Azərbaycan siyasətinin “boz kardinalı” vidalaşdı

Ramiz Mehdiyev, İlham Əliyev Fotonun müəllifi President.az
Image caption İlham Əliyev oktyabrın 23-də Ramiz Mehdiyevi istefaya göndərib

Azərbaycanda çoxlarının həftənin əvvəlindən gözlədiyi xəbər bu gün çıxdı: İllərin "boz kardinalı" bu gün nəhayət, işdən çıxarıldı. Ramiz Mehdiyevi "yaşlılarla vida" kontekstində Prezident Administrasiyasının rəhbəri vəzifəsindən ordenlə yola saldılar.

Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev iki dövlət məmurunun istefasını qəbul edəndə, yaşlı nazirlərin, yüksək rütbəli rəsmilərin getdiyini görməyi, onların yerinə cavanların gəlməsini istədiyini bildirmişdi.

Bu mesajın ünvanlandığı qoca məmurlar içərisində, 24 ildir ki, Prezident Administrasiyasına rəhbərlik edən, illərlə Rusiyaya bağlı siyasi gücün arxasında olduğu iddia edilən Ramiz Mehdiyevin də olduğunu anlamaq çətin deyildi.

Ancaq əksər siyasi şərhçilər son ana qədər Ramiz Mehdiyevin istefa verməsini və ya işdən uzaqlaşdırılmasını mümkünsüz sayırdılar.

Məsələn, bu xəbərdən öncə BBC News Azərbaycancaya danışan Zərdüşt Əlizadənin iddiasına görə, İlham Əliyev Prezident Adminisrasiyasının rəhbərini işdən çıxara bilməz, "bu məsələdə qərarı prezident yox, Moskva verir".

Danışdığımız təhlilçilərin demək olar ki, çoxu Ramiz Mehdiyevin Rusiyaya bağlı siyasi fiqur olduğunu vurğulayır. Ancaq cənab Mehdiyevin özündən və Prezident Administrasiyasından bu iddialara cavab almaq mümkün olmayıb.

Niyə boz kardinal?

Fotonun müəllifi Azertag
Image caption İlham Əliyev 2018-ci ildə Ramiz Mehdiyevi Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə və elmin inkişafında böyük xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edib

Tək siyasi çevrələrdə yox, elə mətbuatda da cənab Mehdiyev "boz kardinal" ləqəbi ilə tanınmaqdadadır. Bu ləqəb adətən formal vəzifə daşıyıb, üzdə fəal olmayan, amma arxada ciddi güc sahiblərinə verilir.

Fransada XIII Lüdovikin zamanında ölkəni faktiki olaraq "qırmızı kardinal" adlandırılan Rişelyö idarə edirdi, onun arxasında isə heç bir vəzifəsi olmayan boz geyimli - "boz kardinal" Jozef ata dayanırdı.

Siyasi şərhçi Rauf Mirqədirov Ramiz Mehdiyevin "çox az danışan, ancaq çox şeyi həll edən siyasətçi kimi dəyərləndirir: "Xüsusən də Heydər Əliyevin dövründə o danışmırdı. Amma təsir imkanlarına malik iki adamdan biri idi..."

Ramiz Mehdiyev Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri də olub. Hərçənd adının korrupsiya və ya rüşvət qalmaqallarında hallandığı az olmayıb. Məsələn, bir neçə il öncə ləğv olunmuş Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin yaydığı videomateriallarda Ramiz Mehdiyevin adı da çəkilməkdə idi.

Həmin gizli çəkilmiş videogörüntülərdən birində deputat Gülər Əhmədova olduğu iddia edilən qadının Elşad Abdullayevdən deputat seçilməsi üçün 1 milyon (videoda hansı valyutadan söhbət getdiyi məlum olmur) tələb etdiyi görünürdü.

Keçmiş universitet rektoru isə bu pulun Ramiz Mehdiyevə çatıb-çatmadığını dəqiqləşdirməyə çalışırdı.

O zaman PA rəhbəri "bəhs olunan videoda mənim adımın təkidlə hallandırılması cəhdi kiminsə tərəfindən düşünülmüş ciddi təxribatdır" deyə bildirdi. "Məqsəd də ondan ibarətdir ki, hakimiyyət nümayəndələrini belə çirkin əməllərə bulayıb nüfuzdan salsınlar. Qeyd etməliyəm ki, belə cəhdlər müstəqillik dövründə dəfələrlə olub. Lakin əsası olmadığı üçün baş tutmayıb və bu tipli təxribatçılar öz məqsədlərinə nail ola bilməyiblər".

Bu qalmaqal zamanı Gülər Əhmədova YAP-dan istefa verməli oldu və az sonra 3 illik azadlıqdan məhrum edildi. Hərçənd sonradan bu cəza şərti cəzayla əvəzlənsə də, keçmiş deputatın hakim komandaya və siyasətə qayıtması mümkün olmadı.

Siyasi İnnovasiyalar və Texnologiyalar mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu Ramiz Mehdiyevin "boz kardinal" adlandırılmasını normal qəbul edir.

"O 20 ilə yaxındır dövlətin bir nömrəli məmuru idi. Nömrə bir idi və bu qədər məmuru idarə etmək ağır işdir. Məmur ordusu intellektual, maraqları olan, biclikləri olan toplumdur. Bu xüsusi bacarıq tələb edirdi. Ona görə də boz kardinal idi. Bunu müsbət qəbul edirəm. Onu idarə etmək asan deyil".

Fotonun müəllifi President.az
Image caption Ramiz Mehdiyev 1995-ci ildən Prezidenti Administrasiyasının rəhbəri idi.

Bəs kimdir Ramiz Mehdiyev?

1938-ci ilin aprelində Bakı şəhərində doğulub. Azərbaycan Dövlət Universitetinin məzunudur. Fəlsəfə elmləri doktoru, akademikdir. Həqiqi dövlət müşaviridir.

Tərcümeyi halındakı çoxsaylı titullar içərisində, Azərbaycanda Kommunist partiyası mərkəzi komitəsinin katibi vəzifəsi də var.

Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan az sonra o da hakim komandaya daxil olur. 1994-1995-ci ildə Prezidentin İcra Aparatının ümumi şöbəsinin müdiri işləyib, 1995-ci ildən Prezident Administrasiyasının rəhbəri idi.

Ramiz Mehdiyev son illərdə rəsmi qaynaqlarda, məsələn, prezident.az saytının məlumatlarında bəzən Təhlükəsizlik Şurasının katibi kimi təqdim olunub. Bu ilin iyununda həmin vəzifəyə Ramil Usubov təyin edildi. Bu təyinatdan az sonra Bakıda səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Bakıya gələrkən Şura sədriylə yox, Ramiz Mehdiyevlə görüşmüşdü. O zaman bu diqqət çəkmiş, PA rəhbərinin "Moskvaya bağlılığı" və Kremlin ona dəstəyi haqda iddialar yenidən gündəmə gəlmişdi.

Siyasi İnnovasiyalar və Texnologiyalar mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu Ramiz Mehdiyevin "Rusiyanın adamı" olması haqda söylənilənləri rədd edir. Onun digər dövlətlərlə, Türkiyə, İranla da yaxşı münasibətlər, əlaqələr qurduğunu bildirir.

"Başqa məsələ ki, Azərbaycan siyasətinin ana xətti - həm pozitiv, həm də neqativ mənada Rusiya ilə bağlıdır. Regionda gedən proseslər Rusiya tərəfindən diktə olunur. Bunu ABŞ da qəbul edir, Avropa İttifaqı da... Ona görə Ramiz müəllim Rusiya ilə münasibətlərin birbaşa idarəçiliyində olan adam idi... Azərbaycanın Avropa istiqamətində münasibətlər qurmasında Ramiz müəllimin daim gündəliyində idi".

Ancaq skeptik təhlilçilər Ramiz Mehdiyevin 20 ildən çoxdur eyni vəzifədə qalmasının sirrini onun tək Rusiya ilə yaxşı əlaqələrinin olması ilə bağlamırlar.

Onun "çox yaxşı aparat işçisi, icraçı" olmasıyla izah edirlər. Onun tək ata Əliyevin dövründə deyil, oğul Əliyevin dövründə də "seçkilərin saxtalaşdırılmasında, hakimiyyətin qorunub saxlanılmasında, vətəndaş cəmiyyətinin sıradan çıxarılmasında müstəsna xidmətləri olduğunu" vurğulayırlar.

Ancaq Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğluna görə, Ramiz Mehdiyev "Azərbaycan tarixində müstəsna rolu olan siyasətçidir və şəxsiyyətdir.

"İslahat əleyhdarı"

Siyasi şərhçi Rauf Mirqədirov Ramiz Mehdiyevin "kobud vasitələrlə" mübarizə apardığını, amma"yeri gələndə zərbəni üzərinə götürməyi bacardığını" söyləyir.

"Heydər Əliyev Moskvada vəzifədən azad olunanda Ramiz Mehdiyev demişdi: "Heydər Əliyev canlı meyitdir". Amma buna baxmayaraq o, yenidən hakimiyyətə gələndə Mehdiyevi komandasına gətirdi. Keçmiş prezident rasional siyasətçi idi. Lazım olanda nifrət etdiyi şəxsin nəvazişini çəkməyə belə hazır idi".

Ramiz Mehdiyevsə xidmətlərinə görə "Şərəf", "İstiqlal", Heydər Əliyev ordenləri ilə təltif edilib. Vaxtaşırı yerli mətbuatda böyük məqalələrlə çıxış edir. Doğrudur, son illər bu məqalələrin sayı bir qədər azalıb.

O, müxalif çevrələrdə "köhnə, kobud qaydalarla mübarizə aparan, islahat əleyhdarı" kimi tanınır. Hətta zaman-zaman yerli mətbuat beynəlxalq qurumların Ramiz Mehdiyevi "islahat əleyhdarı kimi" vəzifədən uzaqlaşdırmaq tələbini gündəmə gətirdiyini yazsalar da, indiyədək bu iddialar təsdiqini tapmayıb.

Prezidentin son kadr təyinatlarına toxunan Rauf Mirqədirovun fikrincə, hazırda "bölgə, klan amilinə üstünlük verən əyalətçi kadrlar şəhər uşaqları ilə əvəzlənməkdədir, yəni xaricdə təhsil alan, bir neçə dil bilən gənclərlə".

Mübariz Əhmədoğlu isə Ramiz Mehdiyev barədə tənqidlərlə razılaşmır: "O üstünə ən çox təzyqi götürmüş azsaylı adamlardandır. Bunu çox dar dairədə biliblər. Ramiz müəllim qədər dövlətçilik uğrunda cəfakeş, əziyyət çəkən məmur çox azdır".

Hazırda Oksford Universitetində çalışan politoloq Leyla Əliyeva keçmiş PA rəhbərinin "ciddi fuqur" olduğunu, Rusiya ilə münasibətlərdə "simvolik rol oynadığını" vurğulayır. O hesab edir ki, Ramiz Mehdiyevin işdən uzaqlaşması daha böyük reaksiyalar və risklər doğura bilər: "Onun ətrafında böyük güc mərkəzi formalaşıb".

81 yaşlı Ramiz Mehdiyev vəzifəsiz qalmadı. O özündən 4 yaş böyük, yenicə işindən azad edilmiş Elmlər Akademiyası Prezidenti Akif Əlizadə yerinə təyin edildi. Ancaq Azərbaycanın güc aparatında bir "boz kardinal" səhifəsinin bağlandığını demək hələ tezdir.

Bu barədə daha geniş