"Elina işi": məktəb direktoru "ayağına bağlanan elektron bilərziklə izlənəcək"

Elina Hacıyevanın məhkəməsi
Image caption Elina Hacıyevanın işi üzrə keçirilən məhkəmənin qarşısında fəallar etiraz ediblər

Özünü oxuduğu məktəbin pəncərəsindən ataraq intihar edən Elina Hacıyevanın işində təqsirləndirilən məktəb direktoruna 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası verilib.

Çərşənbə axşamı Bakının Səbail məhkəməsində keçirilən məhkəmə prosesində çıxarılan hökmə görə, məktəb direktoru Sevinc Abbasova həm də Elina Hacıyevanın anasına 8 min 500 manat maddi və 10 min manat mənəvi ziyana görə təzminat ödəməlidir.

162 saylı orta məktəbin şagirdi Elina Hacıyevanın ölümündə təqsiqli bilinən Sevinc Abbasova ona verilən ittihamları qəbul etmir.

Onun vəkili məhkəmə zamanı müdafiə etdiyi şəxsin günahsız olduğunu deyib. O baş verənlərdə "cinayət hadisəsi yoxdur" deyib.

"Həm istintaq, həm də məhkəmə istintaqı zamanı ittihamın əsasını təşkil edən hallar təsdiqini tapmayıb... Məhkəmə bəraətverici əsaslarla hökm çıxarmalıdır", vəkil Sadiq Bağırov deyib.

Sevinc Abbasova məhkəmədəki sön sözündə bəraət istəyib, deyib ki, 25 ilin müəllimidir və məktəb direktoru olduğu 3 il müddətində məktəbin nəticələri müsbət olub. Sevinc Abbasova işində "səhlənkar" olmadığını, ittihamı qəbul etmədiyini bildirib.

Elina Hacıyevanın qohumları məhkəmənin qərarından narazı qalıblar.

2019-cu ilin aprelində məktəb pəncərəsindən özünü atan məktəbli Elina Hacıyeva xəstəxanaya çatdırıldıqdan sonra vəfat edib.

Zərərçəkmiş tərəfin vəkilləri Elinanın intiharına və vəfat etməsinə səbəblərin yetərincə araşdırılmadığını iddia edirlər.

Zərərçəkmiş tərəfin vəkili Azər Nağıyev BBC News Azərbaycancaya Sevinc Abbasovaya verilən cəzanın yüngül olduğu qənaətindədir. Onun sözlərinə görə, azadlığın məhdudlaşdırılması o deməkdir ki, Sevinc Abbasovanın "ayağına elektron bilərzik taxılacaq və o, məhdud çevrədə hərəkət edə biləcək".

Məhkəmə zərərçəkmiş tərəfin Təhsil Nazirliyinə qarşı irəli sürdüyü 100 min manat təzminat tələbini təmin etməyib.

Elina Hacıyevanın ailəsi məhkəmə hökmündən şikayət verəcəyini bildirib.

Image caption Elina Hacıyevanın işi üzrə keçirilən məhkəməsinin qarşısı

Nə baş verib?

Elina Hacıyeva 2019-cu ilin aprelin 4-də özünü təhsil aldığı 162 saylı məktəbin pəncərəsindən ataraq intihar edib.

O, xəstəxanaya aparılsa da, aldığı çoxsaylı zədələrə görə iki gün sonra orda vəfat edib.

Baş Prokurorluq hadisə ilə bağlı Cinayət Məcəlləsinin "özünü intihar həddinə çatdırma" maddəsi üzrə cinayət işi açsa da, ilkin rəsmi məlumatda yeniyetmə qızın məktəbin 3-cü mərtəbəsindən yıxıldığını qeyd etmişdi.

Elina Hacıyevanın anası Sevil Hüseynova BBC News Azərbaycancaya deyib ki, o, məktəbdə qızına qarşı olan pis davranışlar barədə məktəb müəllimlərinə və direktoruna dəfələrlə müraciət edib, amma bir tədbir görülməyib.

Sevil Hüseynova qızının ölümü ilə bağlı "məktəbin direktorundan, dərs hissə müdirindən, həkimlərdən, bu işdə əli olan hər kəsdən şikayət" etdiklərini deyib.

Sevinc Abbasova BBC News Azərbaycancaya açıqlamasında özünü Elina Hacıyevanın ölümündə təqsirli bilmədiyini söyləyib.

Bu barədə daha geniş