Müxalifət partiyaları planlaşdırılmış mitinqdən əvvəl "polis təzyiqinin olduğunu" deyirlər

19 oktyabr mitinqi Fotonun müəllifi Aziz Karimov/Getty Images
Image caption Bakının mərkəzində keçirilən 19 oktyabr mitinqinə müdaxilə etməyə hazırlaşan polis dəstəsi

Azərbaycanda bəzi müxalifət partiyaları Milli Şuranın həftəsonuna planlaşdırılmış mitinqdən əvvəl bəzi fəalların saxlandığını və ya polisə çağrıldığını deyir.

Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının nümayəndələri baş verənləri planlaşdırılmış "mitinqin keçirilməsinə təzyiq" adlandırırlar.

Daxili İşlər Nazirliyi saxlanan şəxslərin "törətdikləri əmələ görə cəza aldıqlarını" bildirib.

Qurum, həmçinin Baş Prokurorluqla birgə bəyanat yayaraq nəzərdə tutulmuş mitinqi "qanunsuz" elan edib.

Milli Şura noyabrın 2-də mitinq keçirmək üçün Bakı şəhər icra Hakimiyyətinə müraciət edərək Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunu (keçmiş "Məhsul" stadionu) və ya Nəsimi rayonu, metronun "28 may" stansiyasının yaxınlığında yer istəyib.

BŞİH Milli Şuraya mitinqin Bakıdan 20 km uzaqlıqda yerləşən Lökbatan qəsəbəsində, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsini təklif edib.

Azərbaycan Xalq Cəbhəsi partiyasından (AXCP) bildirilib ki, son günlərdə partiyanın bir neçə AXCP fəalı saxlanıb.

"Oktyabrın 29-da Bakı Apellyasiya Məhkəməsinin qarşısında bir maşın saxladı və Emili [Maniyev-red.] tutub apardılar, gecə məlum oldu ki, onu Binəqədi təcridxanasında saxlayırlar", partiyanın Rəyasət Heyətinin üzvü İradə Əliyeva BBC News Azərbaycancaya bildirib.

Onun sözlərinə görə, Emil Maniyevə 30 sutka inzibati həbs verilib.

İradə Əliyevanın iddiasına görə, bu mitinq təyin olunandan sonra Seymur Həzi və bir neçə fəalın 15 sutka olan həbsi daha da artırılıb ki, onlar bu aksiyaya da qatıla bilməsinlər.

Seymur Həzi oktyabrın 19-da keçirilən mitinqdən öncə saxlanıb və ona 15 sutka verilib.

Müsavat partiyasının sözçüsü Mustafa Hacıbəyli BBC News Azərbaycancaya bildirib ki, mitinqdən əvvəl bir nəfər partiya üzvü polisdə üç saat saxlanıb, bir neçə müsavatçı isə polis idarələrinə çağrılıb.

"Müsavat partiyası Abşeron rayon təşkilatının fəalı Seymur Namazov üç saat polisdə saxlanıb. O, daha əvvəl 19 oktyabr mitinqi günü də saxlanmışdı. Polisə çağrılanların isə siyahısı dəqiqləşdirilir", Mustafa Hacıbəyli deyib.

BBC News Azərbaycancaya danışan hər iki partiyanın səlahiyyətli şəxsləri deyirlər ki, polisə çağrılanlara gözlənilən mitinqdə iştirak etməmək barədə xəbardarlıq edilib və onlar törətmədikləri əməllərə görə - "polisə müqavimət, xırda xuliqanlıq, küçədə ünvansız söyüş söyməyə" görə cəzalandırılıblar.

Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov BBC News Azərbaycancaya deyib ki, "saxlanan şəxslər konkret cinayətə və ya törətmiş olduqları əməllərə görə cəzalanıblar".

Ehsan Zahidov onu da bildirib ki, "aksiya zamanı qarşıdurma yaransa bunun məsuliyyəti təşkilatçıların üzərinə düşür".

Bundan əvvəl DİN Baş Prokurorluqla birgə bəyanat yayaraq 2 noyabrda keçiriləcəyi deyilən mitinqi "qanunsuz" elan edib.

Güc strukturlarının xəbərdarlıq bəyanatında deyilib ki, Bakı şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdən kənarda toplantı təşkil ediləcəyi halda məsuliyyət daşımırlar.

Məlumatda bildirilib ki, mitinq zamanı qanunun pozulmasına görə tədbirlərin görülməsi, hüququ pozmuş şəxslərin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cəzalandırılması təmin olunacaq.

Bu barədə daha geniş