçik və orta sahibkarlığın inkişafına nail olunması üçün yetərli deyil.

Hökumət tənqidçilərinin fikrincə, bunun üçün siyasi və iqtisadi islahatlar paralel aparılmalı, ədalətli məhkəmə sistemi qurulmalıdır.

Bu barədə daha geniş