ReAl Partiyası Məclisinin başqanı Azər Qasımlı istefa verib

Azər Qasımlı

ReAl Partiyası Məclisinin başqanı Azər Qasımlı partiyadan istefa verib.

Azər Qasımlı bunu çərşənbə günü partiyadakı proseslərlə bağlı keçirdiyi brifinqdə açıqlayıb.

O, partiyanın strukturundan, uğurlardan, partiya fəallarının həbsindən, partiyadaxili məsələlərdən danışıb.

Azər Qasımlı sözlərinə görə, son altı ay ərzində "ReAl Partiyasının hər zaman öyündüyü kollektiv qərarvermə mexanizmi ciddi şəkildə zədələnib".

Cənab Qasımlı partiyanın sədri İlqar Məmmədovun partiya idarəetməsi haqda təkliflərini şərh edərkən deyib ki, "İlqar Məmmədov bu təklifi verməklə ReAl Partiyasının, yəni, bizlərin qurduğumuz təşkilatı tamamilə məhv edəcək, yerli təşkilatları sıradan çıxaracaq".

"Bunlardan daha önəmlisi, partiya Məclisinin olmaması, yəni, İdarə Heyətini məsuliyyətə cəlb edəcək, ondan hesabat tələb edən hansısa bir qurumun olmaması olacaq. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar - o partiyaların böyük əksəriyyəti 90-cı illərdən çıxır - hətta onların strukturunda belə bir biabırçı vəziyyət yoxdur. Bu, ReAl-ı Kommunist Partiyasına çevirəcək, təkhakimiyyətliliyə gətirib çıxaracaq. Elə bir vəziyyətə gətirib çıxaracaq ki, idarə heyətini heç kəs təftiş edə bilməyəcək".

O qeyd edib ki, bu təkliflər tətbiq edilərsə partiyanın üzvləri və rəhbərlik arasında kommunikasiya itəcək və onlar partiyadan uzaqlaşacaq.

Azər Qasımlı "partiyanın bu cür strukturunda özünü görmədiyini" söyləyib.

Cənab Qasımlı İlqar Məmmədovun partiya sədrinin qurultay vasitəsilə deyil, İdarə Heyəti tərəfindən seçilməsi təklifini tənqid edib.

"İlqar Məmmədov deyir ki, bu, daha demokratikdir. Amma bu absurddur, çünki dünya tarixi var. Fərq etmir sən haradan seçilmisən. İndi,bu dəqiqə ReAl Partiyasında bu strukturlarla, bu demokratik qaydalarla və bu demokratik nizamnamə ilə kollektiv qərarvermə mexanizmi pozulubsa, düşünün, qeyri-demokratik nizamnamə ilə, avtoritar strukturla bu qaydalar pozulmayacaq? Bu, açıq-aydın avtoritarizmə aparan yoldur, açıq-aydın təkbaşınalıq deməkdir".

İlqar Məmmədov hansı təklifləri verib?

İlqar Məmmədov ReAl Partiyasında dəyişiklər barədə təkliflərinin əsas bəndlərini öz Facebook səhifəsində qeyd edib:

  • Rəsmi Təsis Qurultayı keçirilsin, sənədlər Ədliyyə Nazirliyinə göndərilsin;
  • Partiyanın yerli təşkilatları seçki dairələri əsasında qurulsun;
  • İdarə Heyəti, Partiya Məclisi, Nəzarət-Təftiş Komissiyası adlandırılan qurumların əvəzinə başqa bir proto-parlament tipli qurum (hələlik şərti adı Siyasi Komitə) olsun; Qurum ən azı 10-15, ən çoxu 125 nəfərdən ibarət olsun (125 nəfər ReAl Partiyası hakimiyyətə gələndə); Qurum qurultayda seçilsin, seçki dönəmində öz qərarı ilə genişlənsin, başqa dönəmlərdə isə sayca azala bilsin; Qurum çevik olsun və dəyişkən siyasi vəziyyətə tez zamanda peşəkar qiymət versin;
  • Partiya sədrini qurultay deyil, Siyasi Komitə seçsin
  • Nizamnamədəki struktur sadəcə qanunvericiliyin tələblərini özündə daşımaqdan ötrü minimalist olsun. Qalan fəaliyyət prinsipləri və formatları işçi qaydada müəyyən edilsin və zamanın tələbinə uyğunlaşdırılsın;
  • Seçkidən sonrakı 6 ay ərzində yeni qurultay keçirilsin, seçkinin nəticələri dəyərləndirilsin, yeni planlar cızılsın.

İlqar Məmmədovun irəli sürdüyü təkliflər partiyanın növbədənkənar qurultayında müzakirə olunmalıdır.

ReAl Partiyasının icra katibi Natiq Cəfərli BBC News Azərbaycancaya deyib ki, "istefa vermək Azər Qasımlının seçimi və haqqıdır, amma partiyanı avtoritar adlandırmaq doğru deyil".

"Partiyanı və onun sədrini avtoritar adlandırmaq tamamilə yersizdir, doğru deyil. Çünki avtoritar adlandırılan partiyanın içindən heç Azər Qasımlının özü çıxıb bunun əleyhinə hər hansı bəyanat səsləndirə bilməzdi. ReAl partiyasında həmişə demokratik ortam olub, sədrin onlarla təklifi olub ki, qəbul edilməyib. Hətta İlqar bəy həbsdə olanda belə təkliflər göndərib, İdarə Heyəti onu müzakirəyə çıxarıb, bəzilərini ümumiyyətlə qəbul etməyib. İlqar Məmmədov da bunu normal, adekvat qarşılayıb".

Natiq Cəfərli bildirib ki, İlqar Məmmədovun partiyada struktur dəyişikləri ilə bağlı təklifi ReAl-ın seçkilərə daha effektiv hazırlaşması və daha çevik qərarların qəbul olunması ilə bağlıdır.

"Nə İlqar Məmmədov avtoritar ola bilər, nə də ReAl-ın təməli, təməl prinsipləri buna imkan verə bilər. İlqar Məmmədovun özünün belə fikri yoxdur. Əksinə, indiki nizamnamə ilə sədrin müstəsna səlahiyyətləri var. Yeni formatı avtoritarizm kimi qələmə vermək yalnışdır. Düşünürəm ki, Azər bəy bu qərarı emosional qarşılayıb. Ola bilər bu qərarı şəxsi qəbul edib, çünki Məclisin ləğvi avtomatik olaraq onun da siyasi vəzifəsinin ləğvi kimi oldu. Heç kimin Azər bəyi ReAl-dan uzaqlaşdırmaq və ya kənarlaşdırmaq fikri olmayıb".

Natiq Cəfərli 2019-cu ilin sonunadək ReAl-ın növbədənkənar qurultay keçirəcəyini, bundan sonra partiya kimi qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə müraciət ediləcəyini söyləyib.

O qeyd edib ki, nazirlik onları partiya kimi qeydiyyatdan keçirməkdən imtina edəcəyi halda Avropa İnsan Haqları Məhkəməsinədək hüquqi prosesləri davam etdirəcəklər.

Bu barədə daha geniş