Venesuela Prezidenti Bakıda bəyanat verib

sammit Fotonun müəllifi APA

"Biz hər hansı dövlətin dünyada polis rolunu oynamasına imkan verməməliyik". Bu bəyanatla Venesuela prezidenti Nikolas Maduro bu üghn Bakıda keçirilən Qoşulmama Hərəkatının Zirvə Toplantısında bildirib.

Venesuela prezidenti deyib ki, onlar Qoşulmama Hərəkatını gücləndirməlidirlər: ""Biz həmçinin ona görə toplaşmışıq ki, hədələr, aqressiya və bir sıra iqtisadi ölçülər əhalimizə çox böyük zədələr vurur. Çünki imperialist qüvvələr bizim xalqımıza qarşı çalışırlar. Biz istəyirik ki, bunların qarşısını alaq".

Maduro vurğulayıb ki, bu gün "maliyyə və iqtisadi təcavüz" bir sıra üzv dövlətlərə törədildiyi halda bunun qarşısı alınmalıdır: "Qoşulmama Hərəkatına üzv dövlətlər həmrəy olmalıdırlar və çalışmalıyıq ki, bizim səsimiz eşidilsin, diqqətdən kənar qalmamalıyıq".

Venesuela prezidenti deyib ki, onlar dünyada "çoxtərəfli mürəkkəb çağırışlarla üz-üzə"dirlər: "Bunu müvafiq qaydada həll etməyə çalışmalıyıq və bu, beynəlxalq hüquqa əsaslanmalıdır. Silahlı münaqişə daha şiddətli forma alır".

O əlavə edib ki, "birgə müqavimət" göstərilməlidir: "Böhran artıq sistematik fenomen kimi ortaya çıxır. Hər gün dövlətlər müxtəlif formatlarda mövqelərini bildirirlər, lakin bizə hər hansı dövlət çevrilişi cəhdləri və ya gizlii əməliyyatılar tükənmir".

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkəsi sayılan Venesuelanın iqtisadiyyatı artıq bir neçə ildir ki, iflas vəziyyətindədir. İnsanlar arasında yoxsulluq artıb. Ölkə insan haqlarına görə ciddi tənqidlərlə üzləşir. Venesuelada həm də siyasi böhran yaşanır. ABŞ və bir sıra Qərb dövlətləri müxalifət lideri Juan Guaido-nu dəstəkləyir.

Nikolas Maduro ölkəni 2013-cü ildən idarə edir.

Zirvə toplantısında qoşulmama Hərəkatında sədrlik Azərbaycana keçib.

Ermənistan nümayəndə heyəti sammitə gəlməyib

Bu gün Bakıda işə başlayan Qoşulmama Hərəkatının XVIII sammitinə 60-dan çox ölkə və müxtəlif beynəlxalq təşkilat qatılıb.

Sammitdə Venesuela Prezidenti Nicolas Maduro ilə yanaşı İran Prezidenti Həsən Ruhani, Pakistanın Prezidenti Arif Alvi, Kubanın Prezidenti Migel Diaz-Kanel və başqa onlarla dövlət və hökumət rəhbəri Bakıya gəlib.

Qurumda müşahidəçi statusunda olan Ermənisan nümayəndə heyəti Azərbaycana gəlməyib, Prezident Adminstrasiyasnın xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev BBC News Azərbaycancaya çərşənbə günü verdiyi müsahibəsində bildirib.

Qoşulmama Hərəkatına sədrlik 3 il müddətinə Azərbaycana keçib.

Tədbirlə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində yollar bağlanacaq.

Dövlət Yol Polisinin yaydığı məlumata görə, tədbirlər başa çatanadək Azneft dairəsi, Niyazi küçəsi, Neftçilər prospekti, R.Rza, Bakıxanov, Y.Səfərov, K.Rəhimov, Ü.Hacıbəyov, Z.Əliyeva küçələri, İnşaatçılar, N.Nərimanov prospektləri, 10-cu zavod dairəsi, H.Əliyev prospekti, M.Hüseyn və T.Elçin küçələrinə bitişən və kəsişən digər küçələr üzrə avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırılacaq.

Məlumatda bildirilib ki, Xətai prospekti və Təbriz küçəsində, Həsənoğlu küçəsi kəsişməsindən Qədirbəyov küçəsi kəsişməsinədək olan hissəsi tam məhdudlaşdırılıb.

Qoşulmama Hərəkatı nədir?

Qoşulmama Hərəkatı soyuq müharibə dövründə bir sıra dövlətlərin iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis olunub.

Təşkilatın hazırda 120 üzvü var. Eyni zamanda 17 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilat da var. Qurumda idarəçilik rotasiya əsasında dəyişir.

Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatının tam hüquqlu üzvü qəbul olunub.

Hazırki sammitdə 2019-2022-ci illər üçün QH-na sədrlik Azərbaycan Respublikasına keçəcək.

Azərbaycan təşkilata qoşulan sonuncu ölkədir.

Qoşulmama Hərəkatı 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır.

Bu barədə daha geniş