Müsavat partiyasının "100-dən çox üzvü" polisə çağırılıb

19 oktyabr mitinqi
Image caption Milli Şuranın bakının mərkəzində keçirdiyi 19 oktyabr mitinqinin qarşısın almağa toplaşan polis dəstəsi

Müsavat partiyası 100-dən çox üzvünün ölkə üzrə müxtəlif polis idarələrinə çağırılıb xəbərdarlıq olunduğunu iddia edib. Partiya rəhbərliyinin bildirdiyinə görə, xəbərdarlıq bu həftə partiyanın keçirməyi planlaşdırdığı piketlə bağlıdır.

Müsavat partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli BBC News Azərbaycancaya bildirib ki, dekabrın səkkizindən bu günə kimi aksiyada iştirak etməməklə bağlı polis idarəsinə çağrılıb "təzyiqlə" üzləşən Müsavat üzvlərinin sayı 100 nəfəri keçib.

Bakı Şəhər Baş Polis idarəsin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev deyib ki, "məsələdən xəbərdardır, amma Baş Polis İdarəsində səsləndirilən iddia barəsində məlumat yoxdur".

"Təkcə Mingəçevirdə dünən beş nəfər Müsavat üzvünü polisə çağırıb tapşırıblar ki, aksiyaya getməsinlər. Rayon təşkilatlarımızdan üzvlərimizi beş-beş, altı-altı polisə aparırılar", Mustafa Hacıbəyli deyib.

Onun sözlərinə görə, polisə çağrılanlardan hələ ki, həbs olunan olmayıb. Ancaq o, saxlanılanlara "hədə-qorxu" gəlindiyini iddia edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ehsan Zahidov Müsavat Partiyasından olan iddialarla bağlı BBC News Azərbaycancanın suallarını cavabsız qoyub.

Bakıda

Müsavat partiyasının icra aparatının rəhbəri Gülağa Aslanlı deyib ki, partiyanın rəhbərliyi Bakı Şəhər Baş Polis idarəsinə çağrılıb və aksiya ilə bağlı onlara da xəbərdarlıq edilib.

Müsavat partiyası Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket keçirmək üçün quruma məktubla müraciət edib, amma İcra Hakimiyyəti onlara Lökbatan qəsəbəsində yer təklif edib.

Müsavat nümayəndələri Lökbatanda aksiya keçirmək niyyətində deyillər.

Cənab Aslanlı iddia edib ki, Bakı Şəhər Baş Polis idarəsində ona xəbərdarlıqla bağlı məktubu imzalatmaq istəsələr də, partiya təmsilçiləri bundan imtina ediblər.

"Polisdə bizə dedilər ki, razlaşdırılmamış askiyaya çıxmayın, əgər çıxacaqsınızsa, qanunun həbsə qədər bütün variantlarından istifadə olunacaq", Gülağa Aslanlı deyib.

Bundan əvvəl Daxili İşlər Nazirliyi Baş Prokurorluqla birgə müxalifətin keçirdiyi icazəsiz mitinq haqqında bəyanatında Azərbaycan qanunlarının pozulduğu qeyd olunmuşdu.

Bəyanatda müxalifətin Bakının mərkəzində keçirdiyi icazəsiz aksiyanın "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nümayişkəranə və kobud şəkildə pozduğu, hüquq-mühafizə orqanlarının qanunun tələblərinə uyğun tədbir gördükləri bildirilib.

Məlumatda deyilib ki, "istənilən qanunazidd əməllərin qarşısı qətiyyətlə alınacaq, hüquqazidd əməllər törətmiş şəxslər məsuliyyətə cəlb olunacaqlar".

Mustafa Hacıbəyli iddia edir ki, çağrılanlardan heç birinə rəsmi bildiriş göndərilməyib. Onlara telefonla zəng edilərək polis idarəsinə gəlməli olduqları deyilib.

Cənab Hacıbəyli polisdən idarəyə çağırış üçün rəsmi bildiriş göndərmələrini tələb edib.

"Çağırılanlara mitinqlə bağlı suallar verilib, sorğu-sual və hədələrə məruz qalıblar. Deyiblər ki, mitinqə getsəniz sizi həbs edəcəyik, cinayət işi açacağıq. Cahangir Əmirxanlını polis, evinə gələrək idarəyə aparıb, deyilib ki, piketdən bir gün əvvəl yenidən polis idarəsinə gəlin ki, biz sizin Bakıda olmadığınıza əmin olaq, əmin olaq ki, mitinqə getməmisiniz".

Müsavat Partiyası bu həftənin əvvəlində mitinq keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. İcra Hakimiyyəti onlara mitinqin Bakıdan 20 km uzaqlıqda yerləşən Lökbatan qəsəbəsində, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsini təklif etmişdi.

Müsavat Partiyası bu təkliflə razılaşmayaraq Bakı Şəhər İcra Hakimiyyətinə qurumun inzibati binasının qarşısında piket keçirmək üçün müraciət edib. İcra Hakimiyyəti "piketin keçirilməsini məqsədəuyğun saymadığını" bildirib.

Qurum qeyd edib ki, sözügedən ərazidə təhsil müəssisələrinin, piyadaların sıxlığının və intensivliyin olması nəzərə alınaraq orada toplantının keçirilməsi ictimai asayişin təmin edilməsi üçün çətinlik yaradacaq.

Bundan öncə Milli Şura oktyabrın 19-da Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında icazəli piketini keçirmişdi.

Mustafa Hacıbəyli deyir ki, "Bakı Şəhər İcra Hakimiyyəti bir ay əvvəl həmin ərazidə piket keçirilməsinə icazə verdiyi halda bu dəfə bizə əsas gətirib ki, yaxınlıqda ali təhsil müəssisələri var".

"Sual olunur, bu universitet burada bir ay əvvəl də var idi, bir ay əvvəl də orada nəqliyyatın və piyadaların sıx hərəkəti vardı. Nə üçün bir ay əvvəl orada piketin keçirilməsinə icazə verilə bilirdi, indi verilə bilmir? Tamamilə qanunsuz qərardır, ona görə də biz bu qanunsuz qərara əməl etməmək, öz hüquqlarımızı reallaşdırmaq üçün həmin gün piketimizi keçirtmək niyyətindəyik. Çalışırlar cəmiyyəti qorxutsunlar, amma bu, mümkün olmayacaq".

Bu barədə daha geniş