Xəzərdə partlayış: ölən və yaralılar var

Xəzər Fotonun müəllifi Getty/ RIZA OZEL

Çərşənbə axşamı günü SOCAR-a məxsus qayıqda partlayış olub.

Hadisə nəticəsində bir nəfər ölüb və 3 yaralı var, SOCAR və Səhiyyə Nazirliyinin məlumatlarından belə anlaşılır.

SOCAR mətbuat xidmətindən BBC News Azərbaycancaya verilən məlumata görə hadisə nəticəsində ölən və yaralıların ikisi SOCAR əməkdaşıdır.

Digər yaralanmış şəxs müqavilə əsasında xidmət göstərən qayıqçıdır.

Partlayış Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında baş verib.

Hadisənin başvermə səbəbi hələlik bəlli deyil.

Səhiyyə Nazirliyinin məlumatına görə, partlayış barədə Təcili Tibbi Yardıma çağırış 13:20-də daxil olub.

Nazirliyin bildirdiyinə görə, Pirallahı rayonu Gürgan kəndi, (mayakın yanı) qayığın yaxınlığında baş vermiş partlayışda 3 nəfər kişi müxtəlif dərəcəli yanıq xəsarətləri ilə 5 nömrəli xəstəxananın yanıq şöbəsinə çatdırılıblar.

İlkin tibbi yardım göstərildikdən sonra xəstələr Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüblər. Onlara üzün, sifətin yanığı və sifətin qəlpəli yaraları, xəstələrdən birinin gözündə xəsarət aşkar olunub.

Onlardan ikisinin vəziyyəti orta-ağır, biri isə ağır qiymətləndirilir.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Baş Prokurorluqla birgə yaydığı məlumatda isə deyilir ki, faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin "əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda" maddəsi ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı istintaq qrupu yaradılıb, məlumatda deyilir.

Bu barədə daha geniş