"Biz istəyirik ki, yaşadığımız ölkədə polis zorakılığı olmasın" - qadınlar ABŞ Səfirliyi önündə

qadınların etirazı Fotonun müəllifi Meydan TV

Bu gün polis zorakılığı və sosial problemlərdən şikayətçi olan bir qrup qadın ABŞ-ın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.

Qadınların təbirincə, "səslərini dünyaya çatdırmaq üçün" ABŞ Səfirliyinin önünə toplaşıblar.

"Biz istəyirik ki, yaşadığımız ölkədə polis zorakılığı olmasın", "Dinc etiraz etmək istəyirik. sosial problemlərimizi dilə gətiririk", "Polis insanlara şiddət göstərməməlidir" qadınlardan bəziləri bildirib.

Hadisə yerinə gələn polis nümayəndəsi qadınlara polisin insanlarla həmişə mədəni davrandığını, ictimai asayişi bərpa etdiyini və 1991, 1992 və 1993-cü illərdə nizami ordu olmayanda döyüşənin polis olduğunu deyir.

45 ilin müəllimi olduğunu deyən qadın yaşadığı yerdə istilik qovşağının olmamasına görə prezident İlham Əliyevə teleqram vurduğunu, amma ondan cavab almadığı üçün etiraz etdiyini bildirib.

Fotonun müəllifi Meydan TV

Sosial mediada yayılan videolarda görünür ki, qolunda bintlə sarğı olan qadını polislər uzaqlaşdırmaq üçün müşayiət edirlər. Gedərkən onun "mən buradan getmək istəmirəm" dediyi eşidilir.

Fotonun müəllifi Meydan TV

Başqa bir qadın isə hazırda baş verənləri "37-ci ilin təkrarı" adlandırır və deyir ki, mitinqə getmək istəyəndə onları evdən çıxarıb saxlayırlar.

Polislərin qadınlardan üzərində 19 oktyabr mitinqində saxlanılmış Müsavat partiyası üzvü Tofiq Yaqublunun da fotosu olan şüar aldığını da görünür. Qadınlar "Tofiq Yaqubluya azadlıq, bütün siyasi məhbuslara azadlıq" səsləndirib.

Görüntülərdə polisin qadınlara "qanunsuz" etiraz nümayişi etdiklərini dediyi eşidilir. Qadınlar polisə Konstitusiyanı, azad toplaşma hüquqlarının olduğunu xatırladır.

"Biz səfirliyə gəlmişik. Sənin yanına gəlmədik", deyə qadınlardan biri cavab verir.

Videoda polis formasında olan bir kişinin də telefonla etirazçıları çəkdiyi görünür.

Fotonun müəllifi Meydan TV

Hadisənin baş verdiyi müddətdə polisin qadınları dövrəyə aldıqlarını görmək mümkündür.

Etiraz aksiyası qadınların bir nümayəndəsinin ABŞ Səfirliyinin mətbuat katibinə aksiyanın bəyanatını çatdırması ilə başa çatıb.

Aralarında həm sıravi, həm də müxalifət partiyalarının üzvlərinin olduğu etirazçılar aksiyanı "baş tutmuş" hesab ediblər.

19 və 20 oktyabrda Bakıda müvafiq olaraq, müxalifətin mitinqiqadın zorakılığına etiraz olaraq iki nümayiş keçirilib.

Hər iki etiraz nümayişində polisin davranışı həm də xarici mətbuatın əsas mövzularından biri olub. Beynəlxalq qurumlar Azərbaycan hakimiyyətini polis zorakılığı hallarını araşdırmağa çağırıb.

Azərbaycan hakimiyyəti isə mitinqdə heç bir zorakılıq halının olmadığını, polisin öz vəzifə borcunu yerinə yetirdiyini bildiriblər.

Əlaqəli mövzular

Bu barədə daha geniş