İlham Əliyev: "Yalan məlumat verən icra başçıları var"

İlham Əliyev Fotonun müəllifi President.az
Image caption İlham Əliyev yeni icra başçıları ilə görüşüb

Prezident İlham Əliyev Xaçmaz və Yevlax rayonlarına yenicə təyin etdiyi icra hakimiyyəti başçılarından "model başçı" olmağı tələb edib.

O, Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinə, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin edib.

Yeni icra başçıları ilə görüşündə prezident deyib ki, onların "işi kabinet işi" olmamalıdır.

"Siz vətəndaşlarla daim təmasda olmalısınız, bütün kəndləri gəzməlisiniz, kənd camaatı ilə görüşməlisiniz", İlham Əliyev deyib.

"Biz bunu ona görə etdik ki..."

O, ödənişli əsaslı ictimai iş yerlərinin işsizliyi aşağı səviyyədə saxlamaq üçün yaradıldığını, bu ödənişli iş yerlərinin böyük əksəriyyətinin isə onlara "lazım olmadığını" deyib:

"Ancaq biz bunu ona görə edirik ki, işsizlik aşağı səviyyədə olsun və rayonlarda iş axtaran işlə təmin olunsun".

Prezidentin sözlərinə görə, bəzi icra başçıları saxta adamların adlarını siyahıya yazdırırmışlar, "onlara düşən vəsaiti mənimsəyirmişlər və beləliklə talançılıqla məşğuluymuşlar". İlham Əliyev artıq onların cəzasının verildiyini deyib.

"Korrupsiya yığışdırılmalıdır"

Prezident gənc icra başçılarından korrupsiya və rüşvətdən uzaq durmağı tapşırıb, əks təqdirdə onları "işdən azad edəcəyini və cəzalandıracağını" bildirib.

"Bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır. Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər", prezident deyib.

"Mən buna yol verməyəcəyəm"

İlham Əliyev icra başçılarının gəncliyinə işarə edərək (onlardan birinin 37, digərinin 38 yaşı var) deyib ki, indi Azərbaycanda gəncləşmə siyasəti aparılır.

"Bu, təbii prosesdir və biz bu prosesdən kənarda qala bilmərik. Ancaq onu da bildirməliyəm ki, bu, kampaniya xarakteri almamalıdır. Çünki mənə məlumat gəlir ki, bəziləri bunu kampaniyaya çevirmək istəyirlər və sınanmış, təcrübəli, bir qədər yaşlı insanlara qarşı bu kampaniyanı təşkil etmək istəyirlər. Mən buna yol verməyəcəyəm. Mən bilirəm kim nəyə qadirdir, kimin hansı xidmətləri olub əvvəlki dövrdə və bu gün".

Gənclər mərkəzlərinin qapısı "qıfıllıdır"

İlham Əliyev regionlarda açılmış bəzi Gənclər mərkəzlərinin qapısının "qıfıllı" qalmasından narahatdır. O hesab edir ki, bu mərkəzlərdə gənclərin asudə vaxtını keçirməlidir: "Mənə verilən məlumata görə, bəzi hallarda açılışdan sonra yenə də qapıları qıfıllanır və faktiki olaraq bu mərkəzlər işləmir".

Prezident regionlarda dinamik həyat görmək, şəhərlə kənd arasında fərqin azadılmasını istədiyini deyib.

İlham Əliyev hesab edir ki, ictimai nəzarət rayonlarda daha güclü olmalıdır. O, ictimai nəzarəti gücləndirmək üçün təkliflər istədiyini deyib. Prezidentin fikrincə, ictimaiyyət hakimiyyətin ümumi işinə cəlb olunmalıdır: "Əgər biz buna nail olsaq, onda hər hansı bir xoşagəlməz hadisə baş verərsə, biz dərhal ondan xəbər tutub lazımi tədbirləri görəcəyik".

"Əgər kimsə problemləri malalamaq istəyirsə..."

İlham Əliyev "bir çox hallarda rayonlardan" "hər şeyin əla" olması ilə bağlı məlumat aldığını, reallıqda isə vəziyyətin fərqli olduğunu, "bəzi icra başçıları tərəfindən yalan məlumatlar ötürüldüyünü" deyib.

Prezident hesab edir ki, problemləri ört-basdır etmək olmaz. "Əgər kimsə problemləri malalamaq istəyirsə, səhv yoldadır" deyə İlham Əliyev vurğulayıb ki, o, media nümayəndələrini özünün "köməkçisi" sayır və problemlərlə bağlı bəzi məlumatları da mediadan alır.

Azərbaycanın bəzi müxalif qüvvələri hesab edirlər ki, İlham Əliyevin son günlərdə barəsində danışdığı problemləri elə onun özünün 15 ildir rəhbərlik etdiyi hakimiyyət yaradıb.

Əliyevin tənqidçilərinin fikrincə, son vaxtlar hakimiyyətin islahat kimi təqdim etdiyi fəaliyyət və kadr dəyişikliyi daha çox formal xarakter daşıyır və ölkədə iqtisadi və siyasi sferada köklü dəyişiklər yaratmayacaq. Onlar təklif edirlər ki, bunun üçün ölkədə siyasi azadlıqlar bərpa olunmalı və azad, müstəqil məhkəmə hakimiyyəti formalaşdırılmalıdır.

Bu barədə daha geniş