Oqtay Gülalıyevin vəziyyətində "dəyişiklik yoxdur"

Komada olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti "ağır stabil" olaraq qalır.
O, hazırda Respublika Neyrocərrahiyyə xəstəxanasının reanimasiya şöbəsindədir.
Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva deyib ki, onu Türkiyəyə aparmaq istəsələr də, vəziyyəti buna imkan verməyib.
Firuzə Gülalıyevanın sözlərinə görə, həkimılər Oqtay Gülalıyevin vəziyyətini 2-ci dərəcəli koma kimi qiymətləndiriblər.
Daxili İşlər Nazirliyi (DİN) avtomobillə vurulmuş hüquq müdafiəçisi Oqtay Gülalıyevin "qəsdən vurulması ilə bağlı yayılmış xəbərləri təkzib edən" bəyanat yayıb.
"Həmin məlumatlar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur", bəyanatda deyilir.
Hüquq müdafiəçisi Oqtay Gülalıyev çərşənbə günü baş tutan əməliyyatdan sonra hələ "komadadır", həyat yoldaşı Firuzə Gülalıyeva deyib.
Çərşənbə axşamı günü Bakıda şəhərin mərkəzində işıqforun yaşıl işığında piyada keçidindən keçərkən onu maşın vurub. Faktla bağlı cinayət işi açılıb.
DİN-in yaydığı məlumatda hadisənin təfərrütları açıqlanır və taksi sürücüsünün Oqtay Gülalıyevi "ehtiyatsızlıqdan vurduğu" bildirilir.
Məlumatda deyilir ki, "Yol hərəkəti haqqında" qanunun "Sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir" tələbinin pozulduğu müəyyən olunub.
Yol qəzasından sonra "komaya düşən" və vəziyyəti "ağır" olan Oqtay Gülalıyev çərşənbə günü Bakıda özəl klinikaların birində əməliyyat edilib.
Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, Oqtay Gülalıyevin vəziyyəti "hazırda ağır stabil, keçirdiyi əməliyyata uyğundur. Müalicəsi reanimasiya şöbəsində davam edir".
Bakı Şəhər Baş Polis İdarəsi bildirib ki, Oqtay Gülalıyevi vuran, taksi fəaliyyəti ilə məşğu olan sürücü Kənan Abdullayevə qarşı cinayət işi açılıb.
Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva BBC News Azərbaycancaya deyib ki, hüquq müdafiəçisi "əməliyyatdan sonra yeni qansızmalara görə yenidən müayinə edilib və nəticələr müsbət çıxıb".
Qəzadan sonra onu vuran avtomobilin sürücüsü Oqtay Gülalıyevi əvvəl 1 saylı Kliniki Tibbi Mərkəzə aparıb, ailəsi BBC News Azərbaycancaya deyib. Amma ailə Oqtay Gülalıyevə göstərilən tibbi xidmətdən razı qalmadığı üçün onu özəl klinikaya aparmaq məcburiyyətində qalıb.
Səhiyyə Nazirliyi bildirib ki, Oqtay Gülalıyevə "lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb". Nazirlik xəstənin "qohumlarının təkidli xahişi ilə özəl tibb müəssisəsinə köçürüldüyü"nü deyib.
Qurum qeyd edib ki, Oqtay Gülalıyevin müalicəsi və aparılan müayinələr nazirliyin nəzarəti altındadır.
Məlumatda sürücünün izahatının alındığı, sərxoşluq və narkoloji müayinələrdən keçirildiyi bildirilir.
Bakı Şəhər Baş Polis İdarəsinin sözçüsü Elşad Hacıyev həmin gün BBC News Azərbaycancaya deyib ki, sürücü müayinələrdən keçirilir və onun saxlanılmasına dair qərar "müayinələrin nəticəsindən sonra, əməlin tərkibinə görə müəyyən olunacaq".
Oqtay Gülalıyev kimdir?
Oqtay Gülalıyev "Tərtər işi", "Nardaran işi", "Kür daşqınları" kimi tanınan mövzularda hüquq müdafiəçisi kimi fəaliyyət göstərib.
2012-ci ildə ona "Kür" Vətəndaş Cəmiyyəti qərargahının koordinatoru olduğu dövrdə "kütləvi iğtişaş" ittihamı ilə cinayət işi açılıb.
Həmin ilin aprelində Sabirabad rayon Məhkəməsi Gülalıyev haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçilməsi qərarını verib.
Oqtay Gülalıyev 2012-ci iləd Sabirabad rayonunda daşqınlardan zərərçəkənlərə kompensasiyaların "ədalətli bölünməsi" tələbi ilə keçən etirazlardan sonra həbs olunmuşdu.
O, son illər Siyasi Məhbusların Müdafiə Mərkəzinin koordinatoru kimi ölkədə yerli və beynəlxalq təşkilatların "siyasi məhbus" kimi tanıdığı şəxslərin azadlığa buraxılması üçün aktiv fəaliyyət göstərirdi.
Azərbaycan hakimiyyəti ölkədə "siyasi məhbus" olmadığını və saxlanan ictimai-siyasi fəalların konkret cinayət əməlinə görə həbs edildiyini dəfələrlə vurğulayıb.